Məhkəmə qərarları › İş №2-1(118)-207/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-207/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-207/2021 09.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil Vəli oğlunun, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx xxxx 2020-ci il tarixli 42 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu Cavabdeh Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Başçısının xx xxxxxxxx 2019-cu il tarixli 66 nömrəli əmri ilə xx.xx.2019-cu il tarixdən RİHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, həmin tarixdən etibarən işlədiyi müddətdə öz vəzifəsinin öhdəsindən şərəflə gəlmiş, işə məsuliyyətlə yanaşaraq, heç bir pozuntuya yol verməmişdir. Buna baxmayaraq Cavabdeh Başçısı ona qarşı qərəzli münasibət göstərərək onu əsassız və qanunsuz olaraq tutduğu vəzifədən azad etmişdir. Bu qərəzli münasibətə səbəb isə qardaşı Xanlar Heybətovun Cavabdeh Başçısının müavini vəzifəsindən azad edilməsi olmuşdur. RİH Başçısı bundan sonra onu da vəzifəsindən azad etmək qərarına gəlmişdir. Belə ki, xx xxxx 2020-ci il tarixdə Quba RİHB aparatının şöbə müdiri İlham Quliyev, Təmiz Quba MKTB-nin rəisi Vüqar Əhmədli, Talabıqışlaq İƏD üzrə nümayəndə İddiaçı və Talabıqışlaq bələdiyyəsinin sədri Mahir Məmmədov tərəfindən qanunsuz və İcra Hakimiyyəti Başçısının əsassız göstərişi ilə akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, guya “Talabıqışlaq İƏD-i əhatə edən kəndlərdə “DOST” İş Mərkəzinin xətti ilə çalışan sosial işçilərin əmək intizamı yoxlanılarkən müəyyən olunmuşdur ki, işçilərdən iki nəfəri İcra Nümayəndəsinin bacısı və qardaşı, bir nəfər yeznəsi və bir nəfər əmisi oğludur. Bundan başqa dörd nəfər işçi 2 ailəni təmsil edir. Bununla bağlı İƏD-i üzrə nümayəndəyə əvvəllər irad bildirilmişdir. Bunlar aşağıdakılardır: Ömərova Simuzər Nizam qızı (bacısı); Ömərov İlyas Ömər oğlu (yeznəsi); X6 (qardaşı); X3 (əmisi oğlu); Əsədov Şənhəyat Şövkət oğlu (ər); X15 (arvad); X8 (ər); X4 (arvad). X1 ümumiyyətlə işə çıxmır”. Halbuki, aktda göstərilənlərin heç biri həqiqəti əks etdirmir. Əvvəla, akt birtərəfli qaydada tərtib edilmişdir, buna görə də əsaslı hesab edilə bilməz. Bundan əlavə, aktda göstərilən şəxslər - bacı, qardaşı və digər şəxslər ondan daha öncə 6 ay əvvəl vəzifəyə təyin edilmişdirlər. Həmin şəxsləri o işə götürməmiş, onlar DOST X22 ilə Cavabdeh tərəfindən işə götürülüb. Bundan əlavə, onlar işlərini vicdanla yerinə yetiriblər və əmək haqlarını da özləri alıblar. Həmin aktda göstərilən işçilər onun işçiləri deyildirlər. Onların ona heç bir tabeçiliyi belə olmamışdır. Onlardan bəzisi onun qohumu olsa da eyni kənddə yaşadığı üçün indidən bir neçə ay əvvəl işə götürülüblər. Bacısı Simuzər Ömərova özünün 1-ci qrup əlil övladı Ömərov Amətə xidmət, qulluq etdiyinə görə işə götürülüb. Digərləri də ondan əvvəl kənddə müxtəlif işə götürülüblər və işləyirlər. Onlara əmək haqqını da DOST İş Mərkəzi ödəyir. Aktda adı çəkilən Aslanov Qurban da yalnız xx.xx.2020-ci ildə bir günlük uşağını Quba şəhər Xəstəxanasına müalicəyə apardığı üçün işdə olmamışdır, ümumiyyətlə, onlar onun işçiləri olmadığına görə onun onlara hər hansı göstəriş vermək səlahiyyəti olmayıb. Onlar onun tərəfindən işə qəbul edilməmiş və ya hər hansı güzəştlər tətbiq edilməmişdir, onların əmək haqqı kartlarını mənimsəməmişdir. Aktda və xx.xx.2020ci il tarixli əmrdə yazılanlar yalandır və şərdir. Bununla əlaqədar. Quba Rayon Prokurorluğunda da araşdırma aparılmış, aktda adı çəkilən şəxslərin izahatları alınmış, tərəfindən hər hansı pozuntuya yol verilmədiyi aşkar olunmuşdur. Cavabdeh Başçısının xx xxxx 2020-ci il tarixli, 42 nömrəli əmri ilə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi İddiaçı xx xxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin əsaslandırma hissəsində göstərilmişdir ki, guya “Rayon İcra Hakimiyyəti Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi İddiaçı tərəfindən cənab Prezidentin göstərişi ilə aztəminatlı şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün təşkil edimiş iş yerləri ilə bağlı DOST İş Mərkəzinin xətti ilə Talabıqışlaq kənd İƏD üzrə nümayəndəliyin ərazisində çalışan şəxslərin bir qisminin əməkhaqqı kartlarının mənimsənilməsi faktları aşkar edilmişdir". Hesab edir ki, sözügedən əmr tamamilə əsassızdır və qanunsuzdur. Qeyd olunur ki, əmr ona təqdim olunarkən əmrə etirazının olduğunu imza atmaqla yazılı surətdə bildirmişdir. Cavabdeh tərəfindən “Dövlət qulluğu haqqında” xx xxxx 2000-ci il tarixli, 926- İQ-li AR Qanununun 25.3-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılmalı olduğu halda, iş materiallarında hər hansı əmr qəbul edilməmişdir. Ondan hər hansı izahat da alınmamışdır. Lakin göstərilən səlahiyyətdən yerli icra hakimiyyəti başçısı sui-istifadə etməməli, qanunvericiliyin tələblərini rəhbər tutmalı, heç bir əsas olmadan işçiləri tutduğu vəzifədən azad etməməlidir. Bütün bu tələblər cavabdeh tərəfindən pozulmuşdur, pandemiya şəraitində yaşadığımız dövrdə onu qanunsuz olaraq işdən azad etməklə ona külli miqdarda ziyan vurmuşdur. Hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh Başçısının xx xxxx 2020-ci il tarixli, 42 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəllər tutduğu Cavabdeh Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməli və işburaxma dövrü üçün itirilmiş əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı və onun nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddiasını onunla əsaslandırmağa çalışmışdır ki, guya o, qərəzli olaraq tutduğu vəzifəsindən azad edilmişdir. Belə ki, onun qardaşı əvvəllər RİH başçısının müavini olmuş, sonradan vəzifəsindən azad edilmiş və nəticədə ona qarşı belə bir münasibət yaranmışdır. O, icra nümayəndəsi işələdiyi dövrdə vəzifəsindən sui-istifadə edərək öz şəxsi maraqları naminə yaxın qohumlarını müvafiq işlərlə təmin etsə də, faktiki olaraq həmin şəxslər təhkim olunan işlərdə fəaliyyət göstərməmiş, maddi təminata ehtiyacı olan aztəminatlı bir neçə ailə bu prosesdən kənarda qalmışlar. Halbuki o, qeyd olunan faktları əsaslı hesab etmir və həmin şəxsləri işə götürmədiyini bildirir. Buna görə də əmrin əsassız olduğunu sübut etməyə çalışır. Məlumat üçün bildiririk ki, İddiaçı Quba RİH başçısının xx xxxxxxxx 2019-cu il tarixli, 66 nömrəli əmri ilə RİHB-nin Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. O, əmək fəaliyyətini dövlət qulluqçusu kimi Azərbaycan Respublikasının Konstitusiyasına, “Dövlət qulluğu haqqında” Qanuna, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və digər qanunlara uyğun həyata keçirməli olsa da və Rayon İcra Hakimiyyətinin başçısının göstərişlərinə əməl etmək vəzifəsi daşısa da, bu öhdəliklərinə və vəzifələrinə riayət etməyərək, hazırki həssas dövrdə qulluq vəzifəsindən sui- istifadə edərək özü və yaxın qohumları üçün imtiyazlar əldə etmişdir. Belə ki, o, öz şəxsi maraqları naminə yaxın qohumlarını (bacısı - Ömərova Simuzər Nizam qızı, qardaşı - X6, yeznəsi - Ömərov İlyas Ömər oğlu, əmisi oğlu - X3) müvafiq işlərlə təmin etsədə faktiki olaraq həmin şəxslər təhkim olunan işlərdə fəaliyyət göstərməmiş, bu işlərə isə həqiqətən ehtiyacı olan aztəminatlı ailələr bu prosesdən kənarda qalmışlar. Eyni zamanda, dörd nəfər (ər Əsədov Şənhəyat Şövkət oğlu, arvad X15, ər X7 və arvad X5) işçinin iki ailəni təmsil etdikləri məlum olmuşdur. Adları qeyd olunan şəxslərinin əksəriyyətində isə əməkhaqqı kartlarının olmadığı aşkarlanmış, həmin kartların başqa şəxslərdə olduğu bildirilmişdir. Göstərilən iş yerləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin mərkəzində insan amilinin dayanması, vətəndaşlarımızın sosial vəziyyətinin gündən-günə yaxşılaşması, ölkənin iqtisadi potensialının gücləndirilməsi və vətəndaşların sosial rifahının yüksəldilməsi məqsədilə ölkə başçısının sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST İş Mərkəzi” vasitəsilə həyata keçirilsə də, qeyd olunan işçilərin seçilməsi prosesi icra nümayəndələrinin səlahiyyətinə buraxılmışdır. Belə ki, ərazinin və orada yaşayan əhalinin sosial-iqtisadi kateqoriyası və vəziyyəti barədə icra nümayəndələri birbaşa məlumatlı şəxslərdir və bunanla əlaqədar icra başçısı tərəfindən onlara birbaşa göstəriş verilmişdir. Ona görə də, iddiaçının belə bir səlahiyyətinin olmaması barədə irəli sürdüyü fikir əsassızdır. Həmçinin İddiaçı xx xxxx 2020-ci il tarixində verdiyi izahatında özü etiraf etmişdir ki, “DOST iş Mərkəzi” vasitəsilə işə qəbul edilən işçilər arasında yaxın qohumları və üç ailənin iki üzvü təmsil olunur. Karantin rejimi bitdikdən sonra həmin işçilərin yerinə yenilərinin götürülməsi təmin ediləcəkdir. Göstərilən halları müəyyən edən aktı da, İddiaçı öz imzası ilə təsdiq etmişdir. Qeyd olunanlara əsasən İddiaçı Quba RİH başçısının xx xxxx 2020-ci il tarixli, 42 nömrəli əmri ilə vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Aşkar edilmiş nöqsanların ciddiliyi nəzərə alınaraq İddiaçı qanunsuz əməlləri barədə müvafiq məlumatlar Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanının 1-ci bəndinin tələblərinə uyğun olaraq baxılması üçün rayon prokurorluğuna göndərilmişdir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi korrupsiya hüquqpozması hesab edilir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifəsidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən dövlət qulluqçusu rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməlidirlər. Onlar başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidirlər. Göstərilənlərə əsasən hesab edirik ki, iddiaçının əmrin ləğv edilməsilə əlaqədar irəli sürdüyü sübutlar formal xarakter daşıyır və heç bir hüquqi əsası yoxdur. Rayon İcra Hakimiyyəti olaraq pandemiya dövründə əhalinin aztəminatlı, həssas təbəqəsinə dövlət tərəfindən ayrılmış yardımların təyinatı üzrə çatdırılması, açılmış iş yerlərinə həqiqətən ehtiyacı olan şəxslərin yerləşdirilməsi, əməkhaqqı kartlarının birbaşa əmək müqaviləsi bağlanmış şəxslərə verilməsi barədə icra nümayəndələri ilə aparılmış söhbətlərə, onlara verilmiş göstərişlərə böyük ölçüdə riayət edilsə də, bir neçə nümayəndəlikdə, habelə RİHB-nın Talabıqışlaq kənd İƏD üzrə nümayəndəliyində aşkar edilmiş yuxarıda qeyd olunan ciddi nöqsanlara dərhal reaksiya verilmiş və həmin mənfi halların ciddiliyi nəzərə alınaraq vəzifəli şəxs işindən azad edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı Cavabdehnə qarşı “işə bərpa və iş buraxma dövrü üçün itirilmiş əməkhaqqının cavabdehdən tutulması” tələbinə dair iddiasını əsassız hesab edirik və iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştrak edən şahid Ömərov İlyas Ömər oğlu ifadə verərək bildirdi ki, o işə qəbul olandan sonra İddiaçı işə qəbul olmuşdur. Eyni zamanda əməkhaqqı kartı da özündə olub, heç bir şəxsə verməmişdir. Prosesdə iştrak edən digər şahidlər X6 və X7 da eyniməzmunlu ifadə verərək, onların əməkhaqqı kartlarını heç bir şəxs almamış və “DOST iş Mərkəzi” vasitəsilə işə qəbul olunub, işləmişlər. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli 2157/1 nömrəli etirazı, Quba Rayon İHB-nın xx.xx.2019-cu il tarixli, 66 nömrəli əmrin notarial qaydada təsdiqlənmiş surəti, Quba Rayon İHB-nın xx.xx.2020-ci il tarixli, -42 nömrəli əmrin notarial qaydada təsdiqlənmiş surəti, ******* nömrəli Əmək kitabçasının surəti, Quba rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli, 511xid-20 nömrəli məktubu,Əmək və X12 Nazirliyi Dayanıqlıvə Operativ Sosial Təminat Agentliyi DOST İŞ MƏRKƏZİnin xx xxxxxx 2020-ci il tarixli **********8 saylı məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq, şahidlərin ifadələrinin dinləyərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqanın imtinasını aldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət etmişdir və iddianı mümkünsüz edən digər hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Cavabdeh başçısının xx xxxxxxxx 2019-cu il tarixli 66 saylı əmri ilə İddiaçı Cavabdeh Başçısının Talıbqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilmişdir. İşlədiyi müddət ərzində İddiaçı iş fəaliyyəti ilə bağlı hər hansı intizam məsuliyyətinə cəlb edilməyib. xx xxxx 2020-ci ildə Cavabdeh nümayəndələri tərəfindən Talıbqışlaq kənd İƏD-ni əhatə edən kəndlərdə “Dost” iş Mərkəzinin xətti ilə çalışan şəxslərin əmək intizamının müəyyən edilməsi ilə bağlı yoxlama keçirilmiş və həmin işçilərin hamısın İddiaçı qohumları olması müəyyən edilmişdir. Cavabdeh Başçısının xx xxxx 2020-ci il tarixli 42 saylı əmri ilə İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrin əsaslandırma hissəsində İddiaçı vəzifədən azad edilməsinə səbəb kimi onun “Dost” iş Mərkəzinin xətti ilə Talıbqışlaq kənd İƏD üzrə nümayəndəliyinin ərazisində çalışan şəxslərin bir qisminin əmək haqqı kartlarının mənimsənilməsi göstərilmişdir. İddiaçı əməllərində cinayət əlamətlərinin olub-olmamasını müəyyən etmək məqsədi ilə Cavabdeh Başçısı xx xxxx 2020-ci ildə 1445/1 saylı məktubla Quba rayon prokurorluğuna müraciət etmişdir. Quba rayon prokurorluğunda qeyd olunan məsələnin araşdırılması məqsədi ilə 89C-20 saylı material açılmış və Talıbqışlaq kənd İƏD-ni əhatə edən kəndlərdə “Dost” iş Mərkəzinin xətti ilə çalışan şəxslərin izahatları alınmışdır. Araşdırma nəticəsində həmin şəsxlərin İddiaçı tərəfndən işlə təmin olunmaması, onların Şahin Hebətovun tutduğu vəzifəyə qədər həmin ərazidə “Dost” iş Mərkəzi tərəfindən işlə təmin olunması və əmək haqlarının özləri tərəfindən alınması müəyyən edilmişdir. Qeyd olunanlara əsasəsn 89C-20 saylı material üzrə cinayət hadisəsinin olmaması səbəbindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci ildə qərar qəbul edilmişdir. Həmin qərar Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasinin Qanunu 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.Həmin Qanunun 14.2-ci maddəsinə əsasən inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 3) həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 4) daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 5) ixtisas dərəcəsinin bir pillə aşağı salınması;6) dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Həmin Qanunun 25.9-cu maddəsinə əsasən dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. Həmin Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Yuxarıda sadalanan maddi hüquq normalarından bəlli olur ki, dövlət qulluqcusunun tutduğu vəzifədən azad olunması üçün bir sıra kriteriyalar mövcuddur. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasinin Qanunu 25.1-ci maddəsinə əsasən dövlət qulluçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Həmin Qanunun 25.2-ci maddəsində intizam məsuliyyətlərin növləri göstərilib və onların arasında ən ağırı dövlət qulluçusunun işdən azad olunmasıdır. Dövlət qulluqçusu vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya Qanunda nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tutduğu vəzifədən azad oluna bilər. Qanunun tələbinə görə kobud pozuntu deyilərkən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi hesab edilir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı işlədiyi müddət ərzində vəzifəsində yol verdiyi nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilməyib və vəzifəsinin icrası zamanı kobud səhvlərə yol verməyib. Bundan başqa iddiaçının işdən azad olunmasına göstərilən əsas, yəni İddiaçı tərəfindən başqa şəxslərin əmək haqqı kartlarının mənimsənilməsi faktı da məhkəmədə öz təsdiqini tapmamışdır. Belə olduğu tədqirdə İddiaçı işdən azad olunması qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini, yəni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. (İPM-14.1). Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx xxxx 2020-ci il tarixli 42 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu Cavabdeh Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası əsaslıdır və təmin olunmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı Cavabdehnə qarşı Cavabdeh Başçısının xx xxxx 2020-ci il tarixli 42 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu Cavabdeh Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar