Məhkəmə qərarları › İş №2-1(118)-207/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-207/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-207/2023 29.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “xx.xx.2001-ci il tarixli, 8702 saylı müqaviləyə əsasən iddiaçının qanuni istifadəsində olan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən, 0.11 ha ölçüdə olan 3886b saylı bağ torpaq sahəsinin iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Saray massivində yerləşən B-3886b saylı bağ torpaq sahəsinin X14 oqlunun və 3886 b saylı bağ torpaq sahəsinin iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “xx.xx.2001-ci il tarixli, 8702 saylı müqaviləyə əsasən iddiaçının qanuni istifadəsində olan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən, 0.11 ha ölçüdə olan 3886b saylı bağ torpaq sahəsinin iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1566/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il tarixli, 8702 saylı müqaviləyə əsasən həmin ərazidə yerləşən 3886 b saylı bağ torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Yuxarıda göstərilən torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etməsinə baxmayaraq cavabdeh orqan xx.xx.2022-ci il tarixli, **********49 və **********51 saylı bildirişlərlə cavab verərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad edərək mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmiş və imtinanın əsası kimi iddiaçının qanuni istifadəsində olan torpaq sahələrinin başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşməsi ilə əlaqələndirmişdir. Hesab edir ki, cavabdeh orqanın qanuni istifadəsində olan bağ torpaq sahələrinin mülkiyyət hüququ əsasında qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsindən imtinası əsassız və qanunsuzdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi həmçinin vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi həmçinin vəkili gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Mirzəyev Tofiq Gülməli oğlu Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886B ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixi ərizələr ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** və ********** nömrələri ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixli ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı idarənin mütəxəssisləri tərəfindən Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886B ünvanda yerləşən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi vətəndaş X2 adına qeydiyyata alınmış **********75 reyestr nömrəli və vətəndaş X4 adına qeydiyyata alınmış 309013Q02276 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşür və 0.0042 ha zəbt torpaq sahəsi mövcuddur. Həmçinin xx.xx.2022-ci il tarixli ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı idarənin mütəxəssisləri tərəfindən Sumqayıt şəhəri, Saray bağlar massivi, B- 3886 ünvanda yerləşən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub- olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi vətəndaş X3 adına qeydiyyata alınmış **********77 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür və 0.0042 ha zəbt torpaq sahəsi mövcuddur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Bundan əlavə, müraciətə torpaq sahəsinin yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması nəticəsində aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunur 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 8702 saylı, 17 may 2001-ci il tarixli müqavilədən görünür ki, Sumqayıt şəhəri, Saray qəsəbəsində yerləşən 3886b saylı torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. - Məhkəməyə sorğu əsasında təqdim edilmiş AN-İ № ******* saylı, 30 avqust 2017ci il tarixli 4Ə3/287 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 3886 saylı bağ sahəsinin 600 kv.m hissəsi satıcı X10 tərəfindən alıcı X1. - Məhkəməyə sorğu əsasında təqdim edilmiş MH seriyalı, ******* saylı, xx.xx.2007ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 3886b saylı bağ sahəsinin 0.06 ha hissəsi üzərində X4 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - Məhkəməyə sorğu əsasında təqdim edilmiş AN-İ № ******* saylı, 30 avqust 2017ci il tarixli, 4Ə3/285 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 3886 saylı bağ sahəsinin 600 kv.m hissəsi satıcı X10 tərəfindən alıcı X1. - Məhkəməyə sorğu əsasında təqdim edilmiş MH seriyalı, ******* saylı, xx.xx.2007ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 3886A saylı bağ sahəsinin 0.06 ha hissəsi üzərində X4 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - Məhkəmənin yerli baxış protokolu və iştirak etmiş mütəxəssis tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 8702 saylı, 17 may 2001-ci il tarixli müqavilə ilə İddiaçı icarəsinə verilmiş ünvan 3 ünvanı qonşu torpaq sahələrinin sıra ardıcıllığına uyğun gəlir; X6 və X7 məxsus olan torpaq sahələrinin faktiki (naturada) koordinatları müəyyən edildi, torpaq sahələrinin plan və ölçü sənədlərindəki koordinatlarla faktiki koordinatlar üst-üstə düşür, X2 və X4 faktiki istifadə etdiyi torpaq sahəsi arasında 193 metr məsafə vardır; arxiv sənədlərinə nəzər saldıqda torpaq sahələrinin ünvanlarının eyni (Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən 3886b) qeyd olunduğu məlum olmuşdur; İddiaçı ümumi istifadəsində olan 0.22 ha torpaq sahəsinə dair 8701 saylı, xx.xx.2001-ci il tarixli və 8702 saylı, xx.xx.2001-ci il tarixli icarə müqavilələri mövcuddur; 8701 saylı, xx.xx.2001-ci il tarixli icarə müqaviləsi İddiaçı və 8702 saylı, xx.xx.2001-ci il tarixli icarə müqaviləsi isə X11 adınadır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının Sumqayıt şəhəri, Saray Bağlar massivində yerləşən 3886b saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqyaıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, Saray qəsəbəsində yerləşən 3886b saylı bağ sahəsi “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 8702 saylı, 17 may 2001-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı ayrılmışdır. İddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədi əsasında Sumqayıt şəhəri, Saray qəsəbəsində yerləşən 3886b saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan özünün xx.xx.2022-ci il tarixli imtina məktubu ilə iddiaçının Sumqayıt şəhəri, Saray Bağlar massivində yerləşən 3886b saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqanin iddiaçının müraciətindən imtina edilməsinin əsası kimi qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin vətəndaş X2 adına qeydiyyata alınmış **********75 reyestr nömrəli və vətəndaş X4 adına qeydiyyata alınmış **********76 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşməsini və 0.0042 ha zəbt torpaq sahəsinin mövcud olmasını qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan - Sumqayıt şəhəri, Saray qəsəbəsində yerləşən 3886b saylı bağ sahəsi “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 8702 saylı, 17 may 2001-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı ayrılmışdır. Torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya ayrılmışdır və bununla bağlı hər hansı qanunsuzluq müəyyən edilməmişdir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Məhkəmə tərəfindən cavabdehin qeyd edilən dəlilinin araşdırılması üçün mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı iddiaçıya məxsus Sumqayıt şəhəri, Saray qəsəbəsində yerləşən 3886b saylı bağ sahəsinin X2 və X4 mülkiyyətində olan torpaq sahələri arasında 193 metr məsafə olduğu və iddiaçının torpaq sahəsinin qeyd edillən şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Məhkəmə tərəfindən inzibati işin araşdırılması üçün zəruri olan sualların cavablandırılması üçün mütəxəssis rəyinin verilməsi məqsdilə cavabdeh orqana sorğu ünvanlanmışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən müəyyən edilir ki, Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 8702 saylı, 17 may 2001-ci il tarixli müqavilə ilə İddiaçı icarəsinə verilmiş ünvan 3 ünvanı qonşu torpaq sahələrinin sıra ardıcıllığına uyğun gəlir; X6 və X7 məxsus olan torpaq sahələrinin faktiki (naturada) koordinatları müəyyən edildi, torpaq sahələrinin plan və ölçü sənədlərindəki koordinatlarla faktiki koordinatlar üst-üstə düşür, X2 və X4 faktiki istifadə etdiyi torpaq sahəsi arasında 193 metr məsafə vardır; arxiv sənədlərinə nəzər saldıqda torpaq sahələrinin ünvanlarının eyni (Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən 3886b) qeyd olunduğu məlum olmuşdur; İddiaçı ümumi istifadəsində olan 0.22 ha torpaq sahəsinə dair 8701 saylı, xx.xx.2001-ci il tarixli və 8702 saylı, xx.xx.2001-ci il tarixli icarə müqavilələri mövcuddur; 8701 saylı, xx.xx.2001-ci il tarixli icarə müqaviləsi İddiaçı və 8702 saylı, xx.xx.2001-ci il tarixli icarə müqaviləsi isə X11 adınadır. Göründüyü kimi həm cavabdeh orqanın mütəxəssisləri tərəfindən, həm də məhkəmə tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilmiş və cavabdeh orqanın imtinasının əsası kimi göstərdiyi dəlilin əsassız olduğu müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2001ci il tarixli, 8702 saylı müqaviləyə əsasən İddiaçı qanuni istifadəsində olan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən, 0.11 ha ölçüdə olan 3886b saylı bağ torpaq sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. xx.xx.2001-ci il tarixli, 8702 saylı müqaviləyə əsasən İddiaçı qanuni istifadəsində olan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən, 0.11 ha ölçüdə olan 3886b saylı bağ torpaq sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar