Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2070/2024 16.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, vəzifəyə bərpa olunmağı, əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işin mümkünlük məsələsinə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 aprel 2019-cu il tarixli, 0291 saylı ƏMRİ-ndən çıxarışdan görünür ki, (Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan (703 nömrəli hərbi hissənin motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının sabiq komandiri) baş leytenant İddiaçı 3 may 2017-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Sənədləri qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndərilmişdir. Rəis olmaqla tamahkarlıq məqsədilə müntəzəm olaraq öz qulluq mövqeyindən sui-istifadə etdiyinə, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla öz tabeliyində olan şəxsi döydüyünə, habelə qanunsuz olaraq döyüş sursatını əldə edərək daşıdığına və saxladığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci, 331.3-cü və 341.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əsas: Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-cı il tarixli 1(093)-152/2018 nömrəli hökmü.
2. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 5 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı həyata keçirilən cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə hissəvi xitam verilmişdir.
3. 26 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, Əsədov X3 Respublikasının Müdafiə Nazirliyinə qanunsuz inzibati aktın ləğv edilməsi və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə əlaqədar müraciət etmişdir.
Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş sənədlər:
4. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 15 aprel 2019-cu il tarixli, 0291 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158ci maddəsinin “a” bəndinə (törətdiyi ciyanətə görə azadlıqdan məhrum olunduğuna görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan (703 nömrəli hərbi hissənin motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının sabiq komandiri) baş leytenant İddiaçı 3 may 2017-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
İddia ərizəsinin dəlilləri:
5. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının “törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu” üçün ehtiyyata buraxılması ilə bağlı 3 iyul 2017-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının ehtiyyata buraxılarkən olduğu vəzifədən aşağı olmayan vəzifə təmin ediməklə həqiqi hərbi xidmətə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 8 sentyabr 1989-cu il tarixdə Şabran (keçmis Siyəzən) rayonunda anadan olmuşdur. 2008-ci ilin avqustun 8-də Heydər Əliyev adina Ali Hərbi məktəbinə qəbul olunmuş və 45 gün ərzində Ələt poliqonunda təlim keçdikdən sonra təhsilini davam etdirmək üçün, Bakı şəhərinə qayıtmışdır. 2012-ci ilin iyunun 26-da həmin Ali Hərbi Məktəbin Qoşun Kəşfiyyatı ixtisası üzrə ali təhsilini bitirib leytenant rütbəsində bu məktəbdən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə dinləyici kursant kimi göndərilmiş, burada həftədə iki dəfə təlimlərə getmiş və ixtisası üzrə poliqon və sinif dərsləri almışdır. Bir il ərzində keçdiyi kursu bitirdikdən sonra hərbi xidmətini davam etdirmək üçün, Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissayə göndərilmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı, 24 iyun 2015-ci il tarixdə isə baş leytenant rütbəsi ilə təltif edilmişdir. 2016-cı ilin aprel döyüşlərində fəal iştirakçısı olmuşdur. İddiaçı hazırda “Tərtər hadisələri” kimi tanınan iş çərçivəsində 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tağım komandiri vəzifəsində, baş leytenant rütbəsində olarkən dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, sorğu-suala cəlb edilmiş və bu zaman özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. İddiaçı 7 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsin 274-cu maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərar ilə barəsinə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 25 avqust 2017-ci il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən iddiaçının həbsdə saxlanılma müddəti 8 yanvar 2018-ci il tarixə qədər uzadılmışdır. İddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 331.3, 341.1 və 347ci maddələri ilə təqsirləndirilməsinə dair daha əvvəlcədən açılmış 19/309453 nömrəli cinayət Azərbaycan Respublikası onun barəsində dövlətə xəyanət ittihamı üzrə aparılan cinayət işinə birləşdirilməsi üçün Respublika Hərbi Prokurorluğuna göndərilmiş, 22 sentyabr 2017-ci il tarixdə cinayət işi birləşdirilərək bir icraatda istintaq davam etdirilmişdir. 20 dekabr 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin qərarı ilə iddiaçının həbsdə saxlanılma müddəti 3 iyun 2018-ci il tarixədək uzadılmışdır. 4 may 2018-ci il tarixdə cinayət işi üzrə iddiaçı barəsində CM-in 274 və 347-ci maddələri ila istintaq olunan hissəsinə CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmiş, həmin tarixdə iddiaçının əməli CM-in 228.1, 331.3 və 341.1-ci maddələrinə tövsif olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. 11 may 2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 22 iyun 2018-ci il tarixli hökmü ilə iddiaçı CM-in 228.1, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı 3 may 2017-ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ona təyin edilmiş cəzanı tam çəkdikdən sonra 3 noyabr 2018-ci il tarixdə azadlığa çıxmışdır. Həm iddiaçının, həm "Tərtər hadisələri” zamanı digər çoxsaylı zərərçəkmiş şəxslərin, həm də onların ailə üzvlərinin davamlı müraciət və etirazlarından sonra 17 dekabr 2021-ci il tarixdə 2017-ci ildə yol verilmiş cinayət əməllərinin və qanunsuzluqların yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra iddiaçı da istintaq orqanına ifadə vermiş, ona məlum olan bütün hallar, üzləşdiyi qanunsuzluqlar, elacə də hərbi xidmətdən ehtiyata buraxılması ila nəticələnmiş məhkumluğun əsassızlıq ilə bağlı məlumat vermişdir. - Nəticədə iddiaçının məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Bakı Hərbi Məhkəməsinin 22 iyun 2018ci il tarixli hökmü va məhkəmənin hazırlıq iclasının 31 may 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. - Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının 22 iyun 2022-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 331.3 və 341.1-ci maddələri ila təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. - 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Qasım Məmmədova həvalə edilmişdir. - İstintaqın nəticəsində 5 avqust 2022-ci il tarixli qərarla iddiaçının barəsində ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.12-ci maddəsinə əsasən xitam verilmisdir. - Beləliklə, iş üzrə iddiaçıya qarşı irəli sürülmüş ittihamlara əlaqədar Bakı Hərbi Məhkəməsinin ittihamedici hökmü ləğv edilmiş, onlara bəraətverici əsaslarla xitam verilmiş, bununla da iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. - Qeyd edilən xitam qərarı iddiaçıya 2022-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra o, 26 oktyabr 2022-ci il tarixdə cavabdehə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, itirilmiş vaxtın iş stajına daxil edilməsi və eyni zamanda məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir. - Göndərilmiş ərizəyə cavabdeh tərəfindən heç bir cavab verilməmiş, bununla da faktiki ərizədə qeyd edilən tələblərin yerinə yetirilməsindən imtina olunmușdur. - Hazırda iddiaçının ehtiyata buraxılması barədə əmr qanunsuz və əsassızdır, əmrin ləğv edilməsi, əvvəlki vəzifə və ya ona bərabər vəzifə olmaqla işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması va məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. - İddiaçı həm qanunsuz saxlanılıb ağır işgəncələrə məruz qaldığına görə, həm də əsassız və qanunsuz olaraq ehtiyata buraxıldığına görə mənəvi iztirab və sarsıntı keçirmiş, şərəf və ləyaqəti tapdalanmışdır
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin 9cu hissəsinə, 168-ci, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.3, 53-cü, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11, 24, 58.1, 67-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.12ci, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 8.1.3, 2.2.1, 32.1, 70-ci maddələrinə istinad olunmuşdur.
8. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
9. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
10. Həmçinin, iddiaçı məhkəməyə buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət edərək, iddia tələbinin dəlillərinə istinad edərək (§4-5) onunla əsaslandırmışdır ki, iddia ərizəsinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və İPM ilə inzibati aktın (əmrin) mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddət iddiaçının təqsiri olmadan buraxılmışdır. Müddəti buraxma iddiaçıdan aslı olmayan səbəbdən, faktiki olaraq müddətin buraxıldığı dövrdə bu qarşısı alınmaz hal nəticəsində baş vermişdir. Belə ki, iddiaçı 2017-ci ilin mayında hazırda “Tərtər işi” kimi tanınan hadisələr zamanı baş leytenant rütbəsində hərbi xidmətdə olarkən heç bir əsas və səbəb olmadan qanunsuz saxlanaraq sorğu-sual edilmiş, qeyri-insani fiziki və mənəvi işgəncələrə məruz qalmışdır. Bununla yanaşı, ilkin mərhələdə ona CM-in 274-cü, sonradan isə CM-in hərbi xidmət əleyhinə olan cinayət maddələri üzrə ittiham elan olunarag sonuncu maddələr üzrə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Beləliklə, əmrə səbəb olmuş əsaslar hüquqi cəhətdən yalnız 2022-ci ilin avqustunda aradan qaldırılmış, həmin qərardan şikayət verilmədiyi üçün, qanuni qüvvəyə minmiş və 2022-ci ilin oktyabr ayında iddiaçıya Baş Prokurorluğun İstintaq İdarasində əlbəəl təqdim olunmuşdur. Qərar iddiaçıya təqdim edildikdən dərhal sonra o, 26 oktyabr 2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, xidmət dövründə cinayət törətdiyi üçün azadlıqdan məhrum edildiyinə görə ehtiyata buraxılma haqqında əmrin ləğv edilməsi və əmr nəticəsində pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Cavabdeh isə məsələni qanunvericiliyə uyğun şəkildə araşdırıb müvafiq qərar qəbul etmək əvəzinə ərizəyə ümumiyyətlə heç bir cavab verməmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri:
11. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək, iddiaçının iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
12. Etirazın əsasları: - Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin 15 aprel 2019-cu il tarixli, 0291 nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə müvafiq olaraq iddiaçının 3 may 2017-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Qeyd olunan Müdafiə Nazirinin əmri Bakı Hərbi Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 1-(093)-152/2018 nömrəli hökmünün icrasını təmin etmək məqsədi ilə vermişdir. İnzibati iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi kiçik ədliyyə müşaviri X2 5 avqust 2022-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmə haqqında qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri H.Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Bakı Hərbi Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 1(093)-152/2018 nömrəli hökmü və məhkəmənin hazırlıq iclasının 31 may 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmış, Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının 22 iyun 2022-ci il tarixli qərarına əsasən iddiaçının CM-in 228.1, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən pozuntuların aradan qaldırılması üçün, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hərbi Prokurorluğuna qaytarılmış, 29 aprel 2022-ci il tarixdə cinayət işi Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. 5 avqust 2022-ci il tarixli, ********* nömrəli cinayət işinə dair qərarında görünür ki, iddiaçı ərizə ilə müraciət edərək törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmiş barəsində cinayət işi üzrə icraata həmin hissədə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etmiş, iddiaçının X1 döyməsi və ondan pul alması xüsusiyyətləri ilə bağlı barəsində istintaq olunan Cinayət Məcəlləsinin 329.1 və 341-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi öz təsdiqini tapdığını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən qeyd olunan cinayət işinə şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Q.Məmmədovun icraatında olan 5 avqust 2022-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından müəyyən olunur ki, iddiaçı barəsində olan cinayət işinin bir hissəsinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “CPM”) 39.1.2ci maddəsi ilə əməldə cinayət tərkibi olmadığına görə digər hissəsinə isə CPM-in 40.2-ci maddəsinə əsasən, şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir. CPM-in 40.2-ci maddəsinə əsasən, bəraətverici əsaslar olmadan cinayət işinə şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.
13. Etirazın maddi hüquqi əsası kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, prosessual hüquqi əsası kimi İPM-in 38, 47.2, 48.2-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
14. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında ərizəsini müdafiə edərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
16. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
17. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
18. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
19. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
21. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
22. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
23. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
24. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 12.1ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
25. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
26. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır (İPM-in 2.2.1-ci maddəsi). Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də mövcud olmalıdır. Bunlar: - İPM-in 35-ci maddəsinə əsasən, iddia qaldırmaq səlahiyyəti; - İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
28. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.
31. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
32. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 5 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə iddiaçının həyata keçirilən cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə hissəvi xitam verilmişdir. İddiaçı 3 iyul 2017-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının ehtiyyata buraxılarkən olduğu vəzifədən aşağı olmayan vəzifə təmin ediməklə həqiqi hərbi xidmətə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələb ilə 22 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
33. İPM-in: Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
35. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Hazırki halda isə aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır.
36. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
NƏTİCƏVİ HİSSƏ
37. Şərh edilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “iddiaçının “törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu” üçün ehtiyyata buraxılması ilə bağlı 3 iyul 2017-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının ehtiyyata buraxılarkən olduğu vəzifədən aşağı olmayan vəzifə təmin ediməklə həqiqi hərbi xidmətə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova