Məhkəmə qərarları › İş №2-1(118)-2073/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2073/2024

22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2073/2024 22.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 58 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixindən yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 58 yaşı tamam olduğu tarixdən yəni, xx.xx.2023-cü il tarixindən uşağa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “58 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1965-ci ildə anadan olmuşdur. xx.xx.2000-ci ildə anadan olmuş X5 iddiaçının oğludur. O, “Onurğanın anadangəlmə 4-cü dərəcəli “S”-vari skalyozu, ağrı sindromu ilə. Döş qəfəsinin qıfvari deformasiyası. Gövdənin əksə tərəfə kompensator deviyasiyası. 62 dərəcə qamətin pozulması. Qarışıq tipli mötədil ventelyasiya pozğunluğu” xəstəliyi ilə anadan olmuşdur. Həmin diaqnoz ilə dispanser qeydiyyatındadır. Qeyd edilənləri “Sumqayıt Tibb Mərkəzi X9 7 nömrəli Ailə Sağlamlıq Mərkəzi” tərəfindən xx.xx.2023-cü ildə verilmiş 69 saylı arayış təsdiq edir. Uşaq anadangəlmə qeyd olunan xəstəliyin daşıyıcısıdır. Həmin uşağı iddiaçı tərbiyə edib böyütmüşdür. Bunu 1 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 454 saylı arayışı təsdiq edir. Oğlu xəstə olmasına baxmayaraq savadsızlıq səbəbindən övladına vaxtında əlillik təyin etdirə bilməmişdir. X1 19 yaşı olanda yəni, xx.xx.2019-cu il tarixində müddətsiz İİİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçının xx.xx.2023-cü ildə 58 yaşı tamam olmuşdur. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Beləki, oğlu X5 anadangəlmə yuxarıda qeyd etdikləri xəstəliklərin daşıyıcısıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, hesab edirlər ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona əlilliyi olan uşaqa qulluğa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş elmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-7- 162940/2023 nömrəli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyqun olaraq əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən 01,07.2023-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra- müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti hesab edilir. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İddiaçı tərəfindən övladı N. Nəzərovun 18 yaşınadək əlilliyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmçinin, üzürlü səbəbdən əlilliyin müəyyən edilməməsi qanunvericiliklə tənzimlənməmişdir. Bu halda iddiaçıya əlilliyi olan uşağa qulluğa görə yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi konstitusion prinsiplərin pozulmasına səbəb ola bilər. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik altsistemində olan məlumatlara əsasən iddiaçının övladı X2 ilkin müayinə əsasında xx.xx.2019-cu il tarixindən (19 yaşında) müddətsiz İİİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda 150 manat məbləğində olmaqla ödənilməkdədir. Bu səbəbdən bildirirlər ki, iddiaçının övladı N.Nəzərovun 18 yaşınadək əlilliyi müəyyən edilmədiyindən iddiaçıya əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi sosial müavinətin təyin edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydalarının 2.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi. Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra - “DOST" mərkəzi) bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9-cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: Qanunun 8.2-ci maddəsinin tətbiqi zamanı bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq: uşaqların doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surəti: uşağın əlilliyinin müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış; ananın əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya əlilliyi olan uşağa qulluğa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin etiraza əlavə ərizəsində qeyd edilmişdir ki, Hesab edirik ki. İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyqun olaraq əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyqun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti hesab edilir. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər əlilliyi olan şəxslər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İddiaçı tərəfindən övladı N. Nəzərovun 18 yaşınadək əlilliyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmçinin, üzürlü səbəbdən əlilliyin müəyyən edilməməsi qanunvericiliklə tənzimlənməmişdir. Bu halda iddiaçıya əlilliyi olan uşaqa qulluğa görə sosial müavinətin təyin edilməsi konstitusion prinsiplərin pozulmasına səbəb ola bilər. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal DTSERA-ya göndərilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti DTSERA tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Eyni zamanda bildiririk ki, xx.xx.2021-ci il tarixli 356 nömrəli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş bu dəyişiklik 25 iyul 2021ci il tarixdən qüvvəyə minmişdir. Beləliklə, DTSERA tərəfindən əlillik müəyyən edildikdən sonra müvafiq ödəmələrin aparılması Fond tərəfindən həyata keçirilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik altsistemində olan məlumatlara əsasən iddiaçının övladı X2 ilkin müayinə əsasında xx.xx.2019-cu il tarixdən (19 yaşında) müddətsiz İİİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda 150 manat məbləğində olmaqla ödənilməkdədir. Bu səbəbdən bildirirlər ki, iddiaçının övladı N.Nəzərovun 18 yaşınadək əlilliyi müəyyən edilmədiyindən iddiaçıya əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi sosial müavinətin təyin edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya əlilliyi olan uşağa qulluğa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: iddiaçının sosial müavinətin təyin edilməsinə dair xx.xx.2023-cü il tarixli ərizəsi; cavabdehin iddiaçıya ünvanladığı 20 iyul 2023-cü il tarixli imtina məktubu; Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi 7 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 69 nömrəli, xx.xx.2023cü il tarixli arayışı; 454 saylı, xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayış və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırki inzibati iş öhdəliyin icrası haqqında idda növünə aidddir və iddiaçının yaşayış ünvanı ünvan 1hkəmə hesab edir ki, işə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçıya cavabdeh inzibati orqanın 20 iyul 2023-cü il tarixli məktubu ilə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. 5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər, həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla himayəsində əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara münasibətdə ona yaş həddinin 5 il azaldılmaqla yaşa görə sosial müavinət təyin edilməsini (xx.xx.2023-cüil tarixli ərizə) tələb edir. Cavabdeh inzibati orqan iddiaçının övladının əlilliyinin 19 yaşında təyin edilməsini əsas gətirərək iddiaçıya sosial müavinət təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən: 8.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 8.2. Bu Qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir. Məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi dəlilinin araşdırılması məqsədilə iddiaçının oğlu X2 əlilliyin təyin edilməsinə əsas olan xəstəliyin təsdiq edən sənədlərin, ona əlillik təyin edilərkən qoyulan diaqnozun anadangəlmə iddiaçıda olub-olmasının aydınlaşdırılması məqsədilə bütün məlumatların təqdim edilməsi üçün aidiyyatı üzrə İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinə sorğu ünvanlanmış, məhkəmə sorğusu əsasında X2 adına tərtib edilmiş 0773003AAB6G nömrəli göndəriş məhkəməyə təqdim edilmişdir. Sözügedən göndərişdə sonuncunun xəstəliyi anadangəlmə skolioz olduğu qeyd edilmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş göndərişdən X3 anadangəlmə skolioz xəstəliyinin olduğu müəyyən edilir. Eyni zamanda iş materiallarında olan X2 ambulator Tibbi Kitabçasından olan çıxarışdan müəyyən edilir ki, ona əlillik təyin edilərkən qoyulan skolioz diaqnozu onda anadangəlmə müşahidə edilir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi 7 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 69 nömrəli, xx.xx.2023-cü il tarixli arayışında xx.xx.2000-ci il təvəllüdlü X2 18 yaşa kimi 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində,’’Onurğanın anadanqəlmə 4-cü dərəcəli “S” -vari skaliozu, ağrı sindromu ilə. Döş qəfəsinin qıfvari deformasiyası. Gövdəsin əks tərəfə kompensator deviasiyası 62 dərəcə qamətin pozulması. Qarışıq tipli mötədil ventelyasiya pozğunluğu diaqnozu ilə dispanser qeydiyyatda olduğu qeyd edilmişdir. Məhkəmə vətəndaşa əlillik təyin edilərkən qoyulmuş diaqnozun anadangəlmə müşahidə edilməsinə baxmayaraq, ona xx.xx.2019-cu ildən yəni 18 yaşına çatdıqdan sonra əlillik təyin edildiyi üçün cavabdeh orqan tərəfindən imtina verilməsini yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, iddiaçının oğlu 18 yaşına çatana qədər əlilliyi müəyyən edilən şəxs kimi nəzərə alınmalıdır. Bu halda məhkəmə hesab edir ki, İddiaçı himayəsində 18 yaşına çatana qədər əlilliyi olan şəxs olduğu üçün ona yaş həddi 5 il azaldılmaqla, 58 yaşından yaşa görə sosial müavinət təyin edilməlidir. “Sosial Müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Həmin Qanunun 7-ci maddəsinə əsasən: 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 58 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixindən yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 58 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixindən yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar