Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2073/2025 22.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: müalicə xərclərinin ödənilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "2022-2023-cü illər üzrə müalicə xərcləri olan 1400 manat pulun ödənilməsi" tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin üzərinə iddiaçıya 2023-cü il üçün ödənilməmiş 300 manat dərman pulu, eləcə də Reabilitasiya mərkəzində 2022-2023-cü illər üçün müalicə xərcləri olan 1400 manat və dəymiş mənəvi zərərin əvəzi kimi 3000 manat, cəmi 4700 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(118)-2073/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(105)-632/2025 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(118)- 2073/2025 nömrəli qərardadı qismən, iddia tələbinin 2022-2023-cü illər üzrə müalicə xərcləri olan 1400 manat pulun ödənilməsinə dair hissəsində ləğv edilmiş və inzibati iş həmin hissədə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda tələbə "2022-2023-cü illər üzrə müalicə xərcləri olan 1400 manat pulun ödənilməsi" hissəsində baxılır. İddia onunla əsaslandırılmışdır ki, 2024-cü ilin may ayında eyni tələblə Sumqayıt İnzibati məhkəməsinə müraciət etmişdir. Cavabdeh kimi AR-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmişdir. Məhkəmə iclasında tövsiyə olundu ki, cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabiltasiya Agentliyini göstərməlidir. Məhkəmə iclas zalında ərizə ilə müraciət edərək ərizəni və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-l(118)-4633/2024 saylı qərardadında da bu barədə göstərilmişdir. Bununla bağlı həm Sosial Müdafiə Nazirliyinə, həm də Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyininə ərizə ilə müraciət etmiş, həmin idarələrdən də şablon cavablar verilmişdir, cavab məktubunda “142" Çağrı mərkəızinə" müraciət etməyi tövsiyə olunmuşdur. 1988-ci ildən əlildir, 2007-ci ildən isə 1-ci qrup, ömürlük Çernobıl əlilidir. Əlillik barədə sənədində göstərilib ki, "xəstəliyi Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır. Daim kənar şəxsin köməyinə ehtiyacı var". Bununla bağlı ildə birdəfəlik 300 manat dəva-dərman pulu verilirdi, eləcə də əlillərin reabiltasiya mərkəzində pulsuz müalicə alırdı. 2022-ci ilin oktyabr ayında Reabiltasiya mərkəzinə müraciət etdikdə dedilər ki, adı kompyüterdə qeydə alınmayıb. Bununla bağlı, 2022- ci ilin noyabr ayından başlayaraq, öz hüquqlarının bərpası ilə bağlı çoxsaylı müraciətlərindən sonra, 10 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin göndərdiyi sonuncu cavab məktubunda göstərildi ki, "əlillik məlumatlarının müvafiq elektron sistemə daxil edilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş müraciətinizə AR-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyində baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti AR-sı Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına" uyğun olaraq dövlət tibbi müəssəsisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində Sizə dair məlumat aşkarlanmamışdır. Qeyd edək ki, Sizə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyası tərəfindən verilən şəhadətnamə Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrində qeyd olunmadığından əlillik məlumatlarının "Əlillik" altsisteminə daxil edilməsi mümkün olmamışdır. Bununla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. Ona görə də, bununla bağlı AR-sı Müdafiə Nazirliyinə, bütün sənədlərin surətləri əlavə etməklə müraciət etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi Rasim Həsənovun ünvanladığı 30 noyabr 2023-cü il tarixli, 2160 saylı məktubunda göstərilir ki, “qeydiyyatda olduğunuz SHXÇDX rayon şöbəsinin MN MHHK-ya göndərişi, hərbi xidmətkeçmə haqqında arayışı və Ekspertiza Şurasının həkim-ekspert rəyi ilə müraciət etməyiniz məqsədəuyğundur”. Yenidən Müdafiə Nazirliyinə müraciət edərək, bir daha qeyd etdi ki, bütün sənədləri göndərmişdir, 952-ci ildə anadan olmaqla 71 yaşı var, müddətsiz ömürlük əlildir, daim kənar şəxsin köməyinə ehtiyacı var. Hərbi biletin surəti, əlilliyi barədə sənəd, Xəstəliyi ilə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını, il ərzində etdiyi müraciət və cavablar və s. ərizəsinə əlavə etmişdir, Müdafiə Nazirliyindən verilən cavabda da göstərilir ki, 9 vərəqədə sənədlər 1-ci ünvana, yeni MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildi. İddiaçıya əlillik MNnin MHHK-sı tərəfindən verilib, lazım gəlsə bununla bağlı bütün sənədlər arxivdə var, əlillik məlumatlarının elektron qaydada "Əlillik" altsisteminə daxil etmək də, iddiaçının yox, bilavasitə onların borcudur.. Hüquqlarının pozulması ilə bağlı iki ilə yaxın etdiyi müraciətlərindən sonra, nəhayət ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 23 fevral 2024-cü il tarixli, 236 saylı məktubu ilə cavab verilmişdir ki, “araşdırma nəticəsi kimi bildirirəm ki, Sizə MN Mərkəzi Hərbi Poliknikasının hərbi-həkim komissiyası tərəfindən verilmiş 106 nömrəli xx.xx.2007-ci il tarixli “xəstəlik haqqında şəhadətnamə” MN Hərbihəkim ekspertizası və tibbi şəhadətləndirmə alt sisteminin xxxxxxxX00001 reyestr nömrəsi İlə qeydiyyatdan keçmişdir. İki ilə yaxın müddət ərzində, kiminsə günahı üzündən, ildə, birdəfəlik verilən 300 manat dəva-dərman pulunu ala bilməmişdir, eləcə də əlillərin reabiltasiya mərkəzində pulsuz müalicə alırdı, müalicəni də ala bilməmişdir. Ona görə də səhhətində müəyyən problemlər yaranıb, müalicəsi ilə bağlı özəl xəstəxanalara müraciət etməli olmuş, eləcə də bu problemlə bağlı dəfələrlə Bakı şəhərinə gedib-gəlmiş, əsəb gərginliyi keçirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, işə iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi ziyanın dəyməsi barədə səbəb əlaqəni sübut edəcək hər hansı dəlil təqdim etməmişdir. Mənəvi ziyanla bağlı tələbin əsassızlığı ilə bağlı: Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Həmin Qərarın 8-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə sonuncunun üçüncü şəxs qismində iştirakına xitam verilmişdir . Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: НЗ seriyalı, ******* saylı hərbi biletin, 26 yanvar 2007-ci il tarixli xxxxxxxX00001 reyestr nömrəli xəstəlik haqqında şəhadətnamənin, əlillik vəsiqəsinin surətləri iş materiallarına əlavə edilmişdir. xx.xx.2007-ci il tarixli TSEK müayinəsinin qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən Çernobil AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar birinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. XR M000288 №li xx.xx.2024-cü il tarixli reabilitasiya kartasından çıxarış, xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışın surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 16 aprel 2025-ci il tarixli məktubu ilə inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən edilmiş yazılı icraat qaydasında hüquqi yardıma cavab olaraq iddiaçı tərəfindən XR M000288 №li xx.xx.2024-cü il tarixli Reabilitasiya kartasından çıxarışın, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli ambulator kitabçadan çıxarışların surəti, xx.xx.2025-ci il tarixli Spirometriya nəticəsinin surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi hazırda baxılan hissədə mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyinə əsasən: “işin hallarına görə iddiaçıya xx.xx.2007-ci il tarixdən müddətsiz əlillik təyin edilmiş, əlilliyi dayandırılmamış və ləğv eddilməmişdir. Buna baxmayaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində iddiaçının əlil olması barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Bu səbəbdən iddiaçı iki il ərzində dövlət hesabına müalicə kursundan istifadə edı bilməmişdir. Birinci instansiya məhkəməsi həmin tələbin mümkün sayılmaması barədə mövqeyini əsaslandırarkən iddiaçının müalicə xərcləri üçün ayrılan vəsaiti pul şəklində almaması barədə izahatına istnad etmişdir. Həmin vəsaitin ödənilməməsi səbəbindən iddiaçının öz hesabına müalicə almalı olduğunu qeyd etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddiaçıya hüquqi yardım göstərməklə həmin tələb üzrə cavabdehi dəqiq müəyyən etməkdə, 2022-2023-cü illərdə müalicə kursunu ala bilməməsi nəticəsində ona vurulmuş zərərə görə kompensasiyanın ödənilməsini tələb etmək hüququna malik olmasını izah etməli və araşdırmanı bu istiqamətdə aparmalı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.” İş məhkəmənin icraatına qayıtdıqdan sonra məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilməklə iddia tələbinin “2022-2023-cü illərdə müalicə kursunu ala bilməməyim nəticəsində vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi” şəklində dəqiqləşdirilməsi və vurulmuş zərərlə bağlı (çəkdiyi maddi xərclər, mənəvi zərər və s.) sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə tərəfindən edilmiş yazılı icraat qaydasında hüquqi yardıma cavab olaraq iddiaçı tərəfindən XR M000288 №li xx.xx.2024-cü il tarixli Reabilitasiya kartasından çıxarışın, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli ambulator kitabçadan çıxarışların surəti, xx.xx.2025-ci il tarixli Spirometriya nəticəsinin surəti məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçı vurulmuş zərərlə bağlı (çəkdiyi maddi xərclər, mənəvi zərər və s.) sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;
2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;
3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının müraciətlərinə cavabdeh inzibati orqan tərəfindən baxılmış, əlillik vəziyyətinin dəqiqləşdirilməsi və məlumatlarının elektron sistemə işlənməsi məqsədi ilə X5-sosial ekspert komissiyasının qəbul şöbəsinə yaxınlaşması tövsiyyə olunmuş, lakin müraciəti qeydə alınmamışdır. Hazırki halda cavadeh orqan tərəfindən hüquqazidd əməl nəticəsində iddiaçıya zərər, ziyan vurulması halı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova