Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2079/2024 31.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X10 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Siyəzən rayon Polis şöbəsinə qarşı “"Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrin”dən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X2 və X3 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, iddiaçıya məxsus ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X2 və X3 qeydiyyatdan çıxarılmaları üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 08 iyun 2023-cü il tarixli, 3-13-106/2-G-67xx/xx/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. X7 və X8 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur (əsas: “Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli “Çıxarış” əlavə edilir). Birinci dəfə “Yaşayış sahəsində faktiki yaşamayan və istifadə hüquqları mövcud olmayan şəxslərin mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ” tələbinin aşağıda qeyd edilən məzmunda faktiki halları əsasında Sumqayıt İnzibati Məhkəməsinə iddia irəli sürərək göstərmişdir ki, fərdi yaşayış evini X11 ilə bağlanan xx.xx.2015-ci il tarixdə AN-1 0513211N° №-H daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etmişdir (alqısatqı müqaviləsinin surəti əlavə edilir). Notariat kontorunda evin alqı- satqı barədə müqaviləsi bağlayarkən, nəyin ki, hazırda iş üzrə üçüncü şəxslər, heç evin satıcısı Eldar Güləliyev həmin ünvanda, yəni evdə pasport qeydiyyatında olmamışlar. Bu fakt, o dövrdə evin satıcısı tərəfindən Siyəzən Rayon İHB-nın Siyəzən şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilən və notariat kontoruna təqdim edilmiş arayışın qeydiyyatda olanlar barəsində məlumat hissəsində “bu ünvanda qeydiyyatda heç kim yoxdur" qeydi ilə də təsdiq edilir . Bununla da yuxarıda qeyd edilənlərlə müəyyən olunur ki, Xalidə və Xəyalə Güləliyevalar nəməlum səbəblərdən, habelə iddiaçının razılığı və xəbəri olmadan Şəhriyar küçəsi, ev 31A ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyata düşmüşlər və formal qeydiyyatda olduqları ünvandan qeydiyyatdan çıxmaları barədə dəfələrlə onlara müraciətlər etsə də əvvəllər müxtəlif bahanələr gətirərək qeydiyyatdan çıxmaqdan qəsdən boyım qaçırmışlar. Hazırda isə onların dəqiq yaşayış yerləri iddiaçıya məlum olmadığından onlarla əlaqə saxlaya bilmir. Habelə Siyəzən RPŞ tərəfindən rəsmi məktubla bildirmişdir ki, Xalidə və X6 şəhər, Şəhriyar küçəsi,ev 31A ünvanına 2010-cu il tarixdə formal qaydada qeydiyyata düşmüşlər. Beləliklə şərh edilənlərdən bir daha məlum olur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair alqı-satqı müqavilə bağlayarkən Siyəzən rayon polis şöbəsi tərəfindən verilən, "Yaşayış yer üzrə qeydiyyat haqqında’’ ******* nömrəli və xx.xx.2023-cü il tarixli ayrayışda adları qeyd edilən-X7 və X1 evdə qeydiyyatda olmamışlar. Odur ki, yuxarıda qeyd olunanları əsas tutaraq, formal qeydiyyatda olanların qeydiyyatdan çıxarlmalarına köməklik edilməsinə dair Siyəzən rayon Polis şöbəsinə yazlı olaraq müraciət etsə də tərəflərindən rəsmi imtina cavabı verərək, bildirilmişdir ki, adları qeyd edilən vətəndaşların qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət etməlidir". Beləliklə yuxarıda qeyd edilən məzmunda iddia ərizəsinə Sumqayıt inzibati Məhkəməsi (hakim İsmayıl Quliyev) “iddianı mümkün saymayaraq, iddiaçıya izah edilmişdir ki, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun itirlməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər” məzmunda özünün 2-1(118)-4020/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarını qəbul etmişdir. Bundan sonra Siyəzən rayon Məhkəməsinə X4 və X5 qarşı “fərdi yaşayış evinə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia irəli sürülmüş, Siyəzən rayon Məhkəməsi e-2(059)-538/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verərək, " İddiaçıya izah edilsin ki, o (iddiaçı), mübahisəli yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı adiyyəti üzrə inzibati orqana müraciət edərək, müraciət müsbət həll edilmədiyi təqdirdə isə adiyyəti üzrə inzibati Məhkəməyə müraciət etmək hüququna malikdir”, məzmunda qərara gəlmişdir. Bundan sonra təkrarən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları üçün Siyəzən RPŞ-yə Siyəzən rayon Məhkəməsinin e-2(059)-538/2023 nömrəli , xx.xx.2023-cü il tarixli qərardadı təqdim edilsə də, Siyəzən RPŞ ikinci dəfə də qeydiyyatdan çıxarılması barədə iddiaçının müracətini rədd edərək, mahiyyəti üzrə həll etməmişdir (Siyəzən RPŞ-nin ikinci imtina məktubu əlavə edilir). Hesab edir ki, cavabdeh inzibati orqanın, Siyəzən rayon Məhkəməsinin e-2(059)- 538/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı əsasında iddia üzrə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından ikici dəfə imtinası da qanunsuz olmuşdur. Ona görə ki, üçüncü şəxslər hazırda formal qeydiyyatda olduğları mənzildə heç bir vaxt yaşamamışlar və yaşamaları barəsində isə heç bir möhtəbər sənəd mövcud deyil.Hazırda isə qeyd olunduğu kimi X13 rayonunda (dəqiq ünvan məlum deyil), X12 Respublikasında yaşayırlar və onlarla heç bir formada ünsiyyət əlaqələri yoxdur. Habelə Siyəzən rayon Məhkəməsinin e-2(059)-538/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə təsdiq edilir ki, üçüncü şəxslərin ünvan 6 ünvanında mübahisəli yaşayış sahəsində faktiki yaşamırlar və istifadə hüquqları mövcud deyil. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Siyəzən rayon Məhkəməsinin e-2(059)-538/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı cavabdehlər X4 və X9 qarşı “fərdi yaşayış evinə yaşayış istifadə hüququnun itirilmiş hesab edilməsinə” dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmiş, iddiaçıya izah edilmişdir ki, mübahisəli yaşayış sahəsinə faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı aidiyyəti üzrə inzibati orqana müraciət etmək, müraciəti müsbət həll edilmədiyi təqdirdə isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X2 və X3 qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Siyəzən rayon Polis şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev