Məhkəmə qərarları › İş №2-1(118)-2079/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2079/2025

05.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2079/2025 05.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının pozulmasına görə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının pozulmasına görə əlilliyin təyin olunmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, 44 günlük müharibə iştirakçısıdır. Vətənin müdafiəsi zamanı döyüş əməliyyatlarını icra edərkən, bədənimin müxtəlif nahiyyələrindən güllə və qəlbə zədələri almışdır. Hazırda səhhətində ciddi pozuntular mövcuddur və bu hər gün bir az daha ağırlaşır. Hazırda başında kəskin ağrılarla yaşayır. Bədəninin müxtəlif nahiyələrində qalan qəlpələr möhkəm ağrılar verir. Səhhətində yaranmış problemləri aradan qaldırmaq üçün maddi rifahı əlverişli deyil. Elə ona görə də əlillik meyarının müəyyən edilməsi zərurəti yaranmışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Sözügedən qurum xx.xx.2024-cü il tarixində müraciətinə xx.xx.2024-cü il tarixində elektron qaydada imtina cavabı vermişdir. İmtina verilməsinin səbəbi isə göstərilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ödənilmədiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçı adına Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli H00197740MQN nömrəli Forma TQS №-088 göndərişdə qeyd edilmişdir... “Xəstəliyi xx.xx.2020-ci il tarixdə başlamış, gedişi xronikidir. xx.xx.2024- cü il tarixdə EEQ müayinəsi zamanı bütün çəkiliş boyu beta rİtm üstünlük təşkil edir. Hər hansı bir epiaktivlik rast gəlinmədi. TSEK-ə göndərilən zaman diaqnoz: XBT 10 kodu ilə: Əsas diaqnoz: Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması; Ağırlaşmalar: S06.0- Baş beyin silkələnməsi. Keçirilmiş qapalı kəllə-beyin travması; T06.0- Baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları.Baş beyin silkələnməsinin davamlı vegetativ damar davamazlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən postravmatik ensefalopatiya ilə nəticəsi; F48.0-Nevrasteniya Kəskin asteno-nevrotik sindrom; L91.0- Hipertrofık çapıq. Sol qaş, qaşüstü, sağ budun yuxarı l\3-nin, sol kürək nahiyəsinin bərkimiş dəri çapıqları. Sol kürək, sol dirsək nahiyəsinin yumşaq toxumasının yad cisimləri (metal qəlpələr); R51Baş ağrısı; Qiymətləndirmə nəticələrində qeyd edilmişdir... “Müayinə tarixi: 17.06. 2024-cü il; Akt nömrəsi: xxxxxxx000İ; Müvəqqəti əmək qabiliyyəti itirilməmişdir. Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması xx.xx.2020. Keçirilmiş qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsinin davamlı vegetativ damar davamazlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatİk ensefalopatiya ilə nəticəsi. Sol qaş, qaşüstü, sağ budun yuxarı l\3-nin, sol kürək nahiyəsinin bərkimiş dəri çapıqları. Sol kürək, sol dirsək nahiyəsinin yumşaq toxumasının yad cisimləri (metal qəlpələr). Asteno-nevrotik təzahürlər. Mərkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-l7-4/3-3- 4945/2024 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinədə olmuşdur. HHK-nın 1322 saylı şəhadətnaməsində qeyd olunmuş diaqnoz olduğu kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, baş ağrısı, əsəbilik, yuxunun və yaddaşın pozulmasından, üzünün sol yarısında keyimədən şikayətlənmişdir. Təqdim olunan sənədlər, şikayətlər və nevroloji müayinəyə əsasən praktik sağlam hesab edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1360 saylı məktubu ilə təqdim edilmiş T177/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1-3.İddiaçı əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli H00197740MQN saylı göndərişdə XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması; Ağırlaşmalar: S06.O-Baş beyin silkələnməsi. Keçirilmiş qapalı kəllə-beyin travması; T06.O-Baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları. Baş beyin silkələnməsinin davamlı vegetativ damar davamazhğı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi; F48.0-Nevrasteniya Kəskin asteno-nevrotik sindrom; L91.O- Hıpertrofik çapıq. Sol qaş, qaşüstü, sağ budun yuxarı l\3-nin, sol kürək nahiyəsinin bərkimiş dəri çapıqları. Sol kürək, sol dirsək nahiyəsinin yumşaq toxumasının yad cisimləri (metal qəlpələr); R51.-Baş ağrısı” diaqnoz ona stasionarda müayinələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsində baş ağrısı, əsəbilik, yuxunun və yaddaşın pozulması, üzünün sol yarısında keyimədən şikayətlənsə də rıevroloji müayinədə praktik sağlam hesab edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İmtina qərarının iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə cavabdeh sübut təqdim etməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1360 saylı məktubu ilə təqdim edilmiş T177/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1-3.İddiaçı əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli H00197740MQN saylı göndərişdə XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması; Ağırlaşmalar: S06.O-Baş beyin silkələnməsi. Keçirilmiş qapalı kəllə-beyin travması; T06.O-Baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları. Baş beyin silkələnməsinin davamlı vegetativ damar davamazlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi; F48.0-Nevrasteniya Kəskin asteno-nevrotik sindrom; L91.O- Hıpertrofik çapıq. Sol qaş, qaşüstü, sağ budun yuxarı 1\3-nin, sol kürək nahiyəsinin bərkimiş dəri çapıqları. Sol kürək, sol dirsək nahiyəsinin yumşaq toxumasının yad cisimləri (metal qəlpələr); R51.-Baş ağrısı” diaqnoz ona stasionarda müayinələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsində baş ağrısı, əsəbilik, yuxunun və yaddaşın pozulması, üzünün sol yarısında keyimədən şikayətlənsə də nevroloji müayinədə praktik sağlam hesab edilmişdir. Beləliklə, işin hallarından görünür ki, İddiaçı S06.0-Baş beyin silkələnməsi, keçirilmiş qapalı kəllə-beyin travması və T06.0-Baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamazlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi aşkar edilir. Məhkəmə qeyd edir ki, iddiaçıda müəyyən olunan xəstəliklər Əlilliyin müəyyən olunması meyarlarında XBT 10 kodu S06.0 və T06.0, bənd 6.1.6. “vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə” uyğun gəlir. Qeyd edilən diaqnoz orqanizm funksiyalarının 50-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin olunmasına əsas verir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən təyin edilməlidir. İş materiallarına əlavə edilmiş xəstəlik haqqında №1322 saylı şəhadətnamədən görünür ki, diaqnoz “Partlayış travması. Keçirilmiş kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi.(..)” səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olaraq qeyd edilmişdir. Bu halda iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 50-60 faiz pozulmasına görə iki il müddətinə əlillik təyin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 50-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar