Məhkəmə qərarları › İş №2-1(118)-2080/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2080/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2080/2024 09.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər XXX1, XXX1nin XXX2ı, XXX1nin XXX3na qarşı “hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, XXX1nin XXX3nın qərarlarının ləğv edilməsi, ekspertizanın təyin edilərək Zəfər altsisteminə yerləşdirilməsi” tələblərinə dair ərizəyə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər XXX1, XXX1nin XXX2ı, XXX1nin XXX3na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, cavabdeh XXX3nın qərarlarının ləğv edilməsi, ekspertizanın təyin edilərək Zəfər alt sisteminə yerləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən cavabdeh XXX1nin milli ordu sıralarında hərbi qulluqçu kimi N saylı hərbi hissədə xidmət göstərmiş, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət dövründə aldığı xəstəliklərlə əlaqədar dəfələrlə hərbi hospitallarda müayinə və müalicələr almış, lakin aldığı müalicələr nəticəsində sağalmamışdır. Müharibədən sonra reabilitasiya ilə bağlı 2020-ci ilin axırından dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, iddiaçını hospitala müalicəyə buraxmamışdırlar. Məzuniyyət götürüb hospitala gedib özünü qeydiyyata salmışdır. Daha sonra müayinə və müalicə üçün 19 may 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək hərbi hospitalda müalicə olunaraq, kafi vəziyətində ordan buraxılsa da, psixatriya və travmatoloqiya şöbəsindən yer olmadığına görə bir aydan sonra əməliyyata gəlməsini yazmışdırlar. Hospitaldakı müalicələr və müayinələrdən narazıdır. İddiaçıya xidmətə tam yararsız diaqnozun qoyulmasına söz verildiyinə baxmayaraq, komissiyaya iki gün qalmış tərkibi dəyişdirilmişdir, qoyulmuş diaqnoza görə aldığı xəstəliklərin hamısı hərbi xidmət dövründə olmuşdur. Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. 2021-ci ildə iddiaçının müqavilə müddətinin bitməsinə baxmayaraq, yalnız 2022-ci ildə tərxis edilmişdir ki, yeni qanuna görə əlillik ala bilməsin. Cavabdeh XXX3 tərəfindən hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır, halbukı dəfələrlə həkimlər bildirmişdirlər ki, xəstəliklərinə görə hərbi xidmətə yararsızdır, hansı səbəblərə görə belə yazılması aydındır. Buna görə cavabdeh HKK-nın 16 iyun 2021-ci il tarixdəki arayışı ləğv olunmalı və ekpertiza təyin olunmalıdır. Hal-hazırda da iddiaçının hərbi xidmət dövründə aldığı xroniki xəstəlikləri ilə bağlı vəziyyəti kafidir, hərbi xidmətə tam yararsızdır və qüvvədə olmuş qanunvericiliyə görə qərarlar ləğv olunaraq Zəfər alt sisteminə yerləşdirilməlidir. Onun rəsmi müraciətinə cavab olaraq bildirilmişdir ki, yaşadığı ərazi üzrə həkim komissiyasına müraciət olunmalıdır. Hərbi hospitala komissiyada olanda bu barədə maraqlanmaq istədikdə iddiaçını heç kim qəbul etməmişdir. Avqust ayının sonunda cərrahiyə şöbəsində əməliyyatdan sonra eyni epikriz təkrar yazılmış, lakin komissiyaya çıxarılmamışdır. Hesab edir ki, qanunun ağırlaşdığı hallarda geriyə qüvvəsi olmadığı üçün, (müharibə dövründə xəsarətlər aldığı dövrdə) qüvvədə olmuş qanunlar tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 10 yanvar 2024-cü il tarixə təyin edilmiş iclasında iddiaçı teleqramla məhkəməyə müraciət edərək, xəstəliyi ilə əlaqədar prosesin təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin 9 fevral 2024-cü il tarixli iclasında iddiaçı məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmədə özünü iddiaçının nümayəndəsi kimi təqdim etmiş Nümayəndə iddiaçının atası olmasını təsdiq edən sənədi (və ya təsdiq olunmuş surətini) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş “qohumluq məlumatları”nda Nümayəndə uşağı kimi iddiaçının adı göstərilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinin tələbini əsas götürərək, nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyətinin təmsil etdiyi fiziki şəxsin yaxın qohumu və ya vəkil olması halında mövcud olmasına istinad etmiş, eyni zamanda qeyd etmişdir ki, təkcə etibarnamənin olması şəxin nümayəndə kimi iştirak etməsi üçün özlüyündə yetərli deyildir. Həmçinin, iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş etibarnamədə İPM-in prosessual nümayəndəliklə bağlı şərtləri qeyd olunmamışdır. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, İPM-in inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanunvericiliklə nəzərdə tutulmuş mümkünlük şərtlərini yoxlamaq mümkün deyildir. Çünki, iddiaçının cavabdehlərə qarşı qaldırdığı iddia tələbi özlüyündə qeyri-müəyyəndir. İddiaçı həm XXX1nin, həm XXX1nin XXX2ının, həm də XXX1nin XXX3nın “hərəkət və hərəkətsizliyinin aradan qaldırılmasını, eyni zamanda, XXX1nin XXX3nın qərarlarının ləğv edilməsini və ekspertizanın təyin edilərək Zəfər altsisteminə yerləşdirilməsi tələbləri ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması ilə hazırkı iddia tələbi ilə bağlı hansı cavabdehə hansı müraciətin olması öz təsdiqini tapmır. İddiaçı tələbində həm “hərəkət və hərəkətsizliyinin aradan qaldırılmasını istəyir ki, bu halda öhdəliyin icrası haqqında iddia ilə bağlı, həm XXX1nin XXX3nın qərarlarının ləğv edilməsini istəyir ki, bu halda isə mübahisələndirmə haqqında iddia növü ilə bağlı mümkünlük şərtləri yoxlanılmalıdır. Buna baxmayaraq, iddiaçı XXX1nin, XXX1nin XXX2ının, XXX1nin XXX3nın hər birinə münasibətdə hansı hərəkət və hərəkətsizliyinin aradan qaldırılmasını ayır-ayrılıqda bildirməmişdir. Bundan əlavə, XXX1nin XXX3nın qərarlarının ləğv edilməsi xahiş edilmişdir. Bu qərarlar barədə həm iddia ərizəsində qeyd olunmamış, həm də iddia ərizəsinə qoşma şəklində əlavə edilməmişdir. İddia ərizəsində yalnız “HHK-nın 2021-ci il 16 iyun tarixlindəki arayışı ləğv olunmalı ...” qeyd olunmuşdur. Hazırki iddia tələbi ilə bağlı iddiaçı pretenziya qaydalarına da riayət etməmişdir. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan aydın olur ki, iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda hazırkı tələblərlə, eyni cavabdehlərə qarşı iddia ərizələri ilə məhkəməyə müraciətləri olmuşdur. Belə ki; - cavabdehlər XXX1, Mərkəzi Həkim Komissiyasına qarşı qərarının ləğv edilməsi, ekspertiza təyin olunaraq yenidən şəhadətləndirilməsi və Zəfər alt sisteminə yerləşdirilməsi vəzifəsinin qoyulması tələbi (12 oktyabr 2022-ci il tarixində), - cavabdeh MN-nin Baş Klinik Hospitalına qarşı hospitalın hərəkət və hərəkətsizliyininnin, ona əlilliyinin təyin olunması vəzifəsinin Baş Klinik Hospitalın və Azərbaycan Respublikası ƏƏSMN-nin DTSEVRX-nin üzərinə qoyulması tələbi (22 oktyabr 2021-ci il və 22 noyabr 2021-ci il tarixlərində), - cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasına qarşı qərarın ləğv edilməsi, ekspertiza təyin edilərək yenidən şəhadətləndirilməsi və Zəfər alt sisteminə yerləşdirilməsi tələbi (14 sentyabr 2022-ci il tarixində), - cavabdehlər Azərbaycan Respublikası ƏƏSMN, Azərbaycan Respublikası Prezidenti, Müdafiə Nazirliyi, Quba rayon İcra Hakimiyyətinə qarşı cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması və digər tələblər. Məhkəmə həmçinin qeyd edir ki, inzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin vurğulayır ki, hazırkı iddia mümkün sayılmadığından iddianın digər ümumi və xüsusi mümkünlük şərtlərinin yoxlanılması üçün əlavə araşdırılma aparılmasına zərurət görmür və özünün bu mövqeyini “prosessual qənaət” prinsipinə uyğun hesab edir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər XXX1, XXX1nin XXX2ı, XXX1nin XXX3na qarşı “hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, XXX1nin XXX3nın qərarlarının ləğv edilməsi, ekspertizanın təyin edilərək Zəfər altsisteminə yerləşdirilməsi” tələblərinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar