Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2088/2024 10.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin yenidən hesablanması” tələbinə dair iddiası üzrə ərizəyə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 4 iyul 1979-cu il tarixdən 2 iyul 2018ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, o, 4 iyul - 4 sentyabr 1979-cu il tarixlərdə Dəvəçi rayon Kommunal Müəssisələri Kombinatında 1-ci dərəcəli fəhlə; 21 iyul 1980-cı il - 1 oktyabr 1981-ci il tarixlərdə TMK-14 saylı tikinti zavodunda fəhlə; 22 oktyabr 1981-ci il - 19 noyabr 1983-cü il tarixlərdə hərbi xidmət; 10 yanvar 1984-cü il - 19 aprel 1985-ci il tarixlərdə "xxxx" QSC İnfrastruktu departamenti Şimal İstiqaməti sahəsinin sinifdənkənar H.Z.Tağıyev - çeşidləmə stansiyasında tərtibat təpəsinin operatoru; 6 may 1985-ci il - 21 avqust 1989-cu il tarixlərdə "xxxx" QSC-də teplovoz maşinist köməkçisi; 22 avqust 1989-cu il - 29 sentyabr 1997-ci il tarixlərdə "xxxx" QSC-də teplovoz maşinisti; 10 yanvar 1998-ci il - 17 noyabr 2006-cı il tarixlərdə Siyəzən Kommunal Müəssisələr Kombinatında fəhlə vəzifəsində çalışmışdır. 17 iyun 2008-ci il - 1 iyul 2009-cu il tarixlərdə Ekspedisiyanın Bazardüzü zirvəsinə qazmaçı vəzifəsində çalışmışdır. İddiaçı keçmiş Dəvəçi rayon X1 4 iyul 1979-cu il tarixli 8 saylı əmrinə əsasən 2 ay müddətinə 1-ci dərəcəli fəhlə vəzifəsində çalışsa da, həmin müddət əmək kitabçasında qeyd olunmamışdır və iş stajına daxil edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunmuş və keçmiş Dəvəçi rayon Kommunal Müəssisələri Kombinatının 4 iyul 1979-cu il tarixli 8 saylı əmrinə əsasən, 2 ay müddətinə 1-ci dərəcəli fəhlə vəzifəsi iddiaçının iş stajına əlavə olunaraq pensiyaya çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2-1(102)-2296/2022 saylı qərarı ilə qətnamələr qüvvədə saxlanılmışdır. Bundan sonra iddiaçıya 303,75 manat pensiya təyin olunmuşdur. İddiaçı hesab edir ki, ona pensiya düzgün hesablanmamışdır. Tərəfindən cavabdehə pensiyanın yenidən hesablanması ilə bağlı müraciət olunsa da, həmin müraciət rədd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaçı tərəf işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsində onun iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə1 tərəfindən imzalandığı göstərilmişdir. İddia ərizəsinə 10 avqust 2021-ci il tarixli etibarnamənin surəti əlavə edilmiş, iddiaçı ilə yaxın qohum olmasını təsdiq edən sənəd (sənədlər) və ya vəkil orderi əlavə edilməmişdir. Eyni zamanda, həmin etibarnamədə iddiaçı Nümayəndə1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq səlahiyyətlərin verildiyi göstərilmişdir. Beləliklə, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Məlum olduğu kimi, İPM-in 13-cü maddəsinin tələblərinə görə, məhkəmə qaldırılan iddialarda yol verlən formal xətaların aradan qaldırılmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd); Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır (3.4-cü bənd). İPM-in 13-cü maddəsinin tələbləri baxımından yuxarıda qeyd edilən halın formal xəta kimi aradan qaldırılması imkanları mövcud olduğundan xx.xx.2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi ilə bağlı xx.xx.2021-ci il tarixli məktubla iddia ərizəsində yol verilən formal xətalar iddiaçı X2 və iddia ərizəsində iddiaçının nümayəndəsi kimi qeyd olunan X3 diqqətinə çatdırmaqla onlara hüquqi təkliflər verilmiş, lakin həmin halların aradan qaldırılması üçün cəhd edilməmiş və məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsə də, iddiaçının özünün məhkəmədə iştirakı mümkün olmamış, eləcə də iddiaçı tərəf nümayəndəyə müvafiq səlahiyyəti verən etibarnaməni məhkəməyə təqdim etməmişdir. İPM-in 31.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Həmin Məcəllənin 1.2-ci madəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir; 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 74.1-ci maddəsinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsi müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddia ərizəsində göstərilənlər iddiaçının iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün hesab edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova
Məhkəmə qərarları › İş №2-1(118)-2088/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2088/2024
10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver