Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-209/2021 09.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı şəhərində və Şamaxı rayonu, Böyük Xmışlı kəndi ərazisində yerləşən iddiaçıya məxsus 1,50 ha, 0,67 ha və 0,33 ha - ümumilikdə 2,5 ha ölçüdə torpaq sahələrinin cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmasını nəzərə alaraq iddiaçıya hazırki bazar qiymətləri ilə hesablamaqla 1.000.000 (bir milyon) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı şəhərində və Şamaxı rayonu, Böyük Xmışlı kəndi ərazisində yerləşən iddiaçıya məxsus 1,50 ha, 0,67 ha və 0,33 ha - ümumilikdə 2,5 ha ölçüdə torpaq sahələrinin cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmasını nəzərə alaraq iddiaçıya hazırki bazar qiymətləri ilə hesablamaqla 1.000.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycanın tanınmış şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı 2019-cu ilin dekabr ayında cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbir zamanı Şamaxı şəhərinin girəcəyində, Bakı - Şamaxı yolunun sağ tərəfində yerləşən ərazidə iddiaçıya məxsus 2,5 ha ölçüdə torpaq sahəsi dövlət ehtiyacları üçün alınmış və həmin torpaq sahəsi üzərində yaşıllaşdırma işləri aparılaraq ağaclar əkilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 987-111Q saylı, 20 aprel 2010-cu il tarixli Qanununun 4.2-ci maddəsinə əsasən Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələri üzərində yaşıllaşdırma işləri apararkən, yəni iddiaçıya məxsus 2,5 ha ölçüdə toıpaq sahələri dövlət ehtiyacları üçün alınarkən, cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti yuxarıda göstərilən öhdəliyi yerinə yetirməmiş və 2020-ci ilin fevral ayında cavabdehə bu barədə ərizə ilə müraciət etsə də, müraciətinin 20.02.2020-ci il tarixdə cavabdeh tərəfindən alınmasına baxmayaraq, bu günə kimi ona heç bir cavab verilməmişdir. Ona görə də cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahələrinin dövlət ehtiyacları üçün geria alınması ilə bağlı qərar mövcud deyil. Həmin ərazilərdə mülkiyyətçilərin razılığı ilə yaşıllaşdırma işləri aparılsada, torpaq sahələri iddiaçının mülkiyyətində qalır, hazırkı vəziyyətdə dövlət ehtiyacları üçün torpaq sahəsinin geri alınması əsası mövcud deyil. Ona görədə mübahisənin məhkəmədənkənar həllidə mümkün olmamışdır və iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Şamaxı şəhərində və Şamaxı rayonu, Böyük Xmışlı kəndi ərazisində yerləşən iddiaçıya məxsus 1,50 ha, 0,67 ha və 0,33 ha - ümumilikdə 2,5 ha ölçüdə torpaq sahələrinin cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmasını nəzərə alaraq iddiaçıya hazırki bazar qiymətləri ilə hesablamaqla 1.000.000 (bir milyon manat) məbləğində kompensasiya ödənilməsini istəyir. İddiaçı iddia edir ki, 2.5 ha torpaq sahəsi dövlət ehtiyacları üçün alınmış, həmin sahədə yaşıllaşdırma işləri aparılaraq ağaclar əkilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 15.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 246. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir. Maddə 246.1. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Maddə 246.2. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.3. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Maddə 246.4. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi torpaqların dövlət ehtiyacları üçün geri alınmasının xüsusi mexanizmi müəyən edilmişdir və torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərar qəbul etməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə araşdırması zamanı iddiaçının mübahisə predmetini təşkil edən ümumilikdə 2.5 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi torpaq sahəsi Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Torpaqların dövlət ehtiyacları üçün alınması üçün müvafiq icra hakimiyyəti orqanın qərarı olmalı, müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin belə bir inzibati aktın mövcudluğu məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddiaçı hesab edir ki, onun mülkiyyətində olan torpaq sahələri dövlət ehtiyacları üçün geri alınmışdır və hazırkı bazar qiymətləri ilə hesablanmaqla torpaq sahələrinin dəyəri ona ödənməlidir. Məhkəmə hesab edir ki, torpaq sahələrinin dövlət ehtiyacları üçün geri alınması halı mövcud olmadığı üçün, iddiaçının həmin torpaq sahəsinin bazar qiymətləri ilə dəyərini tələb etməsinin qanuni əsası mövcud deyil və buna görədə iddia rədd edilməlidir. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib sayır. Məhkəmə araşdırması zamanı işin mübahisə olunmayan halı olaraq müəyyən edildi ki, həqiqətəndə İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı 2019-cu ilin sonlarında cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən müəyyən abadlaşdırma işləri aparılmış, eyni zamanda Bakı - Şamaxı yolunun sağ tərəfində yerləşən ərazidə iddiaçıya məxsus 2,5 ha ölçüdə torpaq sahəsi üzərində yaşıllaşdırma işləri aparılaraq ağaclar əkilmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, yaşıllaşdırma işləri mülkiyyətçilərin razılığı ilə aparılmışdır və torpaq sahələrinin dövlət ehtiyacları üçün geria alınması ilə bağlı qərar mövcud olmamışdır. Məhkəmə prosesi gedişindədə mübahisənin məhkəmədənkənar həlli tərəflərə təklif olunmuş, cavabdeh inzibati orqanın nümayəndəsi müəyyən vaxt istəsədə, kompensasiya tələbinin yüksək olması səbəbi ilə mübahisə məhkəmədənkənar həllini tapmamış, eyni zamanda cavabdeh inzibati orqanın nümayəndəsi bildirmişdir ki, torpaqların dövlət ehtiyacları üçün geria alınması əsasları hazırkı vəziyyətə tətbiq edilə bilmədiyi üçün bu əsaslada mübahisənin məhkəmədənkənar həlli mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahələri hazırdada iddiaçının mülkiyyətində olduğu və dövlət ehtiyacları üçün geri alınmadığı üçün hazırkı iddia əsaslı olmasada, iddiaçının torpaqdan istifadə edilməsində yaranan məhdudiyyətlər ilə bağlı kompensasiya tələbi və ya mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə etmək hüququ istisna edilmir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı Şamaxı şəhərində və Şamaxı rayonu, Böyük Xınışlı kəndi ərazisində yerləşən iddiaçıya məxsus 1,50 ha, 0,67 ha və 0,33 ha ümumilikdə 2,5 ha ölçüdə torpaq sahələrinin cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmasını nəzərə alaraq iddiaçıya hazırki bazar qiymətləri ilə hesablamaqla 1.000.000 (bir milyon) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair iddiası əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-209/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-209/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver