Məhkəmə qərarları › İş №2-1(118)-2090/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2090/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2090/2022 06.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt Regional Vəkil Bürosunda işləyən, Sumqayıt şəhəri, məhəllə 42, ev 16, mənzil 3-də yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X4 (DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialında baş mütəxəssis işləyən, Bakı şəhəri, H.Cavid prospekti 522 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı 52 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 52 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. xx.xx.1984-cü il tarixli 115-ct nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunun gündüz şöbəsinə tam orta (10 illik) təhsil bazasından “Rezin texnologiyası” ixtisasına (qrup -122) daxil olmuş, xx.xx.1987-ci il tarixli 93-ct nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya texnikumunu bitirmişdir. xx.xx.1987-ci il tarixdə KT seriyalı 028749 nömrəli diplom almışdır. Əmək kitabçasında qeyd olunan məlumatlarla, Sumqayıt Kimya Texnologiya Texnikumunun gündüz “Rezin texnologiyası” ixtisasında xx.xx.1984-cü il - xx.xx.1987-ci il tarixlərində təhsil müddətinin iş stajına daxil edilməklə 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən, güzəştli stajı 10 ildən artıq təşkil edir. Belə ki, əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 21 il 13 gün, 10 il 5 ay 01 gün xüsusi stajı vardır. Etilen-Polietilen Zavodunun arayışlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 10 ildən artıq imtiyazlı iş stajı təsbit olunmuşdur. Buna baxmayaraq cavabdeh ona 52 yaşdan pensiya təyin olunmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı fərdi hesabıının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində ona hüququnun yarandığı xx.xx.2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarında olan “Etilen-Polietilen” zavodunun 13 fevral 2019-cu il tarixli 59 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1988-xx.xx.1992-ci il tarixlərdə, xx.xx.1992- xx.xx.1994-cü il tarixlərdə, xx.xx.1994-xx.xx.2005-ci il tarixlərdə “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunda kimyəvi analiz laborantı vəzifəsində çalışmışdır.İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 55680,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36502,74 manat təşkil edir.Qeyd edilənləri nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan : -AA № ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, X2 xx.xx.1967-ci il təvəllüdür. - SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kolleci tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02 saylı arxiv arayışından görünür ki, Qadirova (Gereyeva) Saminat Sədrəddin qızı həqiqətən xx.xx.1984-cü il tarixli 115-ст nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunun gündüz şöbəsinin tam orta (10 illik) təhsil bazasından “Rezin texnologiyası” ixtisasına (qrup-122) daxil olmuşdur. xx.xx.1987-ci il tarixli 93-ст nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunu bitirmişdir.S.S.Qadirova xx.xx.1987-ci il tarixdə KT seriyalı 028749 nömrəli diplom almışdır. (qeyd.№672) - X1 Şöbəsi tərəfindən verilmiş 58,59,60,61 sylı xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1987-xx.xx.1988-ci illərdə etilen polietilen zavodunun laboratoriyasınada kimyəvi analiz laborantı, xx.xx.1988-xx.xx.1992-ci illərdə teniki nəzarət şöbəsində etilen propilen zavodu üzrə kimyəvi analiz laborantı, xx.xx.1992-xx.xx.1994-cü illərdə etilen propilen zavodu üzrə kimyəvi analiz laborantı və xx.xx.1994-xx.xx.2005-ci illərdə etilen istehsalatının laboratoriyasında kimyəvi analiz laborantı işləmişdir. Göstərilən peşə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının X bölməsinin 3-cü bəndinin 2110A030-1754 V şifrəsi altında göstərilmiş güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - № 028749 seriyalı diplomun surətindən görünür ki, X3 011984-1987-ci illərdə Sumqayıt Kimya Texnologiya texnikumunda “texnik-texnoloq” ixtisası üzrə tam kursu bitirmişdir. -İddiaçının adına açılmış ИТ -№ ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən “Azərkimya” İB-nə laborant vəzifəsinə işə qəbul olunmuş, həmin istehalat birliyinin “EP-300, “Sintezkauçuk”, Etilen-Polietilen zavodlarında işləmiş, hazırki tarixədək “Azərkimya” İB-nin “Etilen istehsalatı” laboratiyasında laborant vəzifəsində işləyir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının 52 yaşı xx.xx.2006-cı il tarixdən sonra tamam olduğundan hazırki mübahisəyə əvvəlki qanunvericiliyin müddəaları tətbiq oluna bilməz. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının mövcud olması tələb olunur ki, iddiaçı həmin kapitala malik deyildir. Bununla bağlı ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi sahənin zərərli işlərin siyahısına aid edilməsi və onun 20 ildən artıq ümumi və 10 ildən artıq xüsusi staja malik olması işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı iddiaçıya hansı dövrün qanunverciliyinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını, qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 10 il güzəştli və 20 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu gündən, xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar