Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2091/2022 14.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı “onun İİ qrup Müharibə əlili imtiyazı əsasında gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində, ailə üzvlərinin sayı nəzərə alınmaqla mənzillə təmin edilməyi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi zamanı hərbi travma alaraq İİ qrup müharibə əlili olmuş, imtiyazı əsasında Sumqayıt Şəhəri İcra Hakimiyyəti Mənzillərin Qeydiyyatı, Bölüşdürülməsi və Dəyişdirilməsi Şöbəsinin Q-2 N-li, xx.xx.2010-cu il tarixli məktubuna əsasən şəhər icra hakimiyyətinin nəzdində mənzil növbəsinə qəbul edilsə də, sonradan mənzil növbəsindən qanunsuz çıxarılmışdır. Uzun illər ərzində davam edən çoxsaylı şikayətlərindən, iddia tələblərindən sonra, onun Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı «hərbi xidmət vəzifəsini yerinə yetirərkən İİ qrup hərbi əlil imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağının cavabdehə həvalə olunması tələbinə dair» inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında işə baxılan mərhələdə barışıq əldə olunmuş, onun İİ qrup Qarabağ müharibəsi əlili imtiyazı əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 362 nömrəli, 13 iyul 2021-ci il tarixli sərəncamına əsasən imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı və kirayə yaşadığından mənzil kirayə haqqının ödənilməsinin qanunda nəzərdə tutulmuş qaydada təmin edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının O-6/4-068/2-t/1 N-li, xx.xx.2021-ci il tarixli məktubuna əsasən ona «imtiyazın əsasında mənzil uçotuna alınmağı və siyahı üzrə sıra sayının 137» olması bildirilmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 374/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən onun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-363/2021 saylı, 11 mart 2021 -ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı «hərbi xidmət vəzifəsini yerinə yetirərkən İİ qrup hərbi əlil imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağının cavabdehə həvalə olunması tələbinə dair» iş üzrə icraata xitam verilmişdir. Hazırkı ərizə ilə məhkəməyə müraciət etməyinin səbəbi odur ki, 13 ildir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətində ev növbəsində olmaqla, mənzillə təmin edilmir, bu günkü gün kirayədə yaşayır, qızı, oğlu, gəlini və nəvələri evsizdirlər. İcra hakimiyyətinin məsuliyyətsizliyi və özbaşınalığı nəticəsində qızı, oğlu, gəlini və nəvələri ailə üzvü kimi siyahıya alınmır və onu müxtəlif bəhanələrlə mənzillə təmin etmirlər. 100 manat kirayə xərci ödəməklə vəzifələrini icra etmiş sayırlar. Hansı ki, onunla bağlanmış kirayə müqaviləsində qeyd olunan 400 manatı + kommunal xərcləri, 160 manatı, cəmi 560 manatı 13 ildir ki, ödəmirlər. Göstərdiklərini təsdiq edən rəsmi sübutları (sənədlərim) vardır. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən İİ qrup Müharibə əlili olsa da, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 362 nömrəli, 13 iyul 2021 -ci il tarixli sərəncamına əsasən imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınsa da, onu mənzillə təmin etməmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 33 nömrəli 21 yanvar 2022-ci il tarixli sərəncamına əsasən Sumqayıt Şəhər icra Hakimiyyəti Başçısının 362 nömrəli 13 iyul 2021 -ci il tarixli sərəncamının 1 -ci bəndinə düzəliş edilməsi və əliliyin səbəbi olaraq hərbi xidmət vəzifələrini yerinə yetirərkən «gözdən İİ qrup əlil» kimi oxunnması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında ********** N-li, xx.xx.2022-ci il tarixli arayışdan da görünür ki, onun xx.xx.2008-ci il tarixli müraciətim əsasında müavinətin qrupu Müharibə əlillərinə təqaüd İİ qrup, mavinətin növü «Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirilməklə əlaqədar (Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar»dır və o müharibə əlili kimi 350 manat alır, Prezident təqaüdçüsüdür və gözdən əlildir. Müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ona müxtəlif cavablar ünvanlasa da, onu İİ qrup Müharibə əlili imtiyazı əsasında gözdən əlil kimi mənzillə təmin etməmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı dəqiqləşdirmə ərizəsi verərək onun İİ qrup gözdən əlil (Sumqayıt Şəhər İcra Hakimiyyətinin 31 yanvar 2022-ci il tarxili 33 saylı Sərəncamı ilə Hərbi Xidmət vəzifələrini yerinə yetirərkən gözdən 2-ci qrup əlil kimi oxunmuşdur) kimi yaşayış sahəsinə ehtiyacı olan qismində, ailə üzvlərinin sayı nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı Sərəncamına əsasən mənzillə təmin edilməyi öhdəliyini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi qanunvericilik baxımından tam əsassızdır. Belə ki, iddiaçının cavabdehə hər hansı bir hüquqi münasibətlərdə olması, həmin hüquqi münasibətlər zəminində cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 1.5-ci bəndində əsasən şəxsin əlilliyi ümumi və ya xüsusi səbəblərdən birinə əsasən müəyyən edilir. Xüsusi səbəblərə aiddir:Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar. İddiaçı əlilliyi müəyyənləşdirilərkən TSEK arayışında səbəb kimi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar göstərilmişdir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Sözügedən sərəncamla hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi əldə etmiş şəxslər əhatə olunmur. Bu səbəbdən İddiaçı mənzillə təmin olunması ilə bağlı tələb yönəldilə bilən subyekt qismində çıxış etmir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 03 fevral 2022-ci il tarixli, **********9 nömrəli imtina məktubu, etiraz ərizəsi, Sumqayıt Şəhəri İcra Hakimiyyətinin xx.xx.2021-i il tarixli 362 saylı və 33 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamlarının surəti, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı Sərəncamının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar travma aldığı vaxtından yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, əlillərin mənzillə təmin edilməsi Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Sosial Xidmətlər Agentliyi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyin yuxarı orqanına müraciət etmiş, inzibati orqan 03 fevral 2022-ci il tarixli, **********9 nömrəli məktubla onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə görə dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.1-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 69.1-ci maddəsinə görə kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Məhkəmə araşdırması ilə məlum olur ki, iddiaçı Sumqayıt Şəhəri İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 362 saylı sərəncamına əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs” kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilmişdir. Sumqayıt Şəhəri İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 33 saylı digər sərəncamına əsasən 362 nömrəli sərəncama düzəliş edilərək, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən “gözdən ikinci qrup” əlil kimi oxunması qərara alınmışdır. İddiaçı hal-hazırda kirayədə qalmasını və ailə vəziyyətinin qənaətbəxş olmamasını əsas gətirərək, ona ailə üzvlərinin sayı nəzərə alınmaqla mənzil verilməsini tələb edir. Lakin cavabdeh təşkilat ona mənzil ayırmasından imtina edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan aşağıdakı səbəblərə əsasən iddiaçının tələbinin təmin edilməməsində imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı Sərəncamında qeyd edilmişdir ki, Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021 -ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2021 -ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1 -ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxanda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın: bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etsin. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhəri İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 362 saylı sərəncamı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamından əvvəl qəbul olunduğu və bunun nəticəsi olaraq Nazirlər Kabinetinin həmin sərəncamına əsasən İddiaçı gözdən əlil kimi mənzil almaq hüquq yaranmış olur. Bu səbəbdən də İddiaçı mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı İİ qrup gözdən əlil (Sumqayıt Şəhər İcra Hakimiyyətinin 31 yanvar 2022-ci il tarxili 33 saylı Sərəncamı ilə Hərbi Xidmət vəzifələrini yerinə yetirərkən gözdən 2-ci qrup əlil kimi oxunmuşdur) kimi yaşayış sahəsinə ehtiyacı olan qismində, ailə üzvlərinin sayı nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı Sərəncamına əsasən mənzillə təmin edilməyi öhdəliyini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2091/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2091/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver