Məhkəmə qərarları › İş №2-1(118)-2093/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2093/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2093/2025 04.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur. Hal-hazırda “Körpü Bina Tikinti" MMCdə çalışır. Ona xx.xx.2023-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixindən təyin edilməlidir. Belə ki, 60 yaşı xx.xx.2022-ci il tarixində tamam olmuşdur. Lakin, həmin dövrdə qüvvədə olan qanunvericiliklə pensiya təyinatı üçün pensiya kapitalı tələb olunurdu və bu tələb xx.xx.2022-ci il tarixində qanuna edilmiş dəyişikliklə aradan qaldırılmışdı. Həmin tarixdə qüvvəyə minən xx.xx.2022-ci il tarixli 530-VİQD saylı AR Qanunu ilə edilmiş dəyişiklik ilə "Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən - Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən - 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixinə həmin Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan tam əmək stajı olduğu üçün (29 il 6 ay ümumi iş stajı, 17 ilə yaxın güzəştli iş stajı) güzəştli şərtlərlə əmək pensiyası həmin tarixdən təyin edilməlidir. Əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də cavabdehin 3- 17-1/2-M- 171930/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə imtina edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsində "boru çəkən çilingər" peşəsində işləmişdir; - xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmətdə olmuşdur: xx.xx.1982-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsində "boru çəkən çilingər", "quraşdırıcı çilingər", "elektrik qaynaqçısı" peşələrində işləmişdir; xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək “Azərkimyatəmir" Trestinin 2 saylı Təmir Quraşdırma İdarəsində "elektrik qaynaqçısı" peşəsində işləmişdir; xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək "Azərkimyatəmir" Trestinin 3 saylı Təmir Quraşdırma İdarəsində "elektrik qaynaqçısı" peşəsində işləmişdir; xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək "xxxx" ASC-nin Metallurgiya Avadanlıqlarının Təmiri və İstismarı İdarəsində "əl ilə elektrik qaynaqçısı" peşəsində işləmişdir; (öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrü çıxmaqla iş stajı 2 il 4 ay təşkil edib); xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" MMC-də fəhlə, xx.xx.2022-ci il tarixindən hal-hazıradək isə "qaynaqçı" peşəsində işləyir. Pensiya təyinatı zamanı aşağıda qeyd olunmuş dövrlər üzrə güzəştli iş stajı nəzər alınmamışdır: - "Mərkəzidomnatəmir" Sumqayıt xüsusiləşdirilmiş təmir-quraşdırma idarəsində (indiki "xxxx" ASC) işlədiyi xx.xx.1979-xx.xx.1980; xx.xx.1982-xx.xx.1984; xx.xx.1987 xx.xx.1989-cu il dövrləri (bu fakt əmək kitabçası və iş yerindən verilən arayışla təsdiq olunub) Bu müəssisənin adı 3 dəfə dəyişdirilmişdir: xx.xx.1987-ci ildə - "Mərkəzidomnatəmir" trestinin Sumqayıt xüsusiləşdirilmiş idarəsi; xx.xx.1993-cü ildə - "Domnatəmir" Təmir Tikinti Quraşdırma İdarəsi; xx.xx.2022-ci ildə - "xxxx" Açıq Səhmdar Cəmiyyəti. Həmin idarə "xxxx" ASC-nin ərazisində fəaliyyət göstərmiş və zavodun marten sobalarının, boruyayma dəzgahlarının və digər əsas avadanlıqların təmiri sahəsi üzrə həmin zavoda xidmət göstərmişdir. Əslində orda işlədiyim boru kəmərləri çəkən çilingər, quraşdırıcı çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, İşlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısr’nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2-ci Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin "avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları" - (2040200a-14641) peşəsi ilə eynidir, sadəcə bu peşələrin adı xx.xx.1987-ci ildə dəyişdirilmişdir. Göründüyü kimi əmək kitabçasında da müəss i sə tərəfindən bu barədə qeydlər aparılmışdır. "Azərkimyatikinti" Trestinin 3 saylı Təmir Quraşdırma İdarəsində "elektrik qaynaqçısı” peşəsində işlədiyi xx.xx.1996 - xx.xx.1998-ci il dövrü; (həmin idarə ləğv olunduğu üçün Dövlət Arxivinin Sumqayıt Filialından arxiv arayışı (işə qəbul barədə əmr) təqdim olunub və əmək kitabçasında müvafiq qeydlər var) Həmin arayışı 2022-ci ildə verən Arxiv İdarəsi necə olur ki, 2024-cü ildə ona aid sənədi tapa bilmir? Həmin sənədləri təkrar olaraq xx.xx.2024-cü il tarixində də əldə etmişdir. "xxxx" ASC-də "əl ilə elektrik qaynaqçısı" peşəsində işlədiyi xx.xx.2006 xx.xx.2013- cü il dövrü (cəmi 2 il 4 ay); (xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək adının səhv qeyd olunması ilə bağlı olaraq fərdi uçot sistemində sığortaolunanın kimi məlumatlarıma sonradan düzəliş edilmişdir) AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydalarının 4.1.20-ci maddəsinə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Mərkəzi Filial tərəfindən aparılan araşdırmaya əsasən iddiaçının xx.xx.1979-cu il tarixli ИТ-0449286 nömrəli əmək kitabçasına əsasən onun xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "Azərkimyatikinti tresti'ndə qaynaqçı vəzifəsində işlədiyi qeyd edilsə də, adıçəkilən müəssisədəki əmək fəaliyyətinin dəqiqləşdirilməsi məqsədilə aparılmış monitorinq nəticəsində onun sadəcə xx.xx.1996-cı il tarixli 46№ əmrlə işə qəbul olması ilə bağlı məlumat aşkarlanmışdır. Həmçinin, iddiaçının adına arxiv sənədləri müəyyənləşdirilməmiş, sözügedən hallar Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli birgə aktı ilə təsdiq olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş və 23 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-lı siyahısı nın Metallurgiya istehsalı (qara metallar; İİİ bölməsinin polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və коруог işlən, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində metallurgiya avadanlığının təmirilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları (20401 OOa-14641) vəzifəsi nəzərdə tutulmuşdur. Lakin, iddiaçının əmək kitabçasında və "xxxx" ASC- nin ona dair 15 avqust 2022-ci il tarixli 02/04 nömrəli arayışında xx.xx.1979-xx.xx.1980-ci ıl. xx.xx.1982-30.01 1984-cü il və xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər ərzində quraşdırıcı çilingər, boru çəkən çilingər, boru çəkən quraşdırıcı çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi quraşdırıcı çilingər, boru çəkən çilingər, boru çəkən quraşdırıcı çilingər vəzifələri yuxarıda qeyd olunan avadanlığın təmirilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyildir. Eləcə də iddiaçının əmək kitabçasında xx.xx.1989-cu il tarixli qaynaqçı vəzifəsinə keçirilməsi ilə bağlı qeyddə əmək kitabçasının doldurulma qaydalarının pozulması faktı (ilkin versiyada 16 05 1991-ci il tarixi qeyd olunmuşdur) qeydə alınmışdır Bu da həmin dövrə münasibətdə güzəştli iş stajının mötəbərliyinə əsaslı şübhə yaratmışdır. Qeyd olunan səbəblərdən, həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmiş və onun müraciətindən imtina olunmuşdur. Bundan sonra. İddiaçı məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, aparılmış araşdırmalara əsasən iddiaçı E.X3 tərəfindən qəbul edilmiş ümumi iş stajı 29 il 3 ay 4 gün, güzəştli iş stajı isə 12 il 6 ay təşkil edir. "Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa. Qanunun 7-ci maddəsində nəzərdu tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; Kişilər 60 yaşına, qadınlar 55 yaşına çatmalı: Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı. Qeyd olunan Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci ıl iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1 dək. qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-cı il iyulun 1-dək hər il 6 ay artırılır. 01.01,2022-ci il tarixindən iddiaçı kişilər üçün nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya təyini üçün tələb olunan yaş həddinə (60 yaş) çatmışdır. Lakin, iddiaçının həmin tarixə münasibətdə sözügedən Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan güzəştli iş stajı (12 il, 6 ay) tamamlanmadığından, həmin tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün hesab edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsində "boru çəkən çilingər" peşəsində işləmişdir; xx.xx.1982-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək "Mərkəzi Domna Təmir" Sumqayıt Təmir Quraşdırma İdarəsində "boru çəkən çilingər", "quraşdırıcı çilingər", "elektrik qaynaqçısı" peşələrində işləmişdir; xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək “Azərkimyatəmir" Trestinin 2 saylı Təmir Quraşdırma İdarəsində "elektrik qaynaqçısı" peşəsində işləmişdir; xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək "Azərkimyatəmir" Trestinin 3 saylı Təmir Quraşdırma İdarəsində "elektrik qaynaqçısı" peşəsində işləmişdir; xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək "xxxx" ASC-nin Metallurgiya Avadanlıqlarının Təmiri və İstismarı İdarəsində "əl ilə elektrik qaynaqçısı" peşəsində işləmişdir; xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" MMC-də fəhlə, xx.xx.2022-ci il tarixindən hal-hazıradək isə "qaynaqçı" peşəsində işləyir. İddiaçının sosial arayışının surəti iş materiallarına əlavə edilmişdir. Sumqayıt Təmir Tikinti ASC-nin xx.xx.2022-ci il tarixli 02/4 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982ci il tarixdən xx.xx.1989-cu il tarixədək Mərkəzidomnatəmir Tresti Sumqayıt TTQİ-də, hazırki Domnatəmir Təmir Tikinti ASC-də metallurgiya zavod avadanlıqlarının daimi təmiri ilə məşğul olan texniki boru quraşdırıcısı işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №li siyahının 3-cü bölməsinin ******* yarımbölməsinin a)14841 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətə olmamışdır. Sumqayıt Təmir Tikinti ASC-nin xx.xx.2022-ci il tarixli 02/5 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Mərkəzidomnatəmir Tresti Sumqayıt TTQİ-də, hazırki Domnatəmir Təmir Tikinti ASC-də əl ilə elektrik qaynaqçısı işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 №li siyahının 3-cü bölməsinin 1030 tarımbölməsinin 1753 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətə olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 342 saylı arayışında iddiaçının xx.xx.1980-xx.xx.1982-ci ilədək Sovet ordusu sıralarında xidmət keçdiyi qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərikimyatikinti Trestinin 3 №li TQİ-nin xx.xx.1996-cı il tarixli 46 saylı əmrinin arxiv çıxarışında qeyd edilmişdir ki, 02 sentyabr 1996-cı ildən trestin 6 №li TTQİ-nin 3 №li TTQİ-nə birləşdirilməsi ilə əlaqədar İddiaçı ixtisas və dərəcəsi saxlanılmaqla köçürmə yolu ilə peşəsi üzrə işə qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X1 şöbəsinin böyük mütəxəssisi və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi AR DA-nın Sumqayıt Filialının böyük fond mühafizəçisinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixində 142 №li əmrlə əmək haqqı işəmuzd ödənilməklə 6-cı dərəcəli elektrik qaynaqçısı kimi 3№li sahəyə göndərilmişdir. xx.xx.1996-cı il tarixli 46 №li əmrlə 6 №li sahədən köçürmə yolu ilə 3 №li sahəyə işə qəbul edilmişdir. Sonrakı dövlərə aid arxiv sənədlərində adına rast gəlinməmişdir. İddiaçının əmək kitabçasından tərcümə edilmiş məlumatda qeyd edilir ki, iddiaçıya xx.xx.1983-cü il tarixli əmr № 147k ilə 4-cü dərəcə çilingər-boru quraşdırıcısı, xx.xx.1984-cü il tarixli əmr № 33 ilə 3-cü dərəcə elektrik qaynaqçısı, xx.xx.1984-cü il tarixli əmr № 33 ilə 3-cü dərəcə qaz qaynaqçısı, xx.xx.1987-ci il tarixli əmr № 79 ilə 5-ci dərəcə (çilingər-montajçı) çilingər-boru quraşdırıcısı vəzifələri, xx.xx.1987-ci il tarixli əmr № 250 ilə əməyin ödənilməsinin yeni tarif şərtlərinin (Vahid tarif-ixtisas sorğu kitabçası № 3, 1986-cı il nəşri) tətbiq edilməsi ilə əlaqədar olaraq, metallurgiya zavodlarının texnoloji boru kəmərləri üzrə 4-cü dərəcə montajçı peşəsi verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024cü il tarixli məktubunda qeyd edilmişdir ki,“Azərikimyatəmir” Trestinin 2 №-li “Təmirtikintiquraşdırma” İdarəsinin şəxsi heyyəti üzrə 1993-cü ilə və “Azərikimyatikinti” Trestinin 3 №-li TQİ-nin 1996-1997-ci illərə dair əmrlər kitablarından sorğu edilən vətəndaş İddiaçı işləməsi barədə arxiv arayışı məhkəməyə təqdim edilmişdir. “Azərikimyatikinti” Trestinin 3 №-li TTQİ-nin şəxsi heyətə dair 1998-ci ilin əmrlər kitabında İddiaçı işləməsi barədə məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli AZB 01/25 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı işlədiyi "Mərkəzidomnatəmir" Tikinti Quraşdırma İdarəsi "xxxx" ASC-nin (keçmiş Azərbaycan Boruyayma zavodu) ərazisində müstəqil müəssisə kimi fəaliyyət göstərmişdir. Həmin idarə marten (poladəritmə) sobalarının, yayma və boruyayma dəzgahlarının, həmçinin digər əsas avadanlıqların təmiri və quraşdırılması üzrə xidmət göstərmişdir. "xxxx" ASC respublikamızda polad boru istehsalında aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biridir. Bizim müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir və bu sahələrdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirdiklərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında göstərilən peşə və vəzifələr ilə müəssisədə mövcud olan peşə və vəzifələr eynilik təşkil etdiyi təqdirdə tərəfimizdən yalnız bizim cəmiyyətdə həmin peşə və vəzifələrdə işləyən işçilərə "güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair" araşdırıcı arayışlar verilir. Sorğuda qeyd edilən "quraşdırıcı-çilingər", "boru çəkən çilingər", "boru çəkən quraşdırıcı-çilingər" peşələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2- 4-cü bəndlərində "avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları" (2040200a-14641); (2040300a-14641): (2040400a-14641) peşələrinə uyğunlaşdırmaq mümkündür. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və əmək pensiyasının yenidən hesablanmasını istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının həmin tarixə münasibətdə sözügedən Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan güzəştli iş stajı (12 il, 6 ay) tamamlanmadığından, həmin tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, iddiaçıya xx.xx.2023-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, onun hüququ xx.xx.2022-ci il tarixdən yaranır. Cavabdeh isə aşağıdakı dövrləri mübahisələndirməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edir: 1) xx.xx.1996-xx.xx.1998-ci illər 2)xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982xx.xx.1984-cü il və xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər 3) xx.xx.1989-cu il Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir: 1) cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1996-xx.xx.1998-ci illərə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə “Azərikimyatikinti” Trestinin 3 №-li TQİ-nin 1996-1997-ci illərə dair əmrlər kitablarından sorğu edilən vətəndaş İddiaçı işləməsi barədə arxiv arayışı məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi iddiaçı 02 sentyabr 1996-cı ildən trestin 6 №li TTQİ-nin 3 №li TTQİnə birləşdirilməsi ilə əlaqədar İddiaçı ixtisas və dərəcəsi saxlanılmaqla köçürmə yolu ilə (əl qaynaqçısı) peşəsi üzrə işə qəbul edilmişdir. İddiaçı xx.xx.1997-ci il 2-k №li əmrlə və xx.xx.1997-ci il tarixli 41-k əmrlərlə 6 ay müddətinə əmək haqqı saxlanılmadan öz hesabına məzuniyyətə buraxılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərikimyatikinti” Trestinin 3 №-li TTQİ-nin şəxsi heyətə dair 1998-ci ilin əmrlər kitabında İddiaçı işləməsi barədə məlumat yoxdur. İddiaçının xx.xx.1997-ci ildən sonra ödənişsiz məzuniyyətdə olması həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınmasını istisna edir. Məhkəmə iclasında izahatı zamanı iddiaçı 1997-1998-ci illlərdə ödənişsiz məzuniyyətdə olmasını təsdiq etmişdir. Bu halda məhkəmə hesab edir ki, xx.xx.1996-xx.xx.1997-ci illər iddiaçının güzəştli iş stajına daxil edilməlidir. 2) cavabdeh tərəfindən vəzifə uyğunsuzluğu ilə əlaqədar nəzərə alınmayan xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1984-cü il və xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlərə nəzərən məhkəmə qeyd edir ki, həmin dövrlər üzrə məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində təqdim edilmiş Azərboru ASC-nin xx.xx.2025ci il tarixli AZB 01/25 saylı arayışında qeyd edilmişdir ki, sorğuda qeyd edilən "quraşdırıcıçilingər", "boru çəkən çilingər", "boru çəkən quraşdırıcı-çilingər" peşələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2- 4-cü bəndlərində "avadanlığın təmiri və xidməti ilə məşğul olan texnoloji boru kəmərlərinin quraşdırıcıları" (2040200a-14641); (2040300a-14641): (2040400a-14641) peşələrinə uyğunlaşdırmaq mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Belə ki, cavabdehin əsas gətirdiyi vəzifə uyğunsuzluğu işəgötürənin arayışı ilə təkzib olunduğundan xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1984-cü il və xx.xx.1987xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi notarial qaydada tərcümə edilmiş əmək kitabçasında da xx.xx.1987-ci il tarixli əmr № 250 ilə əməyin ödənilməsinin yeni tarif şərtlərinin (Vahid tarif-ixtisas sorğu kitabçası № 3, 1986-cı il nəşri) tətbiq edilməsi ilə əlaqədar olaraq, metallurgiya zavodlarının texnoloji boru kəmərləri üzrə 4-cü dərəcə montajçı peşəsi verilməsi qeyd edilmişdir. 3) cavabdeh qeyd edir ki, iddiaçının əmək kitabçasında xx.xx.1989-cu il tarixli qaynaqçı vəzifəsinə keçirilməsi ilə bağlı qeyddə əmək kitabçasının doldurulma qaydalarının pozulması faktı (ilkin versiyada xx.xx.1991-ci il tarixi qeyd olunmuşdur) qeydə alınmışdır. Bu da həmin dövrə münasibətdə güzəştli iş stajının mötəbərliyinə əsaslı şübhə yaratmışdır. Cavabdehin bu dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında mübahisə olunan dövr və sonrakı dövrlərin qeydiyyatı ardıcıl olaraq aparılmışdır. Qaralama olsa da, qeyd edilən dövr və sonrakı dövrlər işəgötürənin arayışı ilə eynilik təşkil edir. Qeyd edilənlər əmək kitabçasının və orada aparılan qeydiyyatların mötəbərliyinə şübhə yaratmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən (xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1996-cı il, xx.xx.1996xx.xx.1997-ci il, cəmi 14 il 7 ay 8 gün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar