Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2095/2021 24.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı “Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün açıq torpaq hərrac və ya müsabiqəsi keçirilmədən, Quba şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş hər sotu 500 manata olmaqla, iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 03.06.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Quba şəhəri, 32-33-cü məhəllədə 182,60 kv m ölçüdə qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Göstərilən qeyri-yaşayış binasının (“Sərfəli market”) çıxışı Həsən Əliyev küçəsinə baxır. Həmçinin göstərilən küçə ilə paralel olan Eldar Zamanov küçəsinə çıxışı olmaqla, iddiaçının atası X3 məxsus fərdi yaşayış evi yerləşir. Mağaza binası ilə yaşayış evinin arasında 2 sot torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətindədir. Həmin 2 sot torpaq sahəsinin sol və sağ tərəfləri başqa şəxslərin yaşayış evləridir. Göstərilən torpaq sahəsinin iddiaçının mağaza binasının yanından 80 santimetr enliyində Həsən Əliyev küçəsinə çıxışı vardır. Torpaq sahəsinin yerləşməsi elədir ki, onun hansı kənar bir şəxsə satılaraq, müstəqil şəkildə istifadə olunması qeyri-mümkündür. Göstərilən torpaq sahəsi bələdiyyə tərəfindən həyətyanı torpaq sahəsi kimi ancaq iddiaçıya satıla bilər. Bununla əlaqədar, həmin torpaq sahəsinin Quba şəhərində bələdiyyə tərəfindən həyətyanı torpaq sahələrinin vətəndaşlara satışı üçün müəyyən olunmuş 1 sota 500 manat qiyməti ilə hərrac keçirilmədən ona satılması üçün qərar verilməsini və müvafiq prosedurlara başlanılmasını Quba bələdiyyəsindən dəfələrlə xahiş etmişdir. Lakin bələdiyyə hərəkətsizlik göstərərk onun müraciətinə hər hansı cavab verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-647/2021 saylı 20.04.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 476/2021 saylı 09.09.2021-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 647/2021 saylı 20.04.2021-ci il tarixli qərarı ləğv edilərək, yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi işə yenidən baxılarkən satılması tələb edilən torpaq sahəsinin nə vaxtdan iddiaçının istifadəsində olmasını, həmin torpaq sahəsinin harada yerləşməsinin, həmin torpaq sahəsinin məhz iddiaçıya satılarkən başqa şəxslərin hüquqlarının pozulub-pozulmamasını, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə müvafiq olaraq qeyd olunan torpaq sahəsinin normativ qiymətini müəyyən etməsini tövsiyyə etmişdir. Sumqayıt İnzibati Məhkəməsində iddia tələbinə yenidən baxılan ərəfədə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün açıq torpaq hərrac və ya müsabiqə keçirilmədən, Quba şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş normativ qiymətlə iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində torpaq sahəsinin ona satılmasını xahiş edilməsi barədə 2020-ci ilin oktyabr ayında bələdiyyəyə müraciət edilməsini bildirsə də, 2021-ci ilin fevral ayında bələdiyyədə struktur dəyişiklikləri ilə bərabər bələdiyyə sədri də dəyişilmişdir. İddiaçının torpaq sahəsinin ayrılması barədə müraciəti barədə bələdiyyədə heç bir məlumat yoxdur. Bundan başqa hazırkı iddia tələbi barədə iddia ərizəsinin bir surəti bələdiyyə daxil olduqdan sonra dəfələrlə iddiaçıya telefon vasitəsilə həmin torpaq sahəsinin ona satılması üçün bələdiyyəyə gələrək qanunvericiliyə uyğun müraciət etməli olduğu bildirilsə də, bunun heç bir nəticəsi olmamış, iddiaçı bələdiyyəyə gəlməmiş, mübahisənin məhkəmədən kənar qaydada qanuni prosedurlarla həll edilməsinə üstünlük verməmişdir. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Hüquqi və fiziki şəxslər müraciətlərində asağıdakıları göstərməlidirlər(torpaq sahəsinin hansı məqsəd və hansı hüquqla (xüsusi mülkiyyətiistifadə və ya icarə hüququ ilə) ayrılmasını, əvvəllər torpaq sahəsi alıb-almadığını, ailə üzvlərinin adına torpaq sahəsinin olub-olmadığını, ailə üzvlərinin sayını və tərkibini, torpaq sahəsinin yerini yaxud həmin yerin ünvanını və ölçüsünü, torpaq sahəsində tikilməsi yaxud quraşdırılması nəzərdə tutulan obyektin eskizini, daimi yaşayış yerini (fiziki şəxslər) və ya hüquqi ünvanını (hüquqi şəxslər)). Göründüyü kimi iddiaçı bələdiyyəyə lazımi formada müraciət etməmişdir. Bundan başqa vətəndaşın müraciətindən sonra bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. İddiaçının almaq istədiyi torpaq sahəsinə baxış keçirilib satılması mümkün olacağı halda bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Beləliklə, iddiaçı torpaq sahəsinin ayrılması barədə bələdiyyə müraciət etməmiş, məhkəməyə verilmiş iddia ərizəsinin bir surəti bələdiyyə daxil olduqdan sonra bələdiyyə iddiaçıya Əsasnaməyə uyğun torpaq sahəsinin satılmasına dair icraatın başlanması üçün dəfələrlə telefonla müraciət etmiş, hətta sonuncu müraciətində iddiaçı burada olmadığını, vəkilinin bələdiyyəyə gələcəyini bildirmişdir. Belə olan halda iddiaçı bələdiyyəyə Əsasnaməyə uyğun müraciət etmədiyi halda, iddiaçıya torpaq sahəsinin ayrılması üçün Əsasnaməyə müvafiq prosedurları həyata keçirilmədən (Əsasnamənin 16, 17, 18, 21 və 23-cü bəndlərinin tələblərinə uyğun) torpaq sahəsinin qiymətini müəyyən etmədən satılması qeyri-mümkündür, bələdiyyənin müvafiq prosedurları həyata keçirmədən torpaq sahəsinə dair əvvəl öz adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış alması və onun alqı-satqı müqaviləsi əsasında satılması qeyrimümkündür. İddia tələbinin torpaq sahəsinin qiyməti hissəsində də əsassızdır. Daha sonra cavabdeh etiraz ərizəsi verərək bildirmişdir ki, müvafiq iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-647/2021 saylı, 20.04.2021-ci il tarixli qərarı ilə iddiaçının iddiası təmin edilməmişdir.Bundan sonra İddiaçı həmin qərardan Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir.Sumqayıt Apellyasiya Məhkəməsinin 09.09.2021-ci il tarixli 2-l(105)-476/2021 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-647/2021 saylı, 20.04.2021-ci il tarixli qərarı ləğv edilmiş, qeyd edilən iş yenidən baxılması üçün Sumqayıt İnzati Məhkəməsinə göndərilmişdir. Hələ iş ilkin olaraq Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan zaman Bələdiyyə iddiaçının torpaq sahəsinin alınması ilə bağlı bələdiyyəyə müraciət etməsini, əgər həmin torpaq sahəsinin satılması mümkün olarsa, qiyməti qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyənləşdirildikdən sonra torpaq sahəsinin satılmasının bələdiyyənin heç bir etirazı olmamasını bildirmişik. Lakin buna baxmayaraq iddiaçı bələdiyyəyə yalnız iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı qəbul olunduqdan sonra yəni 09.09.2021-ci il tarixdən sonra qanuna müvafiq formada müraciət etmişdir.Onun müraciəti əsasında bələdiyyə tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinin bələdiyyənin adına dövlət reyestrindən çıxarış alındıqdan sonra iddiaçıya satıla bilməsinin mümkün olub-olmaması barədə torpaq sahəsinin müayinə edilməsi üçün “Kadastr və Yer quruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Xaçmaz İdarəsinə müraciət edilmişdir. Xaçmaz Ərazi İdarəsindən gəlmiş mühəndis ərazini müayinə etdikdən sonra mübahisələridirilən ərazinin başqa şəxsin adına dövlət reyestridən çıxarış olduğunu müəyyən etmiş və həmin ərazinin satılmasının mümkün olmamasını bildirmişdir. Göründüyü kimi mübahisələndirilən torpaq sahəsinin satılması üçün ilk növbədə bələdiyyənin adına dövlət reyestrindən çıxarış alınmalıdır ki, bələdiyyə həmin torpaq sahəsini iddiaçıya qanunla müəyyənləşdirilmiş qiymətə satsın. Bələdiyyə həmin əraziyə başqa şəxsin adına çıxarış olduğu üçün dövlət reyestrindən çıxarış ala bilmədiyindən iddia təmin edilə bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan və üçüncü şəxslər nümayəndəsinin iştiraklarını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********14-06301 saylı reyestr nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, MH seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, texniki pasportun surəti, 24.07.2020-ci il tarixli texniki pasportun surəti , cavabdehin etiraz ərizəsi, Quba Rayon İcra hakimiyyəti tərəfindən verilmiş 15.11.2021-ci il tarixli, 2503/2 nömrəli məktub, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi yerin daimi sakini və qeyd olunan torpaq sahəsinin faktiki sahibi olduğu vaxtdan yaranmış olur. Yəni iddiaçı 1999-cu ildən ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Quba şəhərinin 32-33-cü məhəlləsində yaşayır və həmin torpaq sahəsi ona məxsus olan hasarın daxilində yerləşir. Quba Bələdiyyəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Quba Bələdiyyəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi Quba Bələdiyyəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın şəxslərə ayrılması səlahiyyəti Quba Bələdiyyəsinə aiddir. Belə olduğu tədqirdə Quba Bələdiyyəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Quba Bələdiyyəsinə müraciət etmiş və inzibati orqan iddiaçının müraciətinə cavab verməmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Quba şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Hazırkı iddia tələbini araşdırarkən məlum olmuşdur ki, Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,02 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmək üçün iddiaçıya hərrac keçirmədən torpaq sahəsini satılmasını istəmiş. Lakin, inzibati orqan öz imtinasını onunla əsaslandırır ki, mübahisələridirilən ərazinin başqa şəxsin adına dövlət reyestridən çıxarış olduğunu üçün həmin ərazinin satılmasının mümkün olmamasını bildirmişdir. Məhkəmə cavabdeh təşkilatın gətirdiyi arqument ilə razılaşmır. Nəzərə alınmalıdır ki, “İnzibati İcraat haqqında” Qanunun tələblərinə əsasən cavabdeh təşkilatın inzibati orqan olaraq inzibati araşdırma aparmaq və araşrmanın nəticəsi olaraq ədalətli qərar qəbul etmək vəzifəsi var. Lakin hazırkı iş materialları araşdırılarkən məlum olmuşdur ki, cavabdeh təşkilat iddiaçının qanuni tələbini yerinə yetirmək əvəzinə müxtəlif bəhanələr gətirməklə ədalətli qərarın qəbul edilməsindən boyun qaçırır. Hazırkı iddia tələbinə ilkin olaraq Sumqayıt İnzibati Məhkəməsində baxılarkən cavabdeh təşkilat imtinasının əsasını iddia tələbinin “Bələdiyyə torpaqlarının ayrılması haqqında” Əsasnamənin tələblərinə zidd olması təşkil etmiş, lakin iddia tələbinə yenidən Sumqayıt İnzibati Məhkəməsində baxılarkən mübahisə predmeti olan torpaq sahəsinə başqa şəxsin adına mülkiyyət hüququnun qeydə alınması kimi bəhanə gətirərək üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina etmiş, lakin bununla bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Halbuki, “İnzibati Prosessual” Məcəllənin 14.3-cü maddəsinin tələbləri baxımından iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi Quba bələdiyyəsi qeyd olunan maddənin tələbləri baxımından mübahisə predmeti olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olub-olması ilə bağlı hər hansı bir dəlilini məhkəməyə təqdim etməmişdir. Əvəzinə məhkəmədən "xxxx" MMCnin Xaçmaz İdarəsinin mühəndisi tərəfindən aparılmış müayinənin nəticələrinin tələb edilməsi xahiş olunmuşdur. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığı tədqirdə, yəni həmin torpaq sahəsinin koordinatları müəyyən edilmədiyi tədqirdə keçirilməsi şübhəli olan müayinənin nəticələrinin tələb edilməsi mümkün deyil. Qeyd olunanlar bir daha cavabdeh təşkilatın müxtəlif bəhanələr gətirilməsinə dəlalət edir. Ona görə də cavabdeh təşkilatın gətirdiyi bu arqumenti məhkəmə əsassız hesab edir. Bundan başqa o da nəzərə alınmalıdır ki, cavabdeh təşkilat inzibati orqan kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Belə ki, 29 iyun 2001-ci ildə qüvvəyə minmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə məhz açıq hərrac vasitəsilə satılması məcburi deyil. Yəni qeyd olunan maddənin tələbləri baxımından vətəndaşdan geri alına bilməyən torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi zamanı açıq hərrac keçirilməsinə zərurət yoxdur. Quba Rayon İcra Hakimiyyətindən məhkəmənin sorğusuna verilən cavab məktubundan və mübahisəli torpaq sahəsinin yerləşdiyi yerin fotoşəkillərindən məlum olur ki, İddiaçı 1999-cü ildən, yəni 5 ildən artıq müddətdir ki, qeyd olunan ərazinin sakinidir və ailəsi ilə birlikdə həmin ünvanda inşa edilmiş fərdi yaşayış evində yaşayır. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyindədir, yəni iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan qeyri-yaşayış sahəsinin həyatyanı sahəsi kimi iddiaçıya məxus olan hasarın daxilində yerləşir, mübahisə predmeti olan torpaq sahəsində iddiaçıya məxsus olan xırda tikililər də mövcuddur. Qeyd olunan torpaq sahəsinin iddiaçıya satılması hər hansı bir şəxsin hüquqlarını pozmur. Belə ki, qeyd olunan torpaq sahəsinə olan giriş yolu iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən keçir. Torpaq sahəsinin normativ qiymətinə gəlincə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Göründüyü kimi, bələdiyələr tərəfindən satışa çıxarılan torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi bələdiyələrin diskression səlahiyyətinə aid edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından hərrac keçirilənədək bələdiyələr satışa çıxarılan torpaq sahəsinin bazar dəyərini müəyyən edərkən son 3 ay ərzində notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında və satışa çıxarılan torpaq sahəsinin əhatə edən ərazidə yerləşən torpaqların qiymətinə uyğun müəyyən edirlər. Hesab olunur ki, satışa çıxarılan torpaq sahəsinin normativ qiyməti bazar qiyməti ilə müəyyən edildiyinə görə və torpaqların bazar dəyərinin mütamadi olaraq artıb azalması müəyyən ediləcək normativ qiymətlərədə təsir göstərir, yəni müxtəlif dövrlərdə torpaqların bazar qiyməti artıb azalır. Ona görə də məhkəmə hesab edir ki, Quba bələdiyyəsi tərəfindən torpaq sahəsi hərrac keçirilmədən İddiaçı satılarkən yuxarıda qeyd olunanlar nəzərə alınaraq torpağın normativ qiyməti Quba bələdiyyəsi tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün açıq torpaq hərrac və ya müsabiqə keçirilmədən, Quba şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş normativ qiymətə uyğun İddiaçı satılması vəzifəsi cavabdeh Quba Bələdiyyəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2095/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2095/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver