Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2098/2021 09.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “12 dekabr 2006-cı il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş X1 “Eldarzadə” soyadından “Eldarov” soyadına dəyişdirilməsi öhdəliyinin bir vəzifə kimi Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 12 dekabr 2006-cı il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş X1 “Eldarzadə” soyadından “Eldarov” soyadına dəyişdirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 12 dekabr 2006-cı il tarixdə Xaçmaz rayonun Qusarçay kəndində anadan olmuş X4 iddiaçının doğma oğludur. 13.09.2013-cü il tarixdə övladı Fəridin soyad sonluğu “Eldarov”dan “Eldari’zadəyə dəyişdirilmişdir. Bununla əlaqədar müəyyən problemlər yaranmışdır. Belə ki, bütün nəsillərinin soyadı “Eldarov” olduğu halda yalnız oğlu Fəridin soyadı Eldarzadə olması müəyyən mülki problemlərə səbəb olmuşdur. Həm də Rusiya Federasiyasına getməyi ilə əlaqədar müəyyən çətinliklər yaranır. Konstitutsiya ilə verilmiş hüquqların həyata keçirilməsinə əngəl yaranır. Ona görə də oğlu Fəridin soyadının Eldarzadə soyadından Eldarov soyadına qaytarılmasını istəyirlər. Bu məsələ ilə əlaqədar Cavabdehnə müraciət etdikləri zaman oradan 09.09.2021-ci il tarixli məktubla imtina edilmiş və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr tərəfindən baxılır. Həmin məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin məcəllənin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adma rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qərarın təsviri hissəsində də qeyd edildiyi kimi iddiaçının digər uşaqlarına “Eldarov” soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşaqların soyadları bir qayda olaraq valideyinlərin soyadları ilə müəyyən edilir. Hazırkı iş üzrə iddia uşağın soyadının dəyişilməsi sonluğunun dəyişilməsi kimi qəbul edilməlidir. Bu halda isə valideyin və digər uşaqıların soyad sonluğuna uyğun sonluğun müəyyən edilməsi uşağında mənafeyinə uyğun hesab edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə hesab edir ki, uşağın mənafeyi nəzərə alınaraq, ailənin digər uşaqlarının soyadı “Eldarov” kimi qeyd edildiyi üçün, 12 dekabr 2006-cı il təvəllüdlü X2 da soyadı “Eldarov” kimi qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 12 dekabr 2006-cı il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş X1 “Eldarzadə” soyadının sonluğu dəyişdirilərək “Eldarov” soyadına dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 12 dekabr 2006-cı il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş X1 sonluğunun dəyişdirilərək, “Eldarzadə” soyadından “Eldarov” soyadına dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2098/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2098/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver