Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2101/2023 04.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “İcraiyyə Komitəsinin bağ təsərrüfat trestinin 08 mart 1996-cı il tarixli, 2707 saylı qərarına əsasən iddiaçının mərhum babası X2 ayrılmış Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1027 saylı, 0.25 ha bağ sahəsinin mərhum babasının mülkiyyət hüququ üzrə məxsus olmasının qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “İcraiyyə Komitəsinin bağ təsərrüfat trestinin 08 mart 1996-cı il tarixli, 2707 saylı qərarına əsasən iddiaçının mərhum babası X2 ayrılmış Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1027 saylı, 0.25 ha bağ sahəsinin mərhum babasının mülkiyyət hüququ üzrə məxsus olmasının qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri İcraiyyə komitəsinin bağ təsərrüfat trestinin 08 mart 1996-cı il il tarixli, 2707 saylı qərarına əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 115 saylı 0.25 ha torpaq sahəsi icarə əsasında iddiaçının mərhum babası X7 ayrılmışdır. Vəfat edənədək göstərilən bağ sahəsi onun mülkiyyətində, yəni istifadə və sahibliyində olmuşdur. Bağ sahəsindən uzun illərdir ki, iddiaçı mübahisəsiz istifadə edir. Mərhum babası X11 10 dekabr 2005-ci il tarixdə ürək damar çatmamazlığı səbəbindən vəfat etmişdir. Babasının vəfatından sonra ondan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar Bakı şəhəri 19 saylı notariat kontoruna tərəfindən müraciət edilmişdir. X5 vəfat etməsi ilə əlaqədar 02 sentyabr 2022-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Sözügedən bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinə müraciət etsə də idarə tərəfindən ona imtina verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinin xx.xx.2022-cİ il tarixli, **********46 nömrəli məktubunda aşağıdakılar göstərilmişdir: “Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,25 ha torpaq sahəsinin özəlləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar araşdırma zamanı hüquqmüəyyənedici sənəd qismində təqdim edilmiş xx.xx.1996-cı il tarixli icarə müqaviləsində düzəlişlərin olduğu, lakin düzəlişlərin sənədi tərtib edən müvafiq qurum tərəfindən möhürlə təsdiq edilmədiyi aşkar olunmuşdur”. Reyestr Xidmətinin bu imtinası qanunsuz və əsassızdır. Belə ki, qanunvericilikdə imtinanın bu cür halı nəzərdə tutulmamışdır. Reyestr xidməti müqavilədə göstərilən torpaq sahəsini mütəxsisləri vasitəsi ilə araşdırmalı, arxiv sənədlərini qaldırmalı idi. Onun şəxs olaraq belə bir öhdəliyi və ya vəzifəsi yoxdur. Reyestr xidmətinin bu imtina cavabı əslində onun - yəni inzibati proses iştirakçısı kimi bərabərlik hüququnu pozur. Çünki reyestr xidmətinin bu imtinasından açıq-aşkar görünür ki, onun qonşuluğunda yerləşən bağlara çıxarış verilib. Bunlardan başqa, reyestr xidməti imtinasının bağ sahəsinin mübahisəli olmasına dair hissəsini də əsaslandırmamışdır. Əgər bu barədə sübutları olsa idi əlbətdə ki, istinad etdiyi halları sübut edərdi. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış, habelə plan və ölçünün verilməsi barədə İddiaçı xx.xx.2022-ci ıl tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı Nazım qızına bildirilmişdir ki, müraciətə dair sənədlərin araşdırılması zamanı hüquqmüəyyənedicı sənəd qismində təqdim edilən 8 mart 1966-cı il tarixli icarə müqaviləsində düzəlişlər olunduğu, lakin düzəlişlərin sənədi tərtib edən müvafiq qurum tərəfindən möhürlə təsdiq edilmədiyi aşkar olunmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün əmlaka texniki baxış keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin nömrəsinin qonşu torpaq sahələrinin nömrə ardıcıllığına uyğun olmadığı, 0.0084 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Müraciətə qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin sərhəd ölçülərini müəyyən etmək üçün zəruri olan sənəd əlavə olunmadığından faktiki torpaq sahəsinin yerinin sənəd üzrə olan torpaq sahəsinə uyğunluğunun təyin edilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunur. Əlavə olaraq bildiririk ki, torpaq sahəsinin 0.0472 ha hissəsi 6 kVt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məlumat üçün bildiririk ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti tərəfindən tərtib edilmiş 2707 saylı, 08 mart 1966-cı il tarixli “Torpaq sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 1027 nömrəli bağ sahəsi X5 icarəsinə verilmişdir. - AZ-İ № 167774 saylı, 10 dekabr 2005-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 13 dekabr 1979-cu il tarixdə ölmüşdür. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 27 oktyabr 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1027 nömrəli bağ sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir, bağ sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmir və bağ sahəsinin qeydiyyata alınmasına etiraz edilmir. - Bakı şəhəri 19 saylı Notariat Ofisinin 480 saylı, 05 aprel 2023-cü il tarixli məktubundan görünür ki, mərhum X1 vərəsəsi nəvəsi İddiaçıdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 05 may 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.25 ha torpaq sahəsinin yerləşdiyi ərazidən "xxxx" ASC-yə məxsus hava elektrik verilişi xətti keçmir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 30 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Sumqayıt İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 30 sentyabr 2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1027 saylı, 0.25 ha bağ sahəsi Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti tərəfindən tərtib edilmiş 2707 saylı, 08 mart 1966-cı il tarixli “Torpaq sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” müqavilə əsasında X1 icarəsinə verilmiş və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində olmuşdur. X3 öldükdən sonra İddiaçı onun vərəsəsi kimi tanınmışdır. İddiaçı mübahisə predmeti olan torpaq sahəsi üzərində mərhum babasının mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, həmin orqanın 30 sentyabr 2022-ci il tarixli bildirişi ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Cavabdeh orqan 30 sentyabr 2022-ci il tarixli imtinasını qeyd olunan dəlillərlə əsaslandırmışdır:
1. hüquqmüəyyənedici sənəd qismində təqdim edilmiş 08 mart 1966-cı il tarixli icarə müqaviləsində düzəlişlərin edilməsi, lakin düzəlişlərin sənədi tərtib edən müvafiq qurum tərəfindən möhürlə təsdiq edilməməsi;
2. qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin nömrəsinin qonşu torpaq sahələrinin nömrə ardıcıllığına uyğun olmaması;
3. 0.0084 ha zəbt torpaq sahəsinin olması;
4. torpaq sahəsinin 0.0472 ha hissəsinin 6 kVt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə cavabdeh orqanın ilkin dəlilinə münasibətdə bildirir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1027 saylı, 0.25 ha bağ sahəsi Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti tərəfindən tərtib edilmiş 2707 saylı, 08 mart 1966-cı il tarixli “Torpaq sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” müqavilə əsasında X1 icarəsinə verilmişdir. Cavabdehin qeyd edilən dəlilinin araşdırılması üçün aidiyyatı üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq sözügedən müqavilənin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Məhkəməyə sorğu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Torpaq sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” 2707 saylı, 08 mart 1966-cı il tarixli müqavilənin təsdiq edilmiş surəti təqdim edilmişdir. Qeyd edilən müqavilənin tədqiqi zamanı hər hansı düzəlişin edilməsi və həmin düzəlişin sənədi tərtib edən müvafiq qurum tərəfindən möhürlə təsdiq edilməməsi halı öz əksini tapmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Məhkəmə cavabdeh orqanın ikinci dəlilinin araşdırılması üçün cavabdeh orqana məhkmə sorğusu ünvanlayaraq, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.25 ha torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı müayinə aktının və ortofoto xəritəsindən çıxarışın təqdim edilməsini xahiş etmişdir. Cavabdeh orqanın 10 may 2023cü il tarixdə məhkəməyə daxil olmuş cavab məktubun əlavə edilmiş ortofoto xəritəsindən görünür ki, mübahisəli torpaq sahəsi elektron baza məlumatlarında 1027 nömrəsi ilə öz əksini tapmaqdadır və mübahisə predmeti olan 1027 saylı bağ sahəsinin ətrafında 1022, 1026 saylı bağ sahələri də mövcuddur. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri ilə qonşu torpaq sahələrinin nömrə ardıcıllığı vardır. Məhkəmə cavabdeh orqanın mübahisəli torpaq sahəsi ilə bağlı 0.0084 ha zəbt torpaq sahəsinin olması dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu əsasında əldə edilmiş müayinə aktından da görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsində həqiqətən də, 0.0084 ha zəbt torpaq sahəsi mövcuddur. Lakin hazırki iddia tələbində iddiaçı qeyd olunan torpaq sahəsinin faktiki koordinatlarının deyil, yalnız 0.25 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istəyir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab edir. Məhkəmə cavabdeh orqanın sonuncu, yəni torpaq sahəsinin 0.0472 ha hissəsinin 6 kVt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi dəlilinə münasibətdə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 27 oktyabr 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1027 nömrəli bağ sahəsi 6 kvt-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir, bağ sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmir və bağ sahəsinin qeydiyyata alınmasına etiraz edilmir. Buna baxmayaraq, məhkəmə qeyd edilən dəlilin araşdırılmasının təmin edilməsi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sorğu ünvanlayaraq Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.25 ha torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşib-yerləşməməsi barədə məhkəməyə məlumat verilməsi, əgər yerləşirsə həmin elektrik xəttinin nə zaman çəkilməsi, işlək olub-olmaması barədə ətraflı məlumat verilməsini xahiş etmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 10 may 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi 1992-ci ildə istismara verilmiş 6 kV-luq “Bağ-6” elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Göründüyü kimi mübahisə prdemeti olan torpaq sahəsi 1966-cı ildən iddiaçının mərhum babasının, babası öldükdən sonra isə iddiaçının istifadəsindədir. Elektrik xətti isə 1992ci ildə çəkilmişdir və torpaq sahəsi həmin elektrik xəttinin istismarına heç bir maneçilik törətmir. Belə olan halda isə torpaq sahəsi 0.0472 ha hissəsinin 6 kVt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi vətəndaşın mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhər X9 İcraiyyə Komitəsinin bağ təsərrüfat trestinin 08 mart 1996-cı il tarixli, 2707 saylı qərarına əsasən iddiaçının mərhum babası X2 ayrılmış Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1027 saylı, 0.25 ha bağ sahəsi üzərində X1 mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Sumqayıt şəhər X9 İcraiyyə Komitəsinin bağ təsərrüfat trestinin 08 mart 1996-cı il tarixli, 2707 saylı qərarına əsasən iddiaçının mərhum babası X2 ayrılmış Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1027 saylı, 0.25 ha bağ sahəsi üzərində X1 mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva