Məhkəmə qərarları › İş №2-1(118)-2103/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2103/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2103/2022 13.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “09 sentyabr 2011-ci il tarixdən "xxxx" MMC-in baş direktoru vəzifəsindən azad olunmağı barədə verilmiş əmr və həmin əmr üzrə əmək kitabçasında aparılmış qeyd əsasında onun kommersiya qurumunun Dövlət reyestrində direktor olmağı qeydinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 noyabr 2007-ci il tarixdən 22 dekabr 2008-ci il tarixə, 05 yanvar 2011-ci il tarixdən 09 sentyabr 2011-ci il tarixə kimi "xxxx" MMC-in direktoru vəzifəsində işləmişdir. Birinci dəfə direktor vəzifəsinə təyin olunanda müəssisədə kərpic zavodunun tikintisi aparmış, 2008-ci ilin yanvar ayından vəsait olmadığı üçün müəssisədə işlər tamamilə dayandırılmışdır. İkinci dəfə, yəni 2011-ci ilin yanvar ayında yenidən müəssisəyə direktor təyin edilmiş, müəssisə sahibləri bildirmişlər ki, işlər davam etdiriləcəkdir. Lakin heç bir iş aparılmamış və kərpic zavodunun tikintisi yarımçıq qalmışdır. 2011-ci ilin sentyabr ayında direktor vəzifəsindən azad edilmiş və öhdəliyində olanlara təhvil verib həmin müəssisədən ayrılmışdır. 2011-ci ilin sentyabr ayından "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq iddiaçı hələ də "xxxx" MMC-in direktoru kimi qeydiyyatdadır və müəssisəylə bağlı tələblərlə bağlı mesajlar hələ də onun telefonuna göndərilir. İddiaçı cavabdehə müraciət edərək "xxxx" MMC-yə məxsus VÖEN-in adından çıxarılmasını xahiş etsə də, müsbət nəticə olmamışdır. Müəssisə işləmədiyi halda Dövlət Sosial Müdafiə Fondu tərəfindən 9880 manat borc hesablanmışdır. Direktor vəzifəsindən azad olunmağından 10 ildən artıq vaxt keçməsinə baxmayaraq 9 saylı Ərazi Vergilər İdarəsi həmin borcun tərəfindən ödənilməsi barədə iddia qaldırır. İkinci dəfə o cavabdehə müraciət edərək 09 sentyabr 2011-ci il tarixdən "xxxx" MMC-in baş direktoru vəzifəsindən azad olunmağını xahiş etsə də onlar 05 noyabr 2021-ci il tarixli **********623900 saylı imtina məktubu göndərərək göstərmişlər ki, “cəmiyyətdə rəhbər dəyişilməsi barədə xx.xx.2021-ci il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli, **********183800 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Qanunvericiliyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərinin dəyişdirilməsi üçün təsisçilərin ümumi yığıncağının qərarı müvafiq ərizə forması ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalıdır. Hüquqi şəxslərin dövlət reyestrində xx.xx.2021-ci il tarixə cəmiyyətin rəhbərinin İddiaçı olması barədə məlumat mövcuddur və rəhbərin dəyişdirilməsi ilə bağlı hal-hazıradək qeydiyyat orqanına müraciət olunmamışdır. Eyni zamanda bildiririk ki, qanunvericiliklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Odur ki, cəmiyyət ilə aranızda yaranmış mübahisənin həll olunması üçün məhkəməyə müraciət edə bilərsiniz. Cəmiyyətin rəhbər dəyişikliyi ilə bağlı hüquqi şəxsin dövlət reyestrində müvafiq düzəlişlərin aparılması üçün dəyişiklik baş verən gündən 40 gün müddətində aşağıda qeyd olunan sənədlər 9 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməlidir: Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) tərəfindən təsdiq edilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilməsi barədə imza və möhürlə təsdiq edilmiş səhmdarların ümumi yığıncağının qərarı lazım olduğunu bildirmişlər”. Bildirir ki, "xxxx" MMC-in sahibi X1 həmin müəssisəsini yaratmış, başqa heç bir təsisçi (yəni ortağı) olmamışdır. O, da 2011-ci ilin payızında ölkəni tərk etmiş və həmin vaxtdan da yer məlum olmayan xarici ölkədən birindədir. Bildiyinə görə F. Dünyamalıyev Ukrayna vətəndaşdır və 2011-ci ildən bu günə kimi onunla heç bir əlaqəsi olmamışdır. Hal-hazırda həmin müəssisə tamamı ilə dağılmış və baxımsız vəziyyətdədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası ilə onun konstitusion hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsindən azad olunması qeydinin avtomatlaşdırılmış vergi informasiya sistemində aparılması öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ərizəsində xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək və xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru vəzifəsində işlədiyini, vəsait olmadığı üçün müəssisənin tikinti işlərinin tamamilə dayandırıldığını və müəssisənin fəaliyyəti olmadığı üçün 2011-Cİ İlin Söntyəbr ayında həmin müəssisədə olan direktor vəzifəsindən azad edildiyini bildirmişdir. Lakin, buna baxmayaraq həmin vəzifədəki qeydiyyatı ləğv edilmədiyindən müəssisəyə hesablanan 9880 manat Dövlət Sosial Müdafiə Fondu borcunun rəhbər olduğu üçün onun tərəfindən ödənilməsi öhdəliyi qoyulduğunu bildirmişdir. Fəaliyyəti olmadığı üçün göstərilən məbləğin müəssisəyə hesablanmalı olmadığını, 2011-ci ilin sentyabr ayından müəssisədəki vəzifəsindən azad olunduğu üçün ümumiyyətlə həmin borca görə məsuliyyət daşımadığını və qeyd olunan müəssisənin direktoru olmaması qeydinin aparılması öhdəliyinin 9 saylı Ərazi Vergilər İdarəsinə aid edilməli olduğunu bildirmişdir. 9 saylı Ərazi Vergilər İdarəsi iş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbi ilə razı deyil və həmin tələbi aşağıdakı səbəblərə görə tam əsassız hesab edir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2006-cı il tarixdə ********** saylı VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2007-ci il tarixli 56-K nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2007-ci il tarixdən cəmiyyətin Baş direktoru vəzifəsinə təyin olunmuşdur. Vergi orqanı tərəfindən "xxxx" MMC-nin dövlət qeydiyyatında rəhbər dəyişikliyinin aparılması üçün məlumat dəyişikliyini təsdiq edən sənədləri (müvafiq ərizə forması, yeni rəhbərin təyin olunması haqqında iclasın qərarı, rəhbərin şəxsiyyət vəsiqəsinin surəti) vergi orqanına təqdim olunması ilə bağlı cəmiyyətə xx.xx.2021-ci ii tarixil **********623900 nömrəli məktub göndərilməsinə baxmayaraq və qanunvericiliklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi İddiaçı bildirilsə də bu günə qədər cəmiyyət tərəfindən vergi orqanına təsis sənədlərində dəyişiklik ilə bağlı heç bir sənəd təqdim olunmamışdır. Həmçinin aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tutduğu vəzifədən azad edildiyini bildirsə də cəmiyyətin fəaliyyəti ilə bağlı onun tərəfindən vergi orqanına xx.xx.2009-cu il tarixli 06/09 nömrəli, xx.xx.2009-cu il tarixli 14/09 nömrəli, xx.xx.2009-cu il tarixli 18/09 nömrəli, xx.xx.2010-cu il tarixli 01/10 nömrəli, xx.xx.2010-cu il tarixli 02/10 nömrəli, xx.xx.2010-cu il tarixli 10/10 nömrəli və xx.xx.2012-ci il tarixli **********628800 nömrəli məktublar göndərilmişdir (məktublar etiraza əlavə olunur).Buradan da məlum olur ki, İddiaçı iddia ərizəsində xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək və xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyini qeyd etsə də həmin tarixlərə təsadüf etməyən dövrlərdə belə müəssisənin rəhbəri qismində vergi orqanına rəsmi müraciətlər ünvanlamışdır ki, bu hal onun sözügedən müəssisədə rəhbər vəzifəsində işləməsinin sübutudur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik qeydiyyata alınmalıdır. Qeyd olunan Qanunun 9.2-ci və Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasan isə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 05 noyabr 2021-ci il tarixli **********623900 nömrəli imtina məktubu, etirazı, Əmək Müfəttişliyi Xidməti tərəfindən verilmiş **********0 nömrəli, xx.xx.2022-ci il tarixli məktub və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ MMC-yə icraçı direktor təyin edildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 9 saylı Ərazi Vergilər İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının direktoru olduğu MMC 9 saylı Ərazi Vergilər İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşmiş və qeyd olunan ərazi üzrə hüquqi şəxslərin vergi yığımlarının qeydə alınması səlahiyyəti 9 saylı Ərazi Vergilər İdarəsinə aiddir. Belə olduğu tədqirdə 9 saylı Ərazi Vergilər İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı 9 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmiş və inzibati orqanın 05 noyabr 2021-ci il tarixli **********623900 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Cavabdeh təşkilatın hazırkı, iddia tələbinin Şirvan İnzibati Məhkəməsində baxılmalı olması ilə bağlı gətirdiyi arqumentə münasibətdə məhkəmə hesab edir ki, hazırkı iddia tələbi hüquqi şəxsin adından deyil, hüquqi şəxsin icraçı direktoru işləmiş Əlisafa Cəbiyevin adından fiziki şəxs qismində verilmişdir. İddiaçının qeydiyyatda olduğu ünvanın Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasında olması səbəbindən hazırkı, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkün hesab edilir. Məhkəmə iddia tələbini araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik qeydiyyata alınmalıdır. Qeyd olunan Qanunun 9.2-ci və Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasan isə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. İş materiallarında olan Əmək Müfəttişliyi Xidməti tərəfindən verilmiş **********0 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Nəzərə alınamlıdır ki, iddiaçı ilə əmək münasibətlərində olmuş "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə baxmyaraq cavabdeh təşkilat iddiaçıya məxsus olan əmək kitabçasında olan işə qəbul edilməsi ilə bağlı qeydə əsaslı sayması, lakin həmin əmək kitabçasında iddiaçının tutuduğu vəzifədən azad edilməsi barədə qeyd əsassız olması ilə bağlı nəticəni məhkəmə ədalətli hesab etmir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, işçi ilə işəgötürən arasında əmək münasibətlərini əks etdirən sənəd əmək kitabçası olduğuna və həmin əmək kitabçasında olan qeydlərin qeyri-ciddiliyinə dair dəlillər olmadığına görə əmək kitabçasında olan dəlillər mötəbər sayılır. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyini şübhə halına gətirən hər hansı bir dəlil cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsindən azad olunması qeydinin avtomatlaşdırılmış vergi informasiya sistemində aparılması öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün kifayət qədər əsaslar olduğundan və iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsindən azad olunması qeydinin avtomatlaşdırılmış vergi informasiya sistemində aparılması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar