Məhkəmə qərarları › İş №2-1(118)-2107/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2107/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2107/2023 31.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “İddiaçı ilə X1 nikahının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək X2 ilə nikahının qeydə alınmasını xahiş etmişdir. Cavabdeh ərizənin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ailə vəziyyəti barədə arayış təqdim edilmədiyinə görə müraciətin təmin edilməsi mümkün deyildir. Bununla razılaşmayaraq bildirilir ki, Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı 2008-ci ildə X5 ilə nikaha daxil olublar. Həmin nikah 2015-ci ildə pozulmuşdur.Nikah qeydə alınarkən əcnəbi şəxslərdən subaylıq arayışının tələb olunması başadüşüləndir, lakin bu arayışın tələb edilməsində məqsəd onun nikahda olub-olmamasını müəyyən etməkdir. İddiaçı 1994-cü ildən Azərbaycan Respublikasında yaşadığını, 2008-ci ildə nikaha girdiyini, həmin nikaha daxil olarkən subaylıq arayışını təqdim etdiyini və o tarixdən ölkəmizin ərazisini tərk etmədiyini nəzərə alsaq, bu nəticəyə gəlmək olar ki, şəxs hazırda subaydır və onun yenidən nikaha daxil olması üçün heç bir məhdudiyyət mövcud deyildir. İddiaçı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qaçqın olaraq qeydiyyata alınmış X3 malik olan şəxsdir. Göründüyü kimi qanunvericilik qaçqın statusunda olan şəxslərə müəyyən müstəsna hüquqlar təsbit etmişdir ki, bunlardan biri də onların nikahlarının qeydə alınmasıdır. Belə olan halda hesab edirik ki, cavabdeh orqanın mövqeyi əsassızdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı şöbəyə nikaha daxil olmaq istəyi barədə ərizə ünvanlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasfnm 3.4 maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadıqda, evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin vəziyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq, onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır. Ailə vəziyyətinə dair arayış təqdim edilmədiyi üçün nikahın qeydə alınması mümkün olmamışdır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/Q-15/15 nömrəli imtina məktubu, etiraz ərizəsi, Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, Şəxsiyyət vəsiqələrin surəti, Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 33/4038 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 2.4-cü maddəsinə əsasən nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Həmin Məcəllənin 11.1 -ci maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. İşin faktiki hallarına əsasən həm iddiaçı, həm də onun nikaha daxil olmaq istədiyi üçüncü şəxs nikaha daxil olmağa razıdırlar, bu barədə qanunla müəyyən edilmiş qaydada ərizələr cavabdehə təqdim edilmiş, lakin cavabdeh ailə vəziyyəti barədə arayışı təqdim edilməməsi əsası ilə nikahı qeydə almaqdan imtina etmişdir. Cavabdeh iddiaçının Azərbaycan Respublikasında nikahda olmasını, o cümlədən həmin nikaha xitam verildikdən sonra Azərbaycan Respublikasının sərhədlərini tərk etməməsini nəzərə almamışdır. Belə ki, iddiaçının Azərbaycan Respublikasından sonuncu çıxışı xx.xx.2009-cu ilə, sonuncu girişi xx.xx.2009-cu ilə, nikahına xitam isə 2015-ci ildə təsadüf etmiş və qeyd olunan tarixdən sonra iddiaçının ölkə ərazisindən kənara çıxması öz təsdiqini tapmamışdır. Belə olan halda subaylıq haqqında arayışın iddiaçının mənsub olduğu ölkənin səlahiyyətli qurumu tərəfindən verilməsinə zərurət yoxdur. Nəzərə alınmalıdır ki, nikahın müvafiq icra hakimiyyəti orqanında rəsmiləşdirilməsi zamanı şəxsin iştirakı məcburi xarakter daşıyır və iddiaçının 2015-ci ildə Azərbaycan Respublikasında olan nikahına xitam verildikdən sonra onun ölkə ərazisini tərk etməməsi onun başqa bir ölkədə nikaha daxil olmasını mümkünsüz edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi" icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1 -ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ilə X1 nikahının qeydə alınması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar