Məhkəmə qərarları › İş №2-1(118)-2109/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2109/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2109/2023 28.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1962-ci il təvəllüdlü İddiaçı hüququnun yarandıgı vaxtdan - 60 yaşından güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı ilkin olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya hüququnun yarandığı vaxtdan – 57 yaşından güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci ildən xx.xx.1981-ci il tarixə kimi 49 saylı Sumqayıt TPM-də təhsil almış və xx.xx.1981-ci ildə Sumqayıt Boruyayma zavodunda tokar vəzifəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1981-ci ildə öz xahişi ilə işdən çıxmış və xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixə kimi Sovet Ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra xx.xx.1983-cü ildə yenidən Azərboruyayma zavodunda əmək fəaliyyətini davam etdirmiş, xx.xx.1986-cı ildə öz xahişi ilə işdən çıxmışdır. Bundan sonra o, Bakıbaştikinti İdarəsinin mexaniki təmir zavodunda xx.xx.1986-cı ildə 5-ci dərəcəli çilingər kimi işə qəbul edilmiş və xx.xx.1988-ci ildə öz xahişi ilə işdən çıxmışdır. Daha sonra o, “Azərkimyatəmirtikinti» trestinə xx.xx.1988-ci ildə çilingər qaz kəsicisi vəzifəsində işə qəbul edilmiş və xx.xx.1998-ci il tarixə kimi bu iş sahəsində işləmişdir. 1998-2000-ci illərdə "xxxx" İstehsalat Kommersiya Şirkətində qaz kəsicisi vəzifəsində işləmiş və xx.xx.2000-ci ildə Sumqayıt Aliminium zavoduna elektroliz təknələrinin əsaslı təmiri sexinə 6-cı dərəcəli qazlakəsən vəzifəsində işə qəbul olunmuşdur. xx.xx.2005-ci ildə öz xahişi ilə işdən çıxmış və 2012-ci ildən hal-hazırki vaxtadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətində əmək fəaliyyətini davam etdirir. Göründüyü kimi, 1978-ci ildən 2006-cı ilədək onun ümumi əmək stajı 28 təşkil etmiş və həmin əmək stajının 19 ilini isə zərərli işlərdə işləmişdir. “Azərkimyatəmirtikinti” trestində işlədiyi dövrün (1988-1998) zərərli iş sahəsinə aid edilməsi ilə bağlı o, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt şəhər filialından rəsmi arayış almış, lakin cavabdeh həmin arayışı nəzərə almamışdır. İddiaçı cavabdehə bütün sənədləri təqdim etməklə ona güzəştli şərtlərlə əmək pensiyasını təyin etməsini xahiş etmiş, lakin cavabdeh ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubla bundan imtina etmiş və bildirmişdir ki, güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay 14 gün) olduğu üçün (xx.xx.2012-xx.xx.2022) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür. Cavabdehin bu imtinası tamamilə əsassızdır, belə ki, cavabdeh iddiaçının zərərli iş yerlərində işlədiyi əmək stajlarını nəzərə almamış, yalnız son dövrü götürməklə bu imtinanı vermişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından inzibati orqanın imtinası qanuna zidd olmaqla hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunur ki, iddiaçının işlədiyi «takelajçı» vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na daxil edildiyi və işlədiyi sahələrin və müəssisələrin zərərli işlərin görüldüyü müəssisələr təsnifatına daxil edildiyi üçün onun həmin iş sahələrində əldə etdiyi əmək stajı da nəzərə alınmaqla hesablanmalı idi, bu halda iddiaçının yetərli əmək stajının olması öz təsdiqini tapardı. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, Vəkil iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq iddiaya dəqiqləşmə barədə ərizə təqdim edərək xx.xx.1962-ci il təvəllüdlü İddiaçı hüququnun yarandıgı vaxtdan - 60 yaşından güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı müdafiə edərək iddianının təmin edilməməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdeh orqandan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bunun müqabilində, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Belə ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərə əsasən onun qanunvericiliklə tələb edilən güzəştli stajının olmadığı müəyyən edilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Cavabdeh orqana təqdim edilən sənədlərə əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay 14 gün (xx.xx.2012-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) olduğu üçün ona yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. • İş materiallarında olan cavabdehin 06 yanvar 2023-cü il tarixli imtina məktubundan görünür ki, onun müraciətindən imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. • ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1978ci ildən xx.xx.1981-ci il tarixədək Sumqayıt Texniki peşə məktəbində təhsil almış, xx.xx.1981-xx.xx.1981-ci illərdə Sumqayıt Boruyayma zavodunda çalışmış, xx.xx.1981xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1981-xx.xx.1986-cı illərdə Azərboruyayma zavodunda, xx.xx.1986-xx.xx.1988-ci illərdə Bakıbaştikinti İdarəsində (çilingər vəzifəsi), xx.xx.1988-xx.xx.1998-ci illərdə “Azərkimyatəmirtikinti” trestində, xx.xx.1998-xx.xx.2000-ci illərdə "xxxx" İstehsalat Kommersiya Şirkətində, xx.xx.2000xx.xx.2005-ci illərdə Sumqayıt Alüminium zavodunda (qazlakəsən vəzifəsi), xx.xx.2012xx.xx.2014-cü illərdə “Azneft” İstehsalat Birliyində, xx.xx.2014-xx.xx.2014-cü illərdə, xx.xx.2014-xx.xx.2020-ci illərdə ARDNŞ-də çalışmış, xx.xx.2020-ci ildən hal-hazıradək SOCAR Azneft İB-də çalışır. • İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. • İşdə olan SOCAR “Azneft” İB 1 saylı Nəqliyyat İdarəsinin 278 saylı, xx.xx.2022-ci il tarixli işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışına əsasən iddiaçının səyyar kompressor maşinisti peşəsi (xx.xx.2014-xx.xx.2020-ci illər, xx.xx.2020hal-hazıradək) üzrə sosial sığorta (və ya iş) stajı 8 il, 3 ay, 9 gün təşkil edir və həmin peşə güzəştli hesab olunur. • İşdə olan SOCAR “Azneft” İB “Neft Daşları” Neft və qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2012-xx.xx.2014-cü illərdə qazkompressor sexində səyyar kompressorların maşinisti (1100000a-13979) vəzifəsində çalışmış və həmin peşə güşəştli peşə hesab olunur. Həmin vəzifə üzrə iddiaçının iş stajı 02 il 00 ay 17 gün təşkil edir. • SOCAR Nəqliyyat İdarəsinin 17 noyabr 2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2014-cü ildən 4-cü dərəcəli səyyar kompressorun maşinisti peşəsinə işə qəbul edilib. Həmin vəzifədə xx.xx.2014-cü il tarixədək çalışmaqla 6 ay güzəştli staja malik olmuşdur. • İşdə olan Dövlət Arxivinin Sumqayıt Filialının 2021-ci il tarixli, 574 saylı arayışına əsasən iddiaçı 1988-1998-ci illərdə “Azərkimyatəmir” Tresti 3 saylı TTQİ-nin zərərli sexlərdə işləyən işçiləri siyahısına (çilingər vəzifəsi) daxil edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq: İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması (60 yaş) və müvafiq sosial sığorta (və ya iş) stajının olmasından yaranmış olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin inzibati orqanın xidmət göstərdiyi ərazinin (Sumqayıt şəhəri) sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin **********7 nömrəli, 06 yanvar 2023-cü il tarixli nömrəli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, ərazi aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Məhkəmə ilkin olaraq iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, hazırki iş üzrə ümumi stajla bağlı cavabdeh orqanın heç bir mübahisəsi yoxdur. Belə ki, iş materiallarına əlavə ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1978ci ildən xx.xx.1981-ci il tarixədək Sumqayıt Texniki peşə məktəbində təhsil almış, xx.xx.1981-xx.xx.1981-ci illərdə Sumqayıt Boruyayma zavodunda çalışmış, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1981-xx.xx.1986-cı illərdə Azərboruyayma zavodunda, xx.xx.1986-xx.xx.1988-ci illərdə Bakıbaştikinti İdarəsində (çilingər vəzifəsi), xx.xx.1988-xx.xx.1998-ci illərdə “Azərkimyatəmirtikinti” trestində, xx.xx.1998-xx.xx.2000-ci illərdə "xxxx" İstehsalat Kommersiya Şirkətində, xx.xx.2000-xx.xx.2005-ci illərdə Sumqayıt Alüminium zavodunda (qazlakəsən vəzifəsi), xx.xx.2012-xx.xx.2014-cü illərdə “Azneft” İstehsalat Birliyində, xx.xx.2014-xx.xx.2014-cü illərdə, xx.xx.2014-xx.xx.2020-ci illərdə ARDNŞ-də çalışmış, xx.xx.2020-ci ildən hal-hazıradək SOCAR Azneft İB-də çalışır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) Sığortaolunanın sığorta stajına daxil edilir (maddə 21.2.11). Beləliklə, iddiaçının ümumi iş stajının 35 il, 06 ay, 10 gün olması iş materialları ilə təsdiq olunmuşdur. İddiaçının güzəştli stajı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, işdə olan SOCAR “Azneft” İB 1 saylı Nəqliyyat İdarəsinin 278 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçının səyyar kompressor maşinisti peşəsi (xx.xx.2014-xx.xx.2020-ci illər, xx.xx.2020-hal-hazıradək) üzrə sosial sığorta (və ya iş) stajı 8 il, 3 ay, 9 gün təşkil edir və həmin peşə güzəştli hesab olunur. Həmin səyyar kompressor maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10.2-ci bölməsinin (“neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı”) “a” bəndində (6-cı abzas) müəyyən edilmiş sahənin və vəzifənin (peşənin) xüsusiyyətləri ilə eynidir. Daha sonra SOCAR “Azneft” İB “Neft Daşları” Neft və qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2012-xx.xx.2014-cü illərdə qaz-kompressor sexində səyyar kompressorların maşinisti (1100000a-13979) vəzifəsində çalışmış və həmin peşə güşəştli peşə hesab olunur. Həmin vəzifə üzrə iddiaçının iş stajı 02 il 00 ay 17 gün təşkil edir. SOCAR Nəqliyyat İdarəsinin 17 noyabr 2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2014cü ildən 4-cü dərəcəli səyyar kompressorun maşinisti peşəsinə işə qəbul edilib. Həmin vəzifədə xx.xx.2014-cü il tarixədək çalışmaqla 6 ay güzəştli staja malik olmuşdur. Yəni, iddiaçının mübahisəsiz güzəştli stajı 10 il, 8 ay, 14 gündür. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının 1988-1998-ci illərdə “Azərkimyatəmir” Trestində zərərli sexlərdə çalışdığı illərin güzəştli iş stajı kimi hesablanmaması əsassızdır. Belə ki, Dövlət Arxivinin Sumqayıt Filialının 2021-ci il tarixli, 574 saylı arayışına əsasən iddiaçı 1988-1998-ci illərdə “Azərkimyatəmir” Tresti 3 saylı TTQİ-nin zərərli sexlərdə işləyən işçiləri siyahısına (çilingər vəzifəsi) daxil edilmişdir. Halhazırda “Azərkimyatəmir” Tresti fəaliyyət göstərmir. Məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq həmin müəssisənin hüquqi varisinin müəyyən olunmasına dair sorğular göndərilsə də, hər hansı bir nəticə əldə edilməmişdir. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının 11-12-ci səhifələrində iddiaçının həmin trestdə “çilingər” vəzifəsində çalışdığı təsdiq olunur. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 8-ci bölməsində (kimya istehsalı) qeyd olunan zərərli peşələrə uyğundur. Yuxarıda qeyd olunan mübahisəsiz güzəştli iş stajı kimi qəbul olunan vəzifələrlə eyni siyahıda göstərilən vəzifənin güzəştli iş stajı kimi nəzərə alınmaması və nəticədə iddiaçıya güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını istisna edən hal onun sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirildiyindən məhkəmə hesab edir ki, həmin illər də iddiaçının güzəştli iş stajına daxil edilərək hesablanmalıdır. Bundan əlavə 1992-ci il tarixədək işçinin əldə etdiyi güzəştli iş stajının təsdiq olunduğu əmək kitabçası ona güzəştli şərtlərlə pensiya hesablanması üçün yetərlidir, əlavə olaraq müəssisənin arayış verməsinə zərurət yoxdur. Göründüyü kimi, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasında onun ümumi və güzəştli iş stajına malik olması təsdiqlənmişdir. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanan qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 60 yaşına çatması, azı 25 il iş stajının olması və bu müddətin 12 il 06 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı hüququnun yarandıgı vaxtdan - 60 yaşından (xx.xx.2022-ci il tarixdən) güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı hüququnun yarandıgı vaxtdan - 60 yaşından (xx.xx.2022-ci il tarixdən) güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar