Məhkəmə qərarları › İş №2-1(118)-2114/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2114/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2114/2024 03.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı (X1 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: qeydiyyatdan çıxarılma) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı (X1 üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə 3 aprel 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, şifahi qaydada açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 noyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən əmlak İddiaçı xüsusi mülkiyyətindədir, həmin mülkiyyətin tam payının sahibidir.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 13 oktyabr 2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, ünvan 3 ünvanında 28 avqust 1977-ci il təvəllüdlü X2 qeydiyyatdadır.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 31 oktyabr 2024-cü il tarixli, 3-13-58/2-N-47234/11/23 nömrəli məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğun olunduğu bildirilib, ərizədə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmağı qeyd edilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 27 fevral 2024-cü il tarixli, 3-21-3-31/2-736/2024 nömrəli məktubuna əsasən Sumqayıt şəhəri, 13cü mikrorayon, ev 9B, 15-ci mənzilə dair istifadə hüquqlarının olub-olmaması barədə 2 saylı Sumqayıt Ərazi İdarəsində hər hansı məlumat aşkar edilməmişdir. Müvafiq mənzilə dair hər hansı məhkəmə mübahisəsi ilə bağlı məlumat aşkar edilməmişdir. Qeyd olunan mənzilə dair 2 saylı Sumqayıt Ərazi İdarəsində mövcud olan hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surəti qoşma ilə göndərilmişdir.

5. 24 iyul1995-ci il tarixli, 5361 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır və 1977-ci il təvəllüdlü Şirin Hidayət qızı onun ailə üzvüdür.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 29 fevral 2024-cü il tarixli, 18/2-5786/2024 nömrəli məktubuna əsasən, X1 ünvan 3 ünvanına qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlanma müddəti (beş il) bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 6 mart 2024-cü il tarixli, 3-21-3-31/2-866/2024 nömrəli məktubuna əsasən, ərazi idarəsində mövcud olan arxiv materiallarına və elektron baza məlumatlarına əsasən Sumqayıt şəhəri, 13cü mikrorayon, ev 9B, 15 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir, ünvan olaraq təkrarlanmır.

8. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil-Kommunal Sahəsinin 26 fevral 2024-cü il tarixli, 232 nömrəli arayışına əsasən, 1977-ci il təvəllüdlü X2 23 iyun 1994-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyata alınmışdır, göstərilən ünvanda yaşamır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

9. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ünvan 5 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbinin əsasları: - ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 42.5 kv.m olan 1 otaqlı mənzil Daşınmaz Əmlakın RX №0300344 saylı Dövlət reysterindən və ********** saylı 26 noyabr 2011-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsusdur; - X2 hazırda həmin mənzildə qeydiyyatda olması iddiaçıya mülkiyyətçi kimi sahiblik hüquqlarını həyata keçirməyə mane olur; - Bununla əlaqədar olaraq cavabdehə ərizə ilə müraciət edərək qeyd olunan şəxsin ünvan 5 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması xahiş edilsə də, nəticəsi olmamışdır.

11. İddia tələbinin maddi hüquqi əsası kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 9-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 sentyabr 2020-ci il tarixli Qərarına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – “İPM”) 2.2.3, 34.1, 45, 46-cı maddələrinə istinad olunmuşdur.

12. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. Məhkəmənin 17 noyabr 2023-cü il tarixli, 2-1(118)-5940/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə X1 üçüncü şəxs qismində (zəruri cəlb etmə) (bundan sonra – “üçüncü şəxs”) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir.

c) İddia tələbinə qarşı etirazın dəlilləri

15. Üçüncü şəxs məhkəməyə ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o, 13-cü mikrorayon, ev 9B, mənzil 15 ünvanda qeydiyyatdadır. İcazəsi olmadan onun haqqında iddia qaldıran iddiaçı doğma anasıdır, ona görə də həmin evə mülkiyyət hüquqları olduğunu qeyd edir. Məhkəmədən gələn bildirişlər qeydiyyatda olan ünvana göndərildiyinə görə iddiaçı tərəfindən ondan gizlədilmişdir. Üçüncü şəxs hal-hazırda ünvan 7 ünvanında kirayə yaşayır. Öz etirazını bildirərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

16. Cavabdeh tərəfindən isə məhkəməyə iddiaya qarşı etiraz göndərilməmişdir.

d) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdirlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məkməyə məktub ilə müraciət edərək, məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir.

18. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

19. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ

20. Məhkəmə iş materialında olan sənələri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.

21. İPM-in 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

22. İşin faktiki hallarından görünür ki, iddiaçı ünvan 3 ünvanında yerləşən əmlakın mülkiyyətçisidir. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərini rəhbər tutmaqla müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı həmin üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi irəli sürmüşdür.

23. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:

24. 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir;

25. 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

26. 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

27. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

28. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

29. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmlər nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.”

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 27 avqust 2020-ci il tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

31. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

32. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.

33. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı növ iddialara baxılarkən hər bir halda qeydiyyatdan çıxarılması tələb olunan şəxsin (şəxslərin) həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırmalıdır.

34. Mübahisə predmeti mənzilin iddiaçının istifadəsinə verilməsinə dair orderdə iddiaçının ailə üzvü kimi üçüncü şəxs göstərilmişdir.

35. Üçüncü şəxs də məhkəməyə ünvanladığı ərizəsində iddiaçının doğma anası olmasını, ona görə də həmin evə mülkiyyət hüquqları olduğunu bildirmişdir (§ 15).

36. Lakin üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak hüquqlarının yaranıb-yaranması, hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının həmin şəxslər barəsində hüququna inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər.

37. Qeyd olunan mövqedən çıxış edərək hesab edilir ki, hazırkı tələb inzibati orqan olan rayon polis idarəsinə qarşı yönəldiyindən, qeydiyyatdan çıxarılması tələb olunan şəxsin mübahisəli mənzilə dair hər hansı əmlak hüququna, o cümlədən istifadə hüququna sahib olubolmamasını müəyyənləşdirmək və bu əsasdan şəxsləri mənzilə əmlak hüququ olmayan şəxs kimi tanıyaraq onları iddiaçının tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir.

38. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi mümkün sayılmamalıdır.

NƏTİCƏVİ HİSSƏ

39. Şərh edilənlərə əsasən və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X1 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə qoyulması tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar