Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2115/2023 05.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “onun diaqnostikadan keçirilməkdən azad edilməyi barədə arayışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “onun diaqnostikadan keçirilməkdən azad edilməyi barədə arayışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, onun diaqnostik qiymətləndirmədən keçməməyi səbəbindən Mingəçevir Şəhər Ə.Quliyev adına peşə liseyindən əmək xəsarətinə görə ödənilən məvacibdən hər ay 14 manat pulun çıxılmasının qanunsuz hesab edilərək, əmək xəsarətinə görə ödənilən məvacibin üzərinə hər ay üçün 14 manat məbləğin hesablanması öhdəliyininin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildə o vaxtkı adı Mingəçevir şəhər 39 nömrəli Texniki Peşə Məktəbi, indiki adı X3 adına Mingəçevir şəhər 1 - saylı Texniki Peşə Məktəbində X6 işlərkən əmək xəsarəti almış, sol əlinin 3 barmağı amputasiya olunub. 1998-ci ildə həmin akta əsasən X7 aldığım xəsarətə görə əmək haqqının 25%-ni ömürlük təqaüd müəyyən edib. Həmin təqaüd də Prezdentin pedaqoji təhsil işçilərinin əmək haqqının 20% artırılması üçün 2022-ci il yanvar ayında imzaladığı fərmana əsasən 117,5 manat olmuşdur. Həmin məbləği 2022-ci il may ayına kimi almışdır. İyun ayından təqaüdünü 14 manat azaldaraq 103,5 manat ediblər. Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, ona müraciətə Peşə Təhsili üzrə Dövlət Agentliyində aidiyyətü üzrə baxılmışdır. Burda ona verdikləri yazılı məlumatda da özləri aydın şəkildə ifadə edirlər ki çalışan istehsalat təlimi ustaları. Birincisi o hal-hazırda çalışmır, necə diaqnostik qiymətləndirmədən keçə bilər?. İkincisi də 1998-ci ildə təqaüd müəyyən edilmiş şəxsə Nazirlər Kabinetinin 2022-ci ildə verdiyi qərar necə şamil edilə bilər? Cavabdehin verdiyi cavabla razılaşmayıb yenidən Təhsil Nazirliyinə yazılı müraciət etmiş, yenə onun şikayətinə düzgün baxmayaraq hüquqlarım bərpa olunmadı. 3-cü dəfə Əmək və X9 Nazirliyi yanında X5 müraciət etmiş və onların da ona köməkliyi dəyməmişdir, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarına əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Diaqnostik qiymətləndirmə isə müəllimlərin dərs yükünün və əməkhaqlarının artırılması məqsədilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2018-ci il tarixli, 26 nömrəli qərarına əsasən dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilmişdir. Sözügedən qərarın 1.4-cü bəndinə əsasən hamilə qadınlar, uşağının üç yaşmadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində, azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin istehsalat təlim ustası, 1-ci qrup əlil İddiaçı müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmədiyi üçün onun aylıq vəzifə maaşının müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşından 25 faiz aşağı ödənilməsi müəyyən edilmişdir. Nəzərə alınmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, hazırkı tələbə cavab verməli inzibati orqan təmsil etdiyi qurum deyil və bu səbəbdən də iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı əmək xəsarətinə görə ödənilən məvacibin üzərinə hər ay üçün 14 manat məbləğin hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş 3-17-5/2-Ş-2169/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Peşə məktəbi üzrə maliyyələşmələr Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə X2 təsdiq edilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə X1 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.9-cu və 3.1.10-cu bəndlərinə əsasən, Agentlik peşə təhsili müəssisələrinin istifadəsində olan maşın-mexanizm və avadanlıqdan, texnikadan səmərəli istifadə edilməsinə, onlara vaxtında texniki xidmət göstərilməsinə nəzarət edir. Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına uyğun olaraq müvafiq səviyyələr üzrə peşə təhsili və əlavə təhsil proqramlarını həyata keçirən peşə təhsili müəssisəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına əsasən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur. Göründüyü kimi hal-hazırda iddiaçının iddia tələbi üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcud mübahisə ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, hazırkı cavabdehə yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “onun diaqnostik qiymətləndirmədən keçməməyi səbəbindən Mingəçevir Şəhər Ə.Quliyev adına peşə liseyindən əmək xəsarətinə görə ödənilən məvacibdən hər ay 14 manat pulun çıxılmasının qanunsuz hesab edilərək, əmək xəsarətinə görə ödənilən məvacibin üzərinə hər ay üçün 14 manat məbləğin hesablanması öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2115/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2115/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver