Məhkəmə qərarları › İş №2-1(118)-2116/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2116/2023

08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2116/2023 08.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştiraları ilə, İddiaçı cavabdeh «X3» X5rşı “cavabdehin hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 7680 (yeddi min altı yüz səksən) manat məbləğində ziyana görə kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X3» X5rşı “cavabdehin hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 7680 (yeddi min altı yüz səksən) manat məbləğində ziyana görə kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində iddiaçıya özünə məşğulluq proqramı vasitəsi ilə aktivlər verilmişdir. Belə ki, həmin aktivlər 20 baş qoyun, 1 baş qoç olmalı olduğu halda həmin sayda 3-5 aylıq, diri çəkiləri 20-26 kq. olmaqla 16 baş erkək, 5 baş dişi quzulardan ibarət olmuşdur. Həmin zaman mən boş akta imza etdirilmişəm. Mənə təxminən 10 gündən sonra “özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktı” təqdim edilmiş və həmin aktda guya mənə 20 baş qoyun və 1 baş qoç verildiyi qeyd edilmişdir. Həmin heyvanlara Ağbaş baytarlıq məntəqəsində 07 iyul 2021-ci il tarixində baytar həkimin nəzarəti ilə kliniki baxış keçirilərkən tərtib edilmiş aktda da mənə təqdim edilmiş heyvanların 3-5 aylıq, diri çəkiləri 20-26 kq. olmaqla 16 baş erkək, 5 baş dişi quzulardan ibarət olduğu öz təsdiqini tapmışdır. O, həmin tarixdən başlayaraq Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2, X1 10 saylı Ərazi Məşğulluq Mərkəzi filialının rəhbərinə şikayətlərimi tədbir görülməsi üçün göndərmişdir. 10 gün keçəndən sonra X2 telefonla zəng edərək hansı tədbirlərin görüldüyü ilə maraqlanmışdır, bu zaman agentlikdən ona bildirilmişdir ki, aktivlərin verilməsini həyata keçirən şirkətə söz demək onların səlahiyyəti çərçivəsində deyildir. Hansı ki, onunla bağlanan müqavilədə və aktivlərin verilməsi aktında məşğulluq mərkəzinin imzaları vardır. Aktivlərin qiymətləndirilməsi barədə ona heç bir sənəd təqdim olunmamışdır. Ona məlum deyil ki, hansı məbləğdə dövlət büdcəsindən məşğulluğun təminatı üçün pul vəsaiti ayrılmışdır. O, ayrı-ayrı qurumlara şikayətlərini ünvanlasa da, heç bir müsbət nəticə əldə etməmişdir. Həmçinin lazımi araşdırılma aparılması üçün Şabran rayon prokurorluğuna ünvanladığı müraciət üzərindən aylar keçəndən sonra heç bir araşdırılma aparılmadan cavablandırılaraq ona göndərilmiş , həmin cavab məktubunu 25 iyun 2022-ci il tarixində əldə etmişdir. Ona görə də mən hal-hazırda məhkəmədə iddia qaldırır. Cavabdeh qurumun qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulmuşdur. Belə ki, ona verilən quzuların orta bazar qiyməti 90 manat təşkil edirdi. Hansı ki, ona damazlıq qoyunlar təqdim edilməli idi ki, 1 baş damazlıq qoyunun orta bazar qiyməti 250 manat təşkil edir. Beləliklə ona real zərər olaraq 3360 manat məbləğində zərər dəymişdir. (250-90=160. 160x21=3360). Həmçinin əldən çıxmış fayda olaraq ona 4320 manat məbləğində zərər dəymişdir. Belə ki, 20 baş qoyun bu müddət ərzində 24 bala verəcəkdi. Həmin balaların da bu günki gün üçün orta bazar qiyməti bir baş üçün 180 manat təşkil edəcəkdi. (24x180=4320). Beləliklə, cəmi mənə 7680 manat məbləğində ziyan vurulmuşdur. Ona görə də Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 tərəfindən ona vurulmuş 7680 manat ziyana görə kompensasiya cavabdeh tərəfindən ona ödənilməlidir. Lakin, cavabdeh qurumun 10 saylı Ərazi Məşğulluq Filialının cavab məktublarında vətəndaşa bu aktivlərin dəyərinin ödənilməsinin nəzərdə tutulmadığı qeyd olunur. Beləliklə onun kompensasiya tələbindən imtina olunur. Ona görə də “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edildi və ona izah edildi ki, inzibati orqanla şəxslər arasında bağlanmış müqavilələrdən irəli gələn mübahisələr mülki xarakterli mübahisələrdir. İddiaçı iddia ərizəsinə məhkəməyə təqdim edildiyi qaydada mahiyyəti üzrə baxılmasını xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd edilməlidir.

1. Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri olan işsiz şəxsin özünüməşğulluğunun təşkili “Məşğulluq haqqında” Qanunun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. Agentlik şəxslərin dövlət dəstəyi ilə özünü işlə təmin etməsi, habelə əhalinin məhz bu istiqamətdə məşğulluq imkanlarının genişləndirilərək yenidən əmək bazarına qayıtması sahəsində dövlət siyasətini həyata keçirməkdədir. Belə ki, Agentlik tərəfindən əmək bazarının təhlili əsasında iqtisadiyyatın müvafiq sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi ilə bağlı şəxslərə müvafiq köməklik göstərilir, daha sonrakı mərhələdə biznes-planın hazırlanmasına yardım edilir, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, habelə bütün bu prosedurlardan sonra şəxslərin seçmiş olduqları özünüməşğulluq istiqaməti üzrə natura şəklində material, avadanlıq və digər əmlak əldə etməsi təmin edilir. “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinə əsasən seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. İddiaçı və cavabdeh arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 7 iyul 2021-ci il tarixli 050 nömrəli müqaviləyə əsasən iddiaçıya həmin müqavilədə nəzərdə tutulan “qoyunçuluq təsərrüfatı” zərfi üzrə həmin zərfə daxil olan aktivlər verilmişdir. Belə ki, istinad edilən aktivlərin təhvil verilməsi ilə əlaqədar iddiaçı və cavabdeh tərəfindən tərtib edilən 7 iyul 2021-ci il tarixli təhvil-təslim “Akt”ına əsasən, cavabdeh tərəfindən iddiaçıya 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yem verilmişdir. Vurğulanmalıdır ki, aktivlərin verilməsi faktını sadəcə yuxarıda qeyd edilən Akt yox, həm də foto və video çəkiliş də sübut etməkdədir. Qeyd edilən Aktda iddiaçı tərəfindən yuxarıda qeyd edilən aktivlər kəmiyyət və keyfiyyət baxımından qəbul edilərək öz imzası ilə onun sahibliyi və istifadəsinə təqdim edilmişdir. Həmçinin, iddiaçı video çəkiliş zamanı aktivləri özünün seçib götürdüyünü və razı qaldığını bildirmişdir. Bundan əlavə, İddiaçı ona hər hansı ziyanın dəyməsi barədə iddiasını əsaslandıra bilmədiyi üçün ona 7680 (yeddi min altı yüz səksən) manat məbləğində kompensasiyanın ödənilməsi barədə iddiası tamamilə əsassızdır. Bundan əlavə, iş üzrə təqdim edilmiş iddia ərizəsi mülki qaydada baxılmalı olduğu üçün hazırki iş üzrə iddia mümkün sayılmamalıdır. Bunu aşağıdakılarla əsaslandırırıq: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinin olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Umumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Tərəflər arasındakı münasibətlərdə cavabdeh inzibati orqan qismində çıxış edərək publik hüquqdan çıxış etməmişdir. Belə ki, burada tərəflərarası yaranmış münasibətlər və onlardan doğan hüquqların mənbəyi məhz müvafiq müqavilədir. Yuxarıda qeyd edilən Qərarın 5.2-ci bəndinə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Burada da tərəflərarası münasibətlərin sadə təhlili onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya aktivlərin verilməsi ilə bağlı münasibətlər bir növ əvəzsiz istifadə müqaviləsinin hüquqi təbiətinə uyğun gəlməkdədir. Eyni mahiyyətli işlərlə bağlı yaranmış məhkəmə təcrübəsi də məhz hazırki iş üzrə mübahisənin mülki qaydada baxılması istiqamətində formalaşmışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə müqavilə təqdim edərək, qeyd edilən mübahisənin müqavilə öhdəliklərindən irəli gəldiyini, bu səbədən də məhkəmədən iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqla düzgün hüquqi müdafiə vasitəsini seçməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə cavabdeh «X3» X7 arasında “Özünüməşğulluğa kömək göstərilməsinə dair” № ÖM/2021-050 saylı, xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Hal-hazırda iddiaçının tələbi müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlıdır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı tələbi inzibati məhkəmə icraatının araşdırma predmetinə aid deyildir. İnzibati icraat şəxslərlə inzibati orqanlar və inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqanlar arasındakı inzibati hüquq münasibətlərindən yaranan münasibətləri tənzimləyir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 5.2-ci bəndində qeyd olunmuşdur ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Məhkəmə qeyd edir ki, müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı mübahisə hüquqi təbiəti baxımdan mülki-hüquqi mübahisədir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh «X3» X5rşı “cavabdehin hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 7680 (yeddi min altı yüz səksən) manat məbləğində ziyana görə kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar