Məhkəmə qərarları › İş №2-1(118)-2117/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2117/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2117/2023 25.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Ceyranbatan ərazisində yerləşən “Metallurq” Bağçılıq Yoldaşlığı tərəfindən ayrılmış 867 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Ceyranbatan ərazisində yerləşən “Metallurq” Bağçılıq Yoldaşlığı ünvanında yerləşən 867 saylı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və həmin (0,10 ha) torpaq sahəsinə görə texniki sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt şəhəri, Ceyranbatan ərazisində yerləşən “Metallurq” Bağçılıq Yoldaşlığı tərəfindən ayrılmış 867 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-xx.xx.2009-cu illərdə Azərbaycan Boru Prokat zavodunda işləmişdir. Müəssisədə işlədiyi vaxtı bağ sahəsi almaq məqsədilə Azərbaycan Boru Prokat Zavodunun rəhbərliyinə və Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. Müraciəti əsasında “Polad-1” Ceyranbatan Bağçılıq Cəmiyyətinə Cəmiyyət üzvlərinin xx.xx.2001-ci il tarixli 2 №-li protokoluna əsasən cəmiyyətə üzv qəbul edilmiş və ona 867 saylı bağ sahəsi verilmişdir. 867 saylı bağ sahəsi 0,10 ha ibarətdir. 867 saylı bağ sahəsinin ona ayrılmasını xx.xx.2001-ci ildə verilmiş “Bağçının üzvlük kitabçası” və “Metallurq-1” Ceyranbatan Bağçılıq Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 17 saylı arayışı təsdiq edir. O, həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması xahişi ilə cavabdeh idarəyə müraciət etmişdir. Cavabdeh xx.xx.2023cü il tarixli məktubu ilə ona imtina etmişdir. İmtinaya “Sumqayıt şəhəri, Ceyranbatan ərazisi ünvanında yerləşən “Metallurq” Bağçılıq Cəmiyyətinin bağ sahələrinin ayrılması ilə bağlı arxiv məlumatlarının və adlı siyahının 2 saylı Ərazi İdarəsinə təhvil verilməməsi və üzvlük kitabçasında “Polad-1” BY-nın möhürü ilə təsdiq edilməsi, təqdim olunan xx.xx.2022-ci il tarixli, 17 saylı arayışda isə “Metallurq-1 Ceyranbatan” möhürü ilə təsdiqlənməsi səbəb kimi göstərilmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, 1970-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən işlədiyi dövrdə o, bağ sahəsini əldə etmişdir. Həmin vaxr Azərbaycan Boru Prokat zavodunda işləməsi əmək kitabçası ilə təsdiq edilir. Həmçinin “Metallurq-1” Ceyranbatan BC-nin xx.xx.2022-ci il tarixli, 17 saylı arayışı ilə 867 saylı bağ sahəsinin ona verilməsi və bağların qeydiyyat kitabında bağ sahəsinin qeyd edilməsi göstərilmişdir. Ona məxsus 867 saylı bağçılıq kitabçasında “Polad-1” Ceyranbatan BY-nin möhürünün, xx.xx.2022-ci il tarixli 17 saylı arayışda isə “Metallurq-1 Ceyranbatan" BC-nin möhürünün qeyd edilməsi ilə əlaqədar olaraq bildirir ki, "xxxx" ASC-nin HİK-nin xx.xx.2005-ci il tarixli 17 saylı protokolu əsasında qəbul edilmiş qərara əsasən “Polad-1” BC Metallurq-1” Cəmiyyəti adlanmışdır. "xxxx" ASC tərəfindən arxiv sənədlərinin və adlı siyahının cavabdehə təqdim edilməməsi səbəbindən hüquqlarının dövlət reyestrində qeydə alınmaması əvvəlki Torpaq Məcəlləsinin 23-cü və MM-nin 139.1.1.7-ci maddəsinin tələblərinə ziddir. Cavabdeh tərəfindən "xxxx" ASC-nin işçilərinin bağ torpaq sahələri üzərində mülkiyyət hüquqları yüzlərlə şəxsə münasibətdə tanınmışdır. Belə olan halda arxiv sənədləri və adlı siyahılar təqdim edilmədiyi halda şəxslərə çıxarışın verilməsi mümkünsüz olardı. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, Sumqayıt şəhəri, Ceyranbatan ərazisində yerləşən “Metallurq" Bağçılıq Cəmiyyətinin bağ sahələrinin ayrılması ilə bağlı arxiv məlumatları, o cümlədən bağçılıq cəmiyyəti üzvlərinin təsdiq olunmuş adlı siyahısı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə təhvil verilməmişdir. Bu səbəbdən qeyd edilən ərazidə yerləşən torpaq sahələri üzərində hüquqların qeydiyyatı prosesi arxiv məlumatları idarəyə təhvil verilənədək dayandırılmışdır. Əlavə olaraq, ərizəyə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərin iclasının protokolundan çıxarış əlavə edilməmiş, həmçinin üzvlük kitabçası “Polad-1” B/Y Cəmiyyətinin müvafiq möhürü ilə təsdiq edilsə də, xx.xx.2022-ci il tarixli 17 nömrəli arayış "Metallurq"-1 Ceyranbatan B/Y Cəmiyyəti tərəfindən verilmişdir. İş materiallarına əlavə edilmiş: - iddiaçının adına açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1988 xx.xx.2009-cu illərdə Azərbaycan Boru Prokat zavodunda işləmişdir. - “Metallurq-1 Ceyranbatan" BC tərəfindən verilmiş xx.xx.2022-ci il 17 saylı arayışdan görünür ki, İddiaçı “Metallurq" kollektiv bağçılıq sahəsində 867 saylı bağ sahəsinin sahibidir. - Bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən “Metallurq"-1 Ceyranbatan B/Y Cəmiyyətinin üzvüdür. - “Azorboru ASC-nin HİK-nin xx.xx.2005-ci il tarixli 17 saylı Protokol-qərardan görünür ki, “Polad-1” kollektiv bağçılıq cəmiyyəti “Metallurq-1” cəmiyyəti adlanmışdır. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müəssisənin işçilərinə bağ torpaq sahələrinin verilməsi "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində olan bağçılıq cəmiyyəti tərəfindən həyata keçirilmişdir. Müvafiq sənədlər "xxxx" ASC-də deyil, ayrıca hüquqi şəxs olan "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsində saxlanılmışdır. Hazırda "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə xitam verilmişdir. Sözügedən sənədlərin cəmiyyətdə mövcud olmaması səbəbi ilə iddiaya qarşı münasibət bildirilməsi mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun) : - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Müddəanın tələbindən göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İşin hallarından göründüyü kimi, iddiaçı bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş üzvlük kitabçasını təqdim etmiş, lakin cavabdeh tərəfindən onun bağ sahəsinin qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdehin həm imtina cavabının, həm də etirazının üst-üstə düşən dəlilərindən göründüyü kimi, sözügedən bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən bağ sahələrinin ayrılması ilə bağlı arxiv məlumatlarının, o cümlədən bağçılıq cəmiyyətinin üzvlərinin təsdiq olunmuş adlı siyahısının cavabdeh idarəyə təhvil verilməməsini, bundan başqa iddiaçının təqdim etdiyi kitabçanın “Polad-1” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən, xx.xx.2022-ci il tarixli 17 saylı arayışın isə “Metallurq-1” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verildiyini əsas gətirərək bağ torpaq sahəsini iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınmasını mümkünsüz hesab etmişdir. Məhkəmə hesab edir ki,cavabdehin sözügedən dəlilləri sübutlara söykənməyən mülahizələrini ehtiva edir. Belə ki, işdə olan sübutlara əsasən müəyyən edilən faktiki hallarından aydın göründüyü kimi, iddiaçı Azərbaycan Boru Prokat zavodunda ("xxxx" ASC-də) 1988-2009-cu illərdə işləməsi və həmin müəssisənin nəzdində fəaliyyət göstərən “Polad-1” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən ona bağ torpaq sahəsi ayrılması təsdiq edilir. Torpaq sahəsinin yeri məlumdur və hazıradək iddiaçının istifadəsindədir. Məhkəmə hesab edir ki, bağçılıq yoldaşlıq cəmiyyətinin arxiv sənədlərinin cavabdeh inzibati orqana təqdim edilməməsi iddiaçının təqsiri üzündən baş verməmişdir və bu hal onmun məsuliyyət sferasına daxil deyildir. Yəni, məhz iddiaçıya aid sənədin deyil, ümumiyyətlə bağçılıq-yoldaşlıq cəmiyyətinin sənədləri təhvil verilməmişdir. Həmin sənədlər təhvil verilənədək iddiaçının mülkiyyət hüququnun qeydə alınmayacağı ilə bağlı mövqe əsassız və ədalətsizdir. Bu hala görə iddiaçının mülkiyyət hüququ hər hansı formada məhdudlaşdırılmamalıdır. İddiaçının Azərbaycan Boru Prokat zavodunda ("xxxx" ASC-də) işləməsi və işlədiyi dövrdə bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilərək ona torpaq sahəsinin ayrılması, hazıradək həmin torpaq sahəsinin onun faktiki istifafdəsində olması iddianın təmin edilməsi üçün zəmin yaradır. Cavabdehin digər dəlili Bağçılıq Yoldaşlıa Cəmiyyətinin adının üzvlük kitabçası və arayışda fərqli göstərilməsi ilə bağlıdır ki, bununla əlaqədar iddiaçı "xxxx" ASC Həmkarlar İttifaqı Komitəsinin 17 avqust 2005-ci il tarixli 17 saylı Protokolunu təqdim etmişdir. Həmin protokola görə “Polad-1” Bağçılıq Yoldaşlıq Cəmiyyəti “Metallurq-1” kollektiv kooperativ bağçılıq cəmiyyəti adlandırılması və cəmiyyətin möhürü və ştampının da müvafiq olaraq dəyişdirilməsi qərara alınmışdır. Buna görə xx.xx.2022-ci il tarixdə verilən 17 saylı arayışın “Polad-1” Bağçılıq Cəmiyyəti tərəfindən deyil, “Metallurq-1” kollektiv kooperativ bağçılıq cəmiyyəti tərəfindən verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, Ceyranbatan ərazisində yerləşən “Polad-1“ (“Metallurq-1”) Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən ayrılmış 867 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Ceyranbatan ərazisində yerləşən “Polad-1“ (“Metallurq-1”) Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən ayrılmış 867 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar