Məhkəmə qərarları › İş №2-1(118)-2118/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2118/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2118/2021 09.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə qarşı “Sumqayıt şəhəri, mkr-11-də, 24.15 kv.m sahəsində yerləşmiş daş qarajın əvəzində başqa ərazidən yeni torpaq sahəsinin ayrılmasının və üzərində daş qaraj inşa edilərək onun istifadəsinə verilməsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə həvalə edilməsi ” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri, mkr-11-də, 24.15 kv.m sahəsində yerləşmiş daş qarajın əvəzində başqa ərazidən yeni torpaq sahəsinin ayrılmasının və üzərində daş qaraj inşa edilərək onun istifadəsinə verilməsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhəri, MİKR-11, ev 19, mənzil 53-də qeydiyyatda olmaqla yaşayır. Yaşadığı mikrorayonda sahəsi 24.15 kv.metr sahəsi olan daş qarajı olmuşdur. Həmin daş qarajın yerləşdiyi torpaq sahəsi Sumqayıt şəhər X3 İcraiyyə Komitəsinin 19 avqust 1982-ci il tarixli 2692 nömrəli və 20 sentyabr 1983-cü il tarixli, 255 nömrəli qərarına əsasən X1 ayrılmış və həmin torpaq sahəsində, sahəsi 24,15 kv.metr olan daş qaraj inşa edilmişdir, göstərilən qaraj 02 sentyabr 1991-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmiş və 40 ildən artıq tam yararlı vəziyyətdə istifadəsində olmuşdur. İddiaçıya məxsus həmin daş qaraj və ona qonşu olan qarajlar Sumqayıt şəhər icra Hakimiyyəti Başçısının sərəncamına əsasən qanunsuz olaraq dağıdılmış, nəticədə iddiaçının mülkiyyətinə ziyan vurulmuş və onun mülkiyyətçi hüquqları kobud şəkildə pozulmaqla, ona hər hansı kompensasiya məbləği ödənilmədən, qaraj sahəsi təklif edilmədən yerində şəxsi mülkiyyət hüququ üzrə fərdi yaşayış evləri inşa edilmişdir. Bununla əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə, Sumqayıt şəhər Prokurorluğuna, Sumqayıt şəhər Pollis İdarəsinə və Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova müraciət etsə də, şikayətləri ətrafında heç bir tədbir görülməmiş, söküntünün, dağıntının hansı əsaslarla baş verməsi barədə ona hər hansı məlumat verilməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsin isə bildirilmişdir ki, idarənin arxivində Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən qarajlar barədə heç bir sənəd olmadığı üçün vətəndaş İddiaçı göstərilən ərazidə qarajların olubolmamasının dəqiqləşdirilməsi mümkün deyildir. Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bildirilmişdir ki, «sizə məxsus qarajın sökülməsi və ya köçürülməsi barədə şəhər İcra Hakimiyyəti heç bir göstəriş verməmişdir». Sumqayıt şəhər prokurorluğuna müraciətin araşdırılması üçün Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə göndərilmişdir. Sumqayıt 1-ci Polis Bölməsinin 06 sentyabr 2015-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir və mübahisəli məsələ ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Beləliklə də, iddiaçının Azərbaycan Respublikasının yüksək qanuni qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri ilə təsbit olunmuş mülkiyyət toxunulmazlığı hüququqları kobud şəkildə pozulmuş, eyni zamanda bu günə qədər iddiaçı pozulmuş hüquqlarını bərpa edə bilməmişdir. Daha sonra cənab X4, təkrarən Sumqayıt şəhər icra Hakimiyyətinə ərizə ilə müraciət etsə də, şikayət ərizələri nəticəsiz qalmış, iddiaçının ərizələrinə Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Q-312-149 №-li, 02.12.2019-cu il tarixli və Q-312/2-126№-li, 18.12.2019-cu il tarixli məktublarla cavab verərək iddiaçının nəzərinə çatdırmışlar ki, qaraj yerinin ayrılması və sənədləşdirilməsi «Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli, 709-İİİ QD nömrəli Qanununa və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» əsasnamənin tələblərinə uyğun olaraq bələdiyyələrin səlahiyyətlərinə daxildir. Sonuncu ərizəsinə isə Q-14-126 N-li, 06.02.2020-ci il tarixli məktubla iki dəfə, yuxarıda qeyd etdiyi tarixlərdə ona müfəssəl cavab verildiyi bildirilmiş, mülkiyyətinə vurulmuş ziyanın ödənilməsi və ya ona başqa ərazidən daş qaraj ayrılması barədə heç bir tədbir görülməmişdir. Mübahisənin başqa yolla həlli mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda sadalananlardan göründüyü kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin təqsiri ucbatından iddiaçıya həm maddi, həm mənəvi ziyan dəymişdir. Bundan başqa iddiaçının hazırki maddi durumu ona vurulmuş maddi ziyanı qarşılamağa, yəni yeni torpaq sahəsi almağa, orada daş qaraj inşa etməyə çatmır. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən ona məxsus Sumqayıt şəhəri, MİKR-11-da 24.15 kv.metr sahəsində yerləşmiş daş qarajın əvəzində başqa ərazidən yeni torpaq sahəsinin ayrılmasının və üzərində daş qarajın inşa edilərək istifadəsinə verilməsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi iddiaya münasibətində bildirmişdir ki, iddiaçının qeyd etdiyi və Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində ona məxsus qarajın sökülməsinə dair cavabdeh tərəfindən heç bir inzibati akt qəbul edilməmiş, həmçinin qeyd edilən qaraj cavabdehin işçiləri tərəfindən sökülməmiş və həmin qarajın kim tərəfindən və nə vaxt sökülməsi barədə cavabdehdə heç bir məlumat yoxdur. İddiaçı qarajın cavabdehin işçiləri tərəfindən söküldüyünü bildirsə də, həmin qarajın mahz cavabdehin işçiləri tərəfindən sökülməsinə dair cavabdehin hər-hansı qanunsuz hərəkərləri, cavabdeh tərəfindən ona ziyan vurulduğunu təsdiq edə biləcək hər-hansı bir mötəbər sübutu, eləcə də, iddaçının cavabdeh tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran ve bu halı təsdiq edəcək hər hansı bir mötəbər dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin avəzinin tam ödənilməsini tələb edə bilər. Hamin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vururlmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya emlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir. zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətszlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Cavabdeh hesab edir ki, hazırki iş üzrə bu əsasların tam şəkildə mövcud olmaması səbəbindən, iddiaçının tələbi mümkün sayılmamaqla rədd edilməlidir. «İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 21.-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qəranın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırıllsin ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana göra kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azerbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktin qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının ve qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənləri nəzərə alaraq iddianın mümkün sayılmamasını xahiş edirlər. Cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddianın mümknlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı iki cavabdeh göstərərək tələbini həmin orqanlara yönəltmişdir. İddiaçı bildirir ki, müvafiq sənədləri olsada, faktiki olaraq onun qarajı mövcud deyil. İddiaçı daş qarajın əvəzində başqa ərazidən yeni torpaq sahəsinin ayrılmasının və üzərində daş qaraj inşa edilərək onun istifadəsinə verilməsinin cavabdehlərə həvalə edilməsini xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı onun qarajının sökülməsinin cavabdehlər tərəfindən həyata keçirilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəmə iclasında qarajın sökülməsinin uzun illər əvvəl həyata keçirildiyini bildirmişdir. Bundan əlavə bununla bağlı sübutlar təqdim edilsə belə, cavabdehlərin səlahiyyəti baxımından hazırkı iddia mümkün hesab edilə bilməz. Beləki cavabdeh orqanların mülkiyyətə torpaq sahəsi ayırması kimi bir səlahiyyəti hazırda qüvvədə olan qanunvericiliyə əsasən nəzərdə tutulmamışdır. Ona görədə məhkəmə hesab edir ki, iddia mümkün hesab edilə bilməz və iddiaçı düzgün hüquq müdafiə vasitəsi seçməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar