Məhkəmə qərarları › İş №2-1(118)-2119/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2119/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2119/2024 29.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X11 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional "Asan xidmət" X8 qarşı “onun soyadının “Əsgərov”dan “Şəkibəyov”a dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı soyadının “Əsgərov”dan “Şəkibəyov”a dəyişdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin orfoqrafiya Qaydaları"nın 33-cü bəndinə görə xan, şah, ağa, bəy və sair sözlər rütbə, ləqəb və titul bildirən sözlər kimi qiymətləndirilir. Məlum olduğu kimi “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" yuxarıda qeyd olunan "Qaydalardan sonra təsdiq olunmuşdur və rütbə, ləqəb, habelə titul bildirən sözlərin adlarla yanaşı yazılmaması Milli Elmlər Akademiyasının tövsiyələrində öz əksini tapmışdır. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydasının 6.6-cı maddəsinə əsasən “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə verilir”. Qaydaya uyğun olaraq soyadının “Əsgərov”dan “Şəkibəyov”a dəyişdirilməsi üçün xx.xx.2023- cü il tarixdə 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” X8 müraciət etsə də, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə imtina edilmişdir. İddiaçı 1984-cü il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olmuşdur (doğum haqqında şəhadətnamə əlavə olunur). X3 1957-ci il martın 24-də Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olmuşdur (doğum haqqında şəhadətnamə əlavə olunur). X4 1935-ci il iyulun 10-da Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olmuşdur (doğum haqqında Arayış əlavə olunur). Babasının atası X1 rayonunda 1895-ci il 01 iyul tarixində anadan olmasına baxmayaraq aşağıda qeyd edəcəyi səbəblərə görə repressiyaya məruz qalmamaq üçün Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra uzun illər ərzində qeydiyyat şöbəsinə müraciət etməmiş, 1960-cı ildə qeydiyyata düşərkən atası Hüseyn ağa X44 oğlunun soyadını “Mustafayev” kimi qeyd etdirmişdir (doğum haqqında Arayış əlavə olunur). Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindən aldığı 2023-cü il 28 fevral tarixli 3-48-TA/3-00150/2023 nömrəli arayışa əsasən Yelizavetpol qəzasında əhalinin kameral siyahıya alınmasına görə babasının babası Hüseyn ağa X44 oğlu təqribən 1836cı ildə anadan olmuşdur. Həmin arayışdan görünür ki, 1873-cü ildə bəy olan ulu babası Məşədi X25nun 4 oğlu- Məmməd ağa 41 yaş, Hüseyn ağa 37 yaş, Ələkbər ağa 29 yaş, Əsgər ağa 25 yaş olmuşdur (X30 Arayışı əlavə olunur). Məşədi X25 Məmməd ağa Hüseyn ağa Ələkbər ağa Əsgər ağa (Şəkibəyov Əsgər ağa X44 oğlu) Şəkibəyov Məcid ağa Məmməd ağa oğlu X2 Nİftalı Əsgər ağa oğlu X31 ağa oğlu X36 ağa oğlu X17 X14 İddiaçı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətindən sorğusuna aldığı 2023-cü il 07 iyun tarixli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, aid olduğu nəsil 1930-cu ilə qədər sovet hökumətinə tabe olmamış, silahlı müqavimət göstərmişdir. Onlara qarşı ittihamlar gizli anti-sovet təbliğatı aparmaq, müsavatçı olmaq və müsavatı (yəni milli dövlətçiliyi) təbliğ etmək, “Yaqublu” silahlı dəstəsində 1920-ci ildə sovet hakimiyyətinə qarşı “Xınna” silahlı üsyanının təşkilatçısı və iştirakçısı olmaq, 1930cu il fevral-mart aylarında qırmızı orduya qarşı 25 gün silahlı müqavimət göstərmək və s. olmuşdur. Cavab məktubundan görünür ki, “Yaqublu” silahlı dəstəsi əsasən Şəkibəyovlardan ibarət olmuşdur. Şəkibəyov Əsgər ağa X44 oğlu xx.xx.1931-ci ildə, əmisi nəvəsi X27 ağa oğlu, oğulları X34 ağa oğlu və X31 ağa oğlu, qardaşı nəvəsi X36 ağa oğlu xx.xx.1930-cu ildə güllələnmişlər. Şəkibəyov Məcid ağa Məmməd ağa oğlu isə təslim olmamış və özünü güllələmişdir. Həmin sənəddə sovet hakimiyyəti qurulana qədər bu nəslin “Şəkibəyov”, sonradan isə “Sadıxov” soyadına sahib olduğu görünür. Yəni “Mustafayev” soyadı Məşədi X25nun heç bir övladı tərəfindən istifadə olunmamışdır. Qeydiyyat Şöbəsinin imtina məktubunda Nazirlər Kabinetinin 2004-cü il 05 avqust tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin orfoqrafik Qaydalarf’nın 33cü bəndinə istinad olunsa da, Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir: “Azərbaycan dilinin orfoqrafıya qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 654; 2015, № 6, maddə 1-ci hissəsi ləğv edilsin”. X22 istinad etdiyi Qaydalar qüvvədə deyil. Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘"Azərbaycan dilinin orfoqrafıya normalarının 8.9-cu bəndində yazılıb: “Mirzə, hacı, şeyx, seyid, şah, sultan, bəyim və s. sözlər rütbə, ləqəb və titul bildirib, aid olduğu sözlərdən əvvəl gəldikdə böyük hərflə, sonra gəldikdə isə kiçik hərflə yazılır: Hacı Qara, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Sultan Süleyman, Şah İsmayıl, Şeyx Nəsrullah və s”. Əvvəla, bu normalar həmin titulların şəxs adlarından əvvəl və sonra yazılması qaydalarını müəyyən edir, yəni adlardan əvvəl və sonra istifadəsinin qadağan olunması barədə heç bir imperativ qayda müəyyən etmir. İkincisi, onun tələbi adına hər hansı titulun əlavə olunması deyil, aid olduğu nəslin illər öncə sahib olduğu soyaddan istifadə etmək hüququnun bərpa olunmasıdır. İmtina məktubunda həmçinin qeyd olunur ki, rütbə, ləqəb, habelə titul bildirən sözlərin adlarla yanaşı yazılmaması Milli Elmlər Akademiyasının tövsiyələrində öz əksini tapmışdır. Əvvəla burada Milli Elmlər Akademiyasının tarixi və nömrəsi bəlli olmayan qeyri-müəyyən tövsiyələrinə istinad edilir. İkincisi, hətta belə bir tövsiyə varsa, məzmunundan da göründüyü kimi bu sadəcə tövsiyə xarakterlidir, yəni normativ hüquqi akt deyil. Üçüncüsü isə, yuxarıda da qeyd etdiyi kimi iddiaçının tələbi aid olduğu nəslin göstəricisi olan, həmin nəsilə mənsubiyyətini bildirən soyaddan istifadə etmək hüququnun bərpa olunmasındır. Hesab edir ki, bu ən təbii hüquqlarından biridir. Ona görə də hesab edir ki, iddia ərizəmə əlavə etdiyi sənədlərə hüquqi qiymət verilərək soyadının “Əsgərov”dan “Şəkibəyova” dəyişdirilməsinə heç bir maneə yoxdur. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı soyadının “Əsgərov”dan “Şəkibəyov”a dəyişdirilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin orfoqrafiya Qaydaları"nın 33-cü bəndinə görə xan, şah, ağa, bəy və sair sözlər rütbə, ləqəb və titul bildirən sözlər kimi qiymətləndirilir. Məlum olduğu kimi “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" yuxarıda qeyd olunan "Qaydalardan sonra təsdiq olunmuşdur və rütbə, ləqəb, habelə titul bildirən sözlərin adlarla yanaşı yazılmaması Milli Elmlər Akademiyasının tövsiyələrində öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.15-ci bəndində qeyd olunmuşdur ki, Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. İş materiallarından görünür ki, iddiaçının X3, X4dur. X17 10 iyul 1935-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində anadan olmuşdur. Sonunsunun atası X18 (atası X10) 01 iyul 1895-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Dövlət Arxvinin xx.xx.2023-cü il tarixli, 3-48-TA/3- 00150/2023 saylı arxiv arayışında qeyde edilmişdir ki, Azərbaycan Respublikası X30 sənədləri üzrə Yelizavetpol qəzası 1873- cü ilə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin ailə tərkibləri haqqında məlumatlar aşkar edilmişdir: 1) X15-48 yaş; oğlu: Şahmir Ağa-5 yaş; qardaşı: Aslan Ağa-43 yaş; oğlu: Nadir Ağa-15 yaş. 2) Məşədi X25-78 yaş; övladları: Məmməd Ağa-41 yaş, Hüseyn Ağa-37 yaş, Ələkbər Ağa-29 yaş, Əsgər Ağa-25 yaş. Məmməd Ağanın oğlu: Həmid Ağa-3 yaş. Azərbaycan Respublikası Dövlət Arxivinin 07 iyun 2023-cü il tarixli 3-39/25-2/Ə-3420/2- 11/2023 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçının yaxın qohumları, eyni zamanda nəslinin nümayəndələri Şəkibəyovlarla bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində mövcud olan mümkün məlumatlar aşağıdakılardır: Şəkibəyov Əsgər (Əsgər Ağa) Sadıx (Məşədi Sadıx) oğlu - 1840-cı ildə Gədəbəy rayonunun Qızıl Kilis kəndində anadan olmuş, Yaqublu silahlı dəstəsinin rəhbəri, müsavatçı xx.xx.1930-cu il tarixdə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin (DSİ) Gəncə dairəsi tərəfindən həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: həyat yoldaşı - 75 yaşında (adı qeyd edilməyib); oğlu - İsrafil, 37 yaşında (sürgün olunub); oğlu - Mahmud, 32 yaşında (həbs edilib); oğlu - Cəbrayıl, 25 yaşında (həbs edilib), oğlu - Niftəli, 20 yaşında (həbs edilib) qızı - Gülüşan, 22 yaşında. Ə.Şəkibəyov Azərbaycan SSR X13 Gəncə dairəsinin xx.xx.1931 -ci İİ tarixli protokoluna əsasən Azərbaycan SSR CM-nin 64 (“Silahlı üsyan") və 79-cu ("Banditizm") maddələri ilə təqsirli bilinərək güllələnmiş, ailəsi isə 5 il müddətinə Qazaxstan SSR-yə sürgün olunmuşdur. Azərbaycan Respublikası Prokurorluğunun 21 10.1993-cü İİ tarixli rəyinə əsasən, Ə.Şəkibəyova bəraət verilmişdir. Şəkibəyov (işdə bəzi sənədlərdə Şəfibəyov kimi qeyd edilmişdir) Mustafa Yaqub oğlu - 1870-ci ildə Gədəbəy rayonunun Gözqaralı Dərə kəndində anadan olmuş, xx.xx.1929-cu İİ tarixdə Azərbayca SSR DSİ Gəncə dairəsi tərəfindən həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: həyat yoldaşı - Güllü, 40 yaşında; oğlu - Sultan, 24 yaşında oğlu - Yaqub, 12 yaşında, qızı - Bahar, 7 yaşında; qızı - Zeynəb, 5 yaşında. Azərbaycan SSR DSl-nin Məhkəmə İclası Kollegiyasının xx.xx.1930-cu il tarixli protokoluna əsasən, M.Şəkibəyov Azərbaycan SSR CM-nin 64 (“Silahlı üsyan") və 79-cu ("Banditizm”) maddələri ilə təqsirli bilinərək, güllələnməyə məhkum edilmişdir. Hökm xx.xx.1930-cu ildə icra edilmişdir. X9 - 1904-cü ildə Gədəbəy rayonunun Yaqublu kəndində anadan olmuş, 1930-cu ildə Azərbaycan SSR DSİ tərəfindən həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: həyat yoldaşı - Qönçə, 18 yaşında; anası - Bilqeyis, 60 yaşında. Azərbaycan SSR DSl-nin Məhkəmə İclası Kollegiyasının xx.xx.1930-cu il tarixli protokoluna əsasən, N.Sadıxov Azərbaycan SSR CM-nin 64 (“Silahlı üsyan") və 79-cu (“Banditizm") maddələri ilə təqsirli bilinərək, güllələnməyə məhkum edilmişdir. Hökm xx.xx.1930-cu ildə icra edilmişdir. X19 - 1910-cu ildə Gədəbəy rayonu, Yaqublu kəndində anadan olmuş, xx.xx.1930-cu il tarixdə Azərbaycan SSR DSİ tərəfindən həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: həyat yoldaşı - Ağca 17 yaşında. Azərbaycan SSR DSl-nin Məhkəmə İclası Kollegiyasının xx.xx.1930-cu il tarixli protokoluna əsasən, C.Sadıxov Azərbaycan SSR CM-nin 64 ("Silahlı üsyan”) və 79-cu (“Banditizm”) maddələri ilə təqsirli bilinərək, güllələnməyə məhkum edilmişdir. Hökm xx.xx.1930-cu ildə icra edilmişdir. X6 - 1902-ci ildə Gədəbəy rayonunun Yaqublu kəndində anadan olmuş, xx.xx.1930-cu il tarixdə Azərbaycan SSR DSİ tərəfindən həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: həyat yoldaşı - Səadət, 19 yaşında; qızı - Tarla, 3 yaşında qızı - Tamam, 6 aylıq; anası - Bilqeyis, 60 yaşında. Azərbaycan SSR DSl-nin Məhkəmə İclası Kollegiyasının xx.xx.1930-cu il tarixli protokoluna əsasən, C.Sadıxov Azərbaycan SSR CM-nin 64 (“Silahlı üsyan") və 79-cu ("Banditizm") maddələri ilə təqsirli bilinərək, güllələnməyə məhkum edilmişdir. Hökm xx.xx.1930-cu ildə icra edilmişdir. Ə.Şəkibəyovun işində olan şahid dindirmələrindən məlum olmuşdur ki, X5 Gədəbəy rayonunun Attıx-Dərya, Dəryurd, Kiçik Qaramurad, Çətin-Dərya, Şahtala və Ermənistanın Pəmbək ərazisindəki "Xınalıq" silahlı üsyanının rəhbərlərindən biri olmuşdur. “Yaqublu” silahlı dəstəsi adlanan dəstə əsasən Şəkibəyovlardan ibarət olmuşdur: İşdə olan sənədlərdən görünür ki, Ə.Şəkibəyov və M.Şəkibəyov Gədəbəy rayonunun tanınmış mülkədarlarından olmuşlar. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində X35, Məmməd ağa Məşədi Sadıx oğlu, Teymur ağa Hüseyn ağa oğlu Şəkibəyovların sonrakı taleləri və barələrində digər məlumatlar qeydə alınmamışdır. Beləliklə təqdim edilən sənədlərdən görsənir ki, “Şəkibəyov” soyadı iddiaçının ulu babalarının soyadı olmuşdur və həmin nəsilin nümayəndələri ciddi şəkildə represiyalara məruz qalmış və soyadlarını dəyişmişlər. Bu isə iddiaçının soyadının titul bildirən soyadına dəyişdirilməsi kimi yox, ulu babalarının soyadına qayıtması kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının axtarışda olması, barəsində cinayət işinin olması, məhkumluğunun olması, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və digər məhdudiyyətin olması müəyyən edilməmişdir. (Elektron informasiya sistemində olan məlumatlar) Göründüyü kimi iddiaçının soyadında dəyişiklik edilməsini istisna edəcək bir hal müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının hər bir vətəndaşının adı, soyadı, ata adının olması və onun dəyişdirilməsi imkanı qanunvericilikdə təsbit edilmiş bir hüquqdur və iddiaçıda qanunvericilikdən irəli gələn hüququndan istifadə etmək niyyətindədir. Bu hüquqdan istifadəni istisna edəcək bir halın olması isə məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Qeyd olunanlar iddianın əsaslı olduğunu, iddiaçının cavabdeh inzibati orqana əsaslı və qanuni tələb ilə müraciət etdiyini göstərir. İddiaçının 18 yaşı tamam olduğuna və soyadında dəyişiklik edilməsini istisna edəcək bir hal müəyyən edilmədiyinə görə, onun soyadını dəyişməklə bağlı hüququndan istifadə tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı soyadının “Əsgərov”dan “Şəkibəyov”a dəyişdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional "Asan xidmət" mərkəzi qeydiyyat şöbəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı soyadının “Əsgərov”dan “Şəkibəyov”a dəyişdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional "Asan xidmət" mərkəzi qeydiyyat şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar