Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-212/2021 28.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin direktoru X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 25 dekabr 2019-cu il tarixli **********355300 saylı, 17 sentyabr 2020-ci il tarixli **********3578400 saylı və 06 oktyabr 2020-ci il tarixli **********390300 saylı qərarların ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əlavə hesablanmış 1766.16 manat və 2583.21 manat, ümumilikdə 4349.37 manat vergi borcunun və hesablanmış faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr vermişdir. Sonuncu ərizəsində iddiaçı 25 dekabr 2019-cu il tarixli **********355300 saylı, 17 sentyabr 2020-ci il tarixli **********3578400 saylı və 06 oktyabr 2020-ci il tarixli **********390300 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin direktoru X2 iddia tələbini müdafiə etdi və izah etdi ki, iddiaçı 25.12.2019-cu il tarixli bildirişi aldıqdan sonra ona məlum olmuşdur ki, vergi orqanı tərəfindən ƏDV borcu olaraq 1766.16 manat, 2019-cu ilin illik mənfəət vergi borcu kimi 2583.21 manat, cəmi 4349.37 manat əlavə vergi borcu hesablamışdır. Qeyd olunan borcun yaranma əsaslarını öyrənmək üçün cavabdeh 2 saylı ərazi Vergilər İdarəsinə müraciət etmiş, cəmiyyətə aid bütün sənədləri xidmətin əməkdaşına təqdim etmək istəsə də,ona sənədləri qutuya atmaq lazım olduğunu bildirmişlər. Müəssisənin 2017-ci ilin mart ayına olan dövr üzrə heç bir maliyyə təsərrüfat fəaliyyəti olmamışdır, lakin vergi orqanı həmin dövrə cəmiyyətə 1766.16 manat ƏDV hesablamışdır. 2019-cu ilin mənfəət vergisi bəyannaməsini və xərc sənədləri onun tərəfindən təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən əlavə 2583.21 manat mənfəət vergisi hesablamışdır. Daha sonra məhkəmə araşdırmasının gedişində iddiaçıya məlim olmuşdur ki, həmin vergi borcunun hesablanması barədə iddiaçı müəssisənin barəsində ayrı-ayrı qərarlar qəbul edilmişdir. Bununla bağlı iddiaçı həmin qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi X6 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötürüldüyünü bildirdi və iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Vəsatəti əsaslandıraraq izah etdi ki, 18.11.2020-ci il tarixdə məhkəmə prosesində iddiaçının nümayəndəsi yenidən dəqiqləşmiş iddia ərizəsi verərək “25 deklabr 2019-cu il tarixli, **********355300 nömrəli, 17 sentyabr 2020-ci il tarixli, **********578400 nömrəli və 06 oktyabr 2020-ci il tarixli, **********390300 nömrəli qərarların ləğv edilməsi”ni məhkəmədən xahiş etmişdir. İddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “25 dekabr 2019-cu il tarixli, **********355300 nömrəli qərar 26.12.2019-cu il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 09.01.2020-ci il tarixdə, saat 14:53-də oxunmuşdur. 17 sentyabr 2020-ci il tarixli, **********578400 nömrəli nömrəli nömrəli qərar 17.09.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 18.09.2020-ci il tarixdə saat 10:47-də, 06 oktyabr 2020-ci il tarixli, **********390300 nömrəli qərar isə 06.10.20250-ci tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 14.10.2020-ci il tarixdə saat 15:05-də oxunmuşdur. İddiaçının ərizəsinə əsasən “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanılmış və yazışmalar elektron qaydada aparılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinin predmetini vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (qərarların) elektron şəkildə göndərilməsi təşkil edir. Beləliklə, iddiaçı hər üç qərarın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürdüyündən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “xxxx” MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia tələbi 25 dekabr 2019-cu il tarixli **********355300 saylı, 17 sentyabr 2020-ci il tarixli **********3578400 saylı və 06 oktyabr 2020-ci il tarixli **********390300 saylı qərarların ləğv edilməsi barədədir. Məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edidli ki, iddiaçı ilkin olaraq cavabdeh tərəfindən əlavə hesablanmış 1766.16 manat və 2583.21 manat, ümumilikdə 4349.37 manat vergi borcunun və hesablanmış faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışdır.Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 30 yanvar 2020-ci il tarixli, **********487700 nömrəli, 18 may 2020-ci il tarixli, **********722200 nömrəli və 13 avqust 2020-ci il tarixli, **********866900 nömrəli qərarların ləğv edilməsini, 18.11.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında isə 25 dekabr 2019-cu il tarixli **********355300 saylı, 17 sentyabr 2020-ci il tarixli **********3578400 saylı və 06 oktyabr 2020-ci il tarixli **********390300 saylı qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahiəsləndirilən qərarlardan 25 dekabr 2019-cu il tarixli, **********355300 nömrəli qərar 26.12.2019-cu il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 09.01.2020-ci il tarixdə, saat 14:53-də oxunmuşdur. 17 sentyabr 2020-ci il tarixli, **********578400 nömrəli nömrəli nömrəli qərar elə həmin tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və onun tərəfindən 18.09.2020-ci il tarixdə saat 10:47-də, 06 oktyabr 2020-ci il tarixli, **********390300 nömrəli qərar isə 06.10.2020-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və onun tərəfindən 14.10.2020-ci il tarixdə saat 15:05-də oxunmuşdur. Buna baxmayaraq iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə, yəni 30 gün müddətində həmin qərarların ləğv edilməsi barədə iddia qaldırmamış və ya hazlrki inzibati məhkəmə icraatı çərçivəsində iddia tələbinin dəqqiqləşdirilməsi barədə ərizə verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göstərilən Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respiblikası Vergi Məcəlləsinin 70.2.1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: ...70.2-1.3- elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Bununla bağlı məhkəmə qeyd edir ki, vergi orqanı mübahisələndirilən inzibati aktı elektron qaydada vergi ödəyicisinə 24.12.2018-ci il tarixdə göndərmiş və həmin qərar 03.01.2019-cu il tarixdə oxunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, həmin qərar vergi ödəyicisi tərəfindən oxunmasa belə, yuxarıda göstərilən qanunun tələbinə uyğun olaraq təqdim edilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin təəblərinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilərək iddia müddətinin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin iddiaçı müəssisənin direktoru izah etdi ki, o, mübahisələndirilən qərarları artıq məhkəmə araşdırması zamanı aldığından iddia müddəti ötürülməmiş hesab edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, vergi orqanı mübahisəlndirilən inzibati aktları qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyicisinə təqdim etmiş və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. İddiaçı isə üzürlü səbəb olmadan həmin qərarların ləğv edilməsi barədə ərizə ilə məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir . “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nomrəli Qərarında gostəlir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması ucun zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti uzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona gorə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “xxxx” MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 25 dekabr 2019-cu il tarixli **********355300 saylı, 17 sentyabr 2020-ci il tarixli **********3578400 saylı və 06 oktyabr 2020-ci il tarixli **********390300 saylı qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 25 dekabr 2019-cu il tarixli **********355300 saylı, 17 sentyabr 2020-ci il tarixli **********3578400 saylı və 06 oktyabr 2020-ci il tarixli **********390300 saylı qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-212/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-212/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver