Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2120/2023 09.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2021-ci ilin dekabr ayından 2022-ci ilin avqust ayınadək iddiaçıya ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı “3-ci qrup əlil olaraq 2021 noyabr – 2022-ci ilin avqust ayınadək (8 ay) iddiaçıya verilməli olan, lakin verilməyən pensiya ödənişlərinin aylıq 267 manat hesablanmaqla verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə ünvanlayaraq, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilərək, “3-ci qrup əlil olaraq 2021 noyabr – 2022-ci ilin avqust ayınadək (8 ay) iddiaçıya verilməli olan, lakin verilməyən pensiya ödənişlərinin aylıq 267 manat hesablanmaqla verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddiaçının tələblə bağlı cavabdeh inzibati orqana müraciətinin olmamasını əsas gətirərək, iddianın mümkün sayılmamasını xahiş etdi. İddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq yardım edilmiş və ona tələbi ilə bağlı inzibati orqana müraciətin, habelə inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olması bildirilmiş, qeyd edilən halların aradan qaldırılmamsının iddianın mümkünsüzlüyünə səbəb olması izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh orqana müraciətinin şifahi və ya yazılı olaraq etdiyini xatırlamadığını bildirərək, iddia ərizəsinə məhkəməyə təqdim edilmiş qaydada baxılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hal-hazırdakı, yaxud ilkin tələbi ilə bağlı müraciətinin olubolmamasının müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına aidiyyatı üzrə sorğu verilmişdir. Cavabdeh orqan, məhkəməyə ünvanladığı cavab məktubunda iddiaçının hazırki tələblə bağlı inzibati orqana müraciətinin olmadığını bildirmişdir. İddiaçı isə inzibati orqana müraciətini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia ilə bağlı cavabdeh qismində qoyduğu inzibati orqana müraciət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2021-ci ilin dekabr ayından 2022-ci ilin avqust ayınadək iddiaçıya ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2120/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2120/2023
09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver