Məhkəmə qərarları › İş №2-1(118)-2121/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2121/2022

28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2121/2022 28.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər 3 saylı notariat ofisinin notariusu T.Mustafazadə tərəfindən təsdiq olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 06 iyul 2021-ci il tarixli “Torpağın icarə hüququnun alqısatqı müqaviləsi” əsasında iddiaçının istifadəsinə verilmiş 3500 kvadrat metr torpaq sahəsi üzərinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər 3 saylı notariaat ofisinin notariusu T.Mustafazadə tərəfindən təsdiq olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 06 iyul 2021-ci il tarixli “Torpağın icarə hüququnun alqısatqı müqaviləsi” əsasında iddiaçının istifadəsinə verilmiş 3500 kvadrat metr torpaq sahəsi üzərinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli, 136 saylı iclasının qərarı ilə Sumqayıt şəhərinin 46-cı məhəlləsi ərazisində yerləşən ümumi sahəsi 7894 kvadrat metr olan torpaq sahəsi istehsal və kommersiya obyektinin tikintisi məqsədi ilə icarə hüququ əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə ayrılmışdır. Həmin bələdiyyə qərarı qəbul edildikdən sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt bələdiyyəsi arasında torpaq icarə müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən sözügedən torpaq sahəsində yerləşən sahəsi 2483,4 kvadrat metr olan əmlak kompleksi kimi müəssisə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyəti olaraq, 7861 kvadrat metr torpaq sahəsi isə icarə hüququ əsasında dövlət qeydiyyatından keçirilmiş və bu barədə qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 20 avqust 2019-cu il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” verilmişdir. Sumqayıt bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sözügedən torpaq sahəsinə dair sonuncu dəfə 05 sentyabr 2019-cu il tarixli, 93 saylı torpaq icarə müqaviləsi bağlanılaraq icarənin müddəti 31 dekabr 2067-ci il tarixədək uzadılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi ilə onun arasında əldə edilmiş razılaşma əsasında yuxarıda qeyd edilən torpaq sahəsinin 3500 kvadrat metr hissəsinin icarə hüququ ona satılmış və bu barədə aralarında Sumqayıt şəhər 3 saylı notariat ofisinin notariusu T.Mustafazadə tərəfindən təsdiq olunmuş 06 iyul 2021-ci il tarixli “Torpağın icarə hüququnun alqı-satqı müqaviləsi” bağlanmışdır. Bundan sonra o icarə hüququnu satın aldığı 3500 kvadrat metr torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı üçün cavabdehə müraciət edərək hüququn dövlət qeydiyyatına keçirilməsini xahiş etmişdir. Lakin cavabdeh onun torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtina etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən müraciətinə verilmiş 17 avqust 2021-ci il tarixli, **********25 saylı cavab məktubunda torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış torpaq icarə müqaviləsinin müddətinin guya 30 dekabr 2019-cu il tarixdə başa çatdığı və bu səbəbdən sonuncunun torpaq üzərində icarə hüququna xitam verildiyi, torpağın icarə müddətinin uzadılmasına dair bağlanmış 05 sentyabr 2019-cu il tarixli, 93 saylı torpaq icarə müqaviləsinin qanunvericiliyə zidd olaraq bilavasitə bağlandığı, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinin müddətinin uzadılmasının yalnız açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə həyata keçirilməli olduğu kimi hallar bəhanə göstərilərək, mübahisələndirilən torpaq sahəsi üzərində onun icarə hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Hesab edir ki, cavabdehin torpaq üzərində hüququnun qeydiyyatından imtinası üçün göstərdiyi dəlillərin hər hansı hüquqi əsasları mövcud deyildir. Cavabdehin mübahisələndirilən torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış torpaq icarə müqaviləsinin müddətinin guya 30 dekabr 2019-cu il tarixdə başa çatdığı, həmin tarixdən sonuncunun torpaq üzərində icarə hüququna xitam verildiyi və bu səbəbdən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 20 avqust 2019-cu il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ilə onun arasında bağlanmış və Sumqayıt şəhər 3 saylı notariat ofisinin notariusu T.Mustafazadə tərəfindən təsdiq olunmuş 06 iyul 2021-ci il tarixli “Torpağın icarə hüququnun alqı-satqı müqaviləsi”nin qanunsuz olması barədə dəlillərini tamamilə əsassız və qüvvədə olan qanunvericilik aktlarına zidd hesab edir. Belə ki, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 20 avqust 2019-cu il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da torpağın icarə müddəti, ümumiyyətlə göstərilməməklə həmin çıxarış icarə hüququnun alqı-satqısı müqaviləsi bağlanılarkən qüvvədə olmuşdur. Cavabdehin bildirdiklərinin ziddinə olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mübahisələndirilən torpaq sahəsi üzərində yaranmış icarə hüququna xitam verilməsi və ya reyestr məlumatlarında həmin hüquqa hər hansı dəyişiklik edilməsi barədə qeydiyyat aparılmamışdır və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq sahəsi üzərində icarə hüququna dair dövlət qeydiyyatı bu gün də qüvvəsini saxlamaqdadır. Daşınmaz əmlakın dövlət reyestri məlumatlarının həqiqiliyi prezumpsiyasını unudan cavabdeh əsassız olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq üzərində icarə hüququnun müddətinin başa çatması səbəbindən hüquqa xitam verildiyini bildirdiyi halda, daşınmaz əmlakın dövlət reyestrində həmin hüququn mövcudluğunu təsdiq edən ləğv olunmamış qeydiyyat əsasında notariat orqanında icarə hüququnun alqı-satqısını həyata keçirmişdir. Həmin alqı-satqı müqaviləsi də hal-hazırda qüvvədə olmaqla hər hansı orqan tərəfindən mübahisələndirilməmişdir. Sumqayıt bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sözügedən torpaq sahəsinə dair bağlanmış 05 sentyabr 2019-cu il tarixli, 93 saylı torpaq icarə müqaviləsinin qanunvericiliyə zidd olaraq bağlanmasına və 2007-ci ilin dekabr ayının 1dən sonra bələdiyyə torpaqlarının icarəyə verilməsinə dair müqavilələrin müddətinin yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri vasitəsi ilə uzadılmalı olmasına dair cavabdehin bildirdikləri də əsassızdır. Sözügedən torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli, 136 saylı iclasının qərarı ilə istehsal və kommersiya obyektinin tikintisi məqsədi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının hərrac, yaxud müsabiqə yolu ilə ayrılmasına dair müəyyən edilmiş hüquq normaları tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Mübahisələndirilən Sumqayıt şəhərinin 46-cı məhəlləsi ərazisində yerləşən ümumi sahəsi 7894 kvadrat metr olan torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli, 136 saylı iclasının qərarı ilə istehsal və kommersiya obeyktinin tikintisi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə ayrılmış, sonuncunun torpaq üzərində icarə hüququ qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 20 avqust 2019-cu il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” əsasında yuxarıda qeyd edilən torpaq sahəsinin 3500 kvadrat metr hissəsinin icarə hüququ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sumqayıt şəhər 3 saylı notariat ofisinin notariusu T.Mustafazadə tərəfindən təsdiq olunmuş 06 iyul 2021-ci il tarixli Torpağın icarə hüququnun alqı-satqı müqaviləsi” əsasında ona satılmışdır. Cavabdeh Sumqayıt bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış torpaq icarə müqaviləsinin müddətinin guya 30 dekabr 2019-cu il tarixdə başa çatdığı, həmin tarixdən sonuncunun torpaq üzərində icarə hüququna xitam verildiyini iddia edərkən nəzərə almamışdır ki, torpağın icarə müddətinin uzadılmasına dair bələdiyyə ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli, 93 saylı torpaq icarə müqaviləsi heç də müstəqil müqavilə olmayıb, sözügedən torpaq sahəsinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Sumqayıt Bələdiyyəsi arasında daha öncə bağlanmış müqavilənin davamı olaraq bələdiyyə ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 12 dekabr 2008-ci ildən əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsinə yönəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisi, Çerkassi küçəsində yerləşən 0.7861 ha torpaq sahəsinin 0.35 ha hissəsi üzərində icarə hüququnun qeydiyyata alınması, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti **********25 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçı X1 bildirilmişdir ki, müraciətə əlavə olunmuş sənədlərin araşdırılması zamanı müəyyən çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, iddiaçının müraciətinə əlavə olunmuş 3M-761 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli icarə hüquqlarının alqı-satqı müqaviləsi “ƏLİRZAOĞLU" MMC-nin 0.7861 ha torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş icarə hüququnun və torpaq sahəsində yerləşən tikili üzərində mülkiyyət hüququnun qeydiyyata alınması nəticəsində verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında bağlanmışdır. Torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin müddəti xx.xx.2019-cu il tarixində başa çatdığından həmin müqavilənin uzadılması hərrac və ya müsabiqə vasitəsilə olmalı idi. Belə ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" xx.xx.2008-ci İİ tarixli 709-İİİQD nömrəli Qanunun İX maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Göründüyü kimi, Azərbaycan Respublikası hüquqi şəxslərinin icarəsinə verilmiş torpaq sahələrinə dair icarə müqavilələrinin müddətinin birbaşa uzadılması barədə müddəa sözügedən maddədə öz əksini tapmamışdır. Həmçinin nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinə əsas olunan hallardan biri də torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddətin qurtarmasıdır. Odur ki, üzərində icarə hüquqlarının müddəti bitmiş və nəticə etibarı ilə icarə hüququna xitam verilmiş torpaq sahəsinə dair icarə hüquqlarının alqı-satqı müqaviləsi bağlana bilməzdi. Bundan əlavə, müraciətə əlavə olunmuş, Sumqayıt bələdiyyəsi ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bilavasitə bağlanmış torpaq icarə müqaviləsi qanunvericiliyin tələblərinə zidd tərtib olunmuş, həmçinin həmin müqavilə əsasında dövlət reyestrində "xxxx" MMC-nin adına müvafiq qeydiyyat aparılmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6cı maddəsində edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Odur ki, torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsi ilə "xxxx" MMC arasında qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlandıqdan və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparıldıqdan sonra torpağın icarə hüquqlarının alqı-satqısı ilə bağlı notariat orqanına müraciət edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubudan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının daşınmaz əmlak üzərində icarə hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli, 136 saylı qərarının surətindən görünür ki, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyi nəzərə alınaraq, 46-cı məhəllə ərazisində istehsal və kommersiya obyektinin tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sahəsi 7894 kv.m olan torpaq sahəsi ayrılması qərara alınmışdır. - 05 sentyabr 2019-cu il tarixli, № 93 saylı “Torpaq icarəsi müqaviləsi”nin surətindən görünür ki, Sumqayıt şəhər bələdiyyəsi ilə "xxxx" MMC arasında Sumqayıt şəhər bələdiyyəsinin 3 oktyabr 2004-cü il tarixli, 136 saylı qərarı əsasında Sumqayıt şəhəri, 46cı məhəllə ərazisində yerləşən ümumi sahəsi 7861 kv.m olan torpaq sahəsi 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2067-ci ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,7861 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmışdır. - 06 iyul 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi”nin surətindən görünür ki, ünvan 1 ərazisində yerləşən 0.7861 ha torpaq sahəsinin 3500 kv.m hissəsi icarə hüququ "xxxx" MMC tərəfindən İddiaçı satılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 9-cu bəndinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.2-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində malik olduğu səlahiyyətlərindən biridir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtinasını onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunun İX maddəsinə əsasən, əcbəinlərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istinsna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və göstərdiyi dəlillər əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli, 136 saylı qərarı ilə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyi nəzərə alınaraq, 46-cı məhəllə ərazisində istehsal və kommersiya obyektinin tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sahəsi 7894 kv.m olan torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin qərara əsaslanmaqla iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında 05 sentyabr 2019-cu il tarixli, 93 saylı Torpaq İcarəsi müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində yerləşən ümumi sahəsi 7861 kv.m olan torpaq sahəsi 01 yanvar 2019cu il tarixdən, 31 dekabr 2067-ci ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmişdir. ********** qeydiyyat nömrəli, 20 avqust 2019-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin”dən çıxarış ilə 7861 kvadrat metr torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququ dövlət qeydiyyatına alınmışdır. ünvan 1 ərazisində yerləşən 0.7861 ha torpaq sahəsinin 3500 kv.m hissəsinin icarə hüququ "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya satılmışdır. Daha sonra iddiaçı qeyd olunan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi torpaq sahəsinin icarəyə açıq torpaq hərracı və ya müsabiqəsi ilə verilmədiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Sumqayıt bələdiyyəsi arasında bağlanılmış 05 sentyabr 2019-cu il tarixli, 93 saylı Torpaq icarəsi müqaviləsi heç də müstəqil müqavilə olmayıb, Sumqayıt şəhər bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli, 136 saylı qərarının davamı olaraq bağlanılmışdır və bələdiyyə ilə "xxxx" MMC arasında 12 dekabr 2008-ci ildən əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan 9-cu maddəsinə əsasən həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Həmin qanun 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş, dərc edildiyi, yəni 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmişdir. Qanunvericilikdə torpaqlara münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında icarə hüquq münasibətləri cavabdehin imtinasında, etirazında istinad etdiyi qanunvericilik normasının tətbiqdən əvvəl meydana gəlmiş və bu xüsusat yeni qanunla da icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi tələbinin tətbiq olunduğu torpaq sahələrinə aid edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 06 iyul 2021-ci il tarixli “Torpağın icarə hüququnun alqı-satqı müqaviləsi”nə əsasən 3500 kvadrat metr torpaq sahəsi üzərinə İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 06 iyul 2021-ci il tarixli “Torpağın icarə hüququnun alqı-satqı müqaviləsi”nə əsasən 3500 kvadrat metr torpaq sahəsi üzərinə İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar