Məhkəmə qərarları › İş №2-1(118)-2121/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2121/2023

20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2121/2023 20.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “20 iyun 2022-ci ildə, yəni 62,5 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1959-cu ildə anadan olmuş, əmək fəaliyyətinə Qubadlı rayonunun “Mehdi Hüseynzadə” adına kolxozda xx.xx.1974-cü ildə başlamış, həmin kolzoda xx.xx.1981-ci ilə qədər işləmişdir. xx.xx.1981xx.xx.1996-cı illərdə 42 nömrəli Uşaq bağçasında, xx.xx.1997-xx.xx.1999-cu illərdə Sumqayıt Təhsil Şöbəsində, xx.xx.1999-xx.xx.2005-ci illərdə Sumqayıt İstehsalat Texnoloji Komplektləşmə İdarəsində işləmişdir. Ümumi iş stajı 30 ildən artıqdır. İş stajını ona məxsus olan NT-İ seriyalı ******* saylı “Əmək kitabçası” təsdiq edir. Yaşa görə əmək pensiyası təyini məqsədilə sənədlərini DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala təqdim etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubuna əsasən onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının mübahisəsiz sığorta stajı təqdim etdiyi əmək kitabçası və məhkəmə qətnaməsinə əsasən ümumilikdə 24 il təşkil edir:İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasına əsasən xx.xx.1999 tarixdən xx.xx.2005-ci il tarixədək istehsal Texnoloji Komplektləşdirmə idarəsində ümumilikdə 05 il 11 ay 12 gün təşkil edir: Belə ki, inzibati icraat zamanı iddiaçının xx.xx.2011-ci il tarixdə əlilliyə görə emək pensiyası təyin edilərkən təqdim etdiyi əmək kitabçasının surətində tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətinə dair qeydlərin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-eu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 24 dekabr 2022-ci il tarixli, **********7 nömrəli imtina məktubu, cavabdehin etiraz ərizəsi, Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-48-4/2-1806/2023 nömrəli məktub, cavabdeh tərəfindən təqdim edilmiş 3-17-1/2- 93746/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub, iddiaçıya aid pensiya işinin təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun yaşa görə əmək pensiyası yaşının və sosial sığorta stajının tamam olduğu vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçıDövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, cavabdehin 24 dekabr 2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə iddiaçının tələbindən imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Həmin qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: Əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ; sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması şəxsə yaşa görə əmək pensiyası hüququ vermiş olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 müxtəlif illərdə, yəni 1974cü ildən 2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Tələbin mübahisə edilən hissəsi iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1999 tarixdən xx.xx.2005-ci il tarixədək istehsal Texnoloji Komplektləşdirmə idarəsində işlədiyi dövrlərdir. Cavabdeh təşkilatın bildirdiyinə görə iddiaçıya 2011-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilən vaxtda Fonda təqdim edilən iddiaçıya əmək kitabçasında mübahisələndirilən əmək fəaliyyətinə dair qeydlər olmamışdır. Cavabdeh təşkilatın gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçası ilə onun qeyd olunan müddətlər ərzində həmin müəssisələrdə işləməsi öz təsdiqini tapmış olur. Belə ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Başqa sözlə desək cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlərin həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək kitabçasında qeyd mübahisələndirilən müddətlər hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu müddət 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 62,5 yaşı xx.xx.2022-ci ildə tamam olmuş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 62,5 yaşının tamam olduğu 20 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 20 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar