Məhkəmə qərarları › İş №2-1(118)-2121/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2121/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2121/2024 10.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhəri Corat Bələdiyyəsinə qarşı “ünvan 1 ünvanına bitişik yerləşən torpaq sahəsinin X1 qadağan edilməsi və həmin torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Sumqayıt şəhəri Corat Bələdiyyəsinə (bundan sonra – “cavabdeh”) qarşı ünvan 1 ünvanına bitişik yerləşən torpaq sahəsinin X1 qadağan edilməsi və həmin torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 500 A saylı fərdi ev mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. O, həmin torpaq sahəsini 1972-ci ildə almış və orada ev tikərək ailə üzvləri ilə yaşayır. Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 500 saylı evin sahibi X5r. T.X9 Respublikasının vətəndaşıdır. Onun torpaq sahəsilə T.Şahpələnglinin torpaq sahəsi arasında təqribən bir sotdan artıq torpaq sahəsi var. Həmin torpaqdan o, 30 ildən artıqdır ki, istifadə edir. T.Şahpələngli həmin torpaq sahəsini almaq üçün, sənədlər hazırlayaraq 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etmişdir. T.Şahpələnglinin müraciəti əsasında 2 saylı Sumqayıt Ərazi İdarəsi torpaq sahəsində olmuş, müvafiq sənədləşmə aparmağa başlamışlar. O və digər qonşular həmin torpaq sahəsinin T.Şahpələngliyə satılmasına etiraz etmiş və bu barədə Corat qəsəbə Bələdiyyəsinə müraciət ünvanlamışdırlar. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49.4, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 33 və 73-cü maddələrinə istinad edilmişdir. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı 15 dekabr 2023-cü il tarixli məhkəmə prosesində iddia ərizəsində qeyd edilənləri müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, onun oğlu tərəfindən də eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə prosesi iddiaçının izahatında qeyd etdiyi halın aydınlaşdırılması məqsədi ilə təxirə salınmış və müəyyən edilmişdir ki, iddiaçı X3 tərəfindən ünvan 4 ünvanına bitişik yerləşən 0,02 ha (təxminən 2 sot) torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 10 yanvar 2024-cü il tarixdə keçirilən iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, qardaşı X3 tərəfindən verilmiş iddia tələbində qeyd olunmuş mübahisəli torpaq sahəsi hazırki iddia tələbində qeyd olunmuş torpaq sahəsidir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddiaçının hazırki iddia tələbini qaldırmaqda əsas məqsədi onun torpaq sahəsilə T.Şahpələnglinin torpaq sahəsi arasında təqribən bir sotdan artıq torpaq sahəsinin T.Şahpələngli adlı şəxsə satılmamasıdır. İddiaçının bildirdiyinə görə T.Şahpələngli adlı şəxs həmin torpaq sahəsini almaq üçün, sənədlər hazırlayaraq 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etmişdir. T.Şahpələnglinin müraciəti əsasında 2 saylı Sumqayıt Ərazi İdarəsi torpaq sahəsində olmuş, müvafiq sənədləşmə aparmağa başlamışlar. O və digər qonşular həmin torpaq sahəsinin T.Şahpələngliyə satılmasına etiraz etmiş və bu məzmunda Corat qəsəbə Bələdiyyəsinə müraciət ünvanlamışdırlar. Hazırda isə Sumqayıt İnzibati Məhkəmənin icraatında iddiaçının oğlu X3 tərəfindən ünvan 4 ünvanına bitişik yerləşən 0,02 ha (təxminən 2 sot) torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı və onun nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, hər iki iddia tələbində mübahisə predmeti eyni torpaq sahəsidir. Göründüyü kimi hazırki tələb digər tələblə birbaşa bağlıdır və bu iddia tələbi iddiaçının hüquqi marağına xidmət etmədiyindən və onun hüquqi marağı məhkəmənin icraatında olan digər inzibati iş üzrə mübahisələndirildiyindən hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında həmçinin göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır.(6.1-ci bənd) İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.(6.2-ci bənd) İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. (15.5-ci bənd) Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. (15.6-cı bənd) Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhəri Corat Bələdiyyəsinə qarşı “ünvan 1 ünvanına bitişik yerləşən torpaq sahəsinin X1 qadağan edilməsi və həmin torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar