Məhkəmə qərarları › İş №2-1(118)-2122/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2122/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2122/2025 13.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “RX seriyalı, ******* nömrəli, 02 iyul 2015ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 54 saylı mənzil İddiaçı mərhum həyat yoldaşı X3 xüsusi mülkiyyətində olmuşdur. Belə ki, İddiaçı və X6 03 avqust 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, sözügedən mənzil isə 20 iyun 2014-cü il tarixdə alqı-satqı müqaviləsi üzrə Emil Əsgərovun xüsusi mülkiyyətinə keçmişdir. Emil Əsgərov 18 dekabr 2014-cü il tarixdə şəhid olmuş və onun ölümündən sonra birinci dərəcəli vərəsələri həyat yoldaşı İddiaçı, azyaşlı övladı X7 və anası X2 olmuşdur. 29 aprel 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X3 vərəsələri qismində arvadı - İddiaçı, azyaşlı oğlu - X7 və anası - X2 tanınmış, şəhadətnamə verilən miras əmlak yalnız Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya şirkətinin 10 aprel 2015-ci il tarixli 07-02-737 nömrəli məktubuna əsasən 11.000 (on bir min) manat siğorta ödənişindən ibarət olmuşdur. Qeyd olunanlardan da göründüyü kimi şəhadətnamədə yalnız 11.000 manat siğorta ödənişi qeyd edilmiş, yəni, şəhadətnamə ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilə şamil edilməmişdir. Həmin mənzil məhz yuxarıda qeyd olunan şəhadətnamə əsasında vərəsələr arasında bərabər payda olmaqla (hər birinə 1/3 hissə) bölünmüşdür. Lakin həmin əmlakın tərəflər arasında göstərilən şəhadətnamə əsasında eləcə də bərabər payda bölünməsi əsassızdır. Belə ki, miras payı olan əmlak nümayəndəsi olduğu İddiaçı ilə miras qoyanın birgə nikahları dövründə alqı-satqı müqaviləsi ilə əldə edilmişdir. Yəni əmlak vərəsələr arasında düzgün bölünməmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə miras əmlakı birgə nikah dövründə alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və buna görə də miras qoyanın sağlığında belə ½ hissə İddiaçı məxsus olduğundan miras qoyanın vəfatından sonra da həmin hissə bütövlüklə İddiaçı məxsus olmalı və yalnız qalan ½ hissə hər üç vərəsə arasında bərabər paylarda bölünməlidir. Başqa sözlə desək digər vərəsələr olan X2 və X4 ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin yalnız ½ hissəsi üzrə vərəsəlik hüququ mövcuddur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, məhkəmə tərəfindən mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı RX seriyalı, ******* nömrəli, 02 iyul 2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini istəyir. Göründüyü kimi iddiaçının ləğv edilməsini istədiyi çıxarışın verilməsinə əsas qanun üzrə vərəsəlik haqqında şəhadətnamə çıxış etmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzi notariat kontorunda 232 nömrəli vərəsəlik işi açılmış, X3 vərəsələri İddiaçı, X7 və X1 vərəsə kimi miras əmlakdan bərabər payda irs almalı olduqları qeyd edilmişdir. İddiaçı ərizəsində əmlakın miras qoyanla birgə nikahları dövründə alqı-satqı müqaviləsi ilə əldə edildiyindən vərəsələr arasında düzgün bölünmədiyini bildirmiş, qanunvericiliyin tələbinə görə miras əmlakı birgə nikah dövründə alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və buna görə də miras qoyanın sağlığında belə ½ hissə İddiaçı məxsus olduğundan miras qoyanın vəfatından sonra da həmin hissə bütövlüklə İddiaçı məxsus olmalı və yalnız qalan ½ hissə hər üç vərəsə arasında bərabər paylarda bölünməli olduğunu qeyd etmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi məsələlər inzibati hüquq münasibətinin predmeti deyildir. İddiaçı X3 vərəsəlik işi ilə bağlı mümkün hüquqi müdafiə vasitələrindən istifadə edərək mülki mühakimə icraatı qaydasında iddia qaldıra bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4№li qərarında qeyd edilmişdir:

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İstinad edilən Plenum qərarındakı hüquqi mövqedən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsası kimi inzibati akt çıxış edirsə, həmin inzibati akt inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. İddiaçıya izah olunsun ki, aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar