Məhkəmə qərarları › İş №2-1(118)-213/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-213/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-213/2021 29.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Şamaxı rayonu Çıraqlı kəndində yaşayan), Cavabdehin nümayəndəsi X3 (ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 11 saylı Regional Ərazi filialına qarşı 28 mart 1980-ci ildən 02 yanvar 1992-ci il tarixədək Şamaxı rayonu Sabir adına sovxozda, 02 yanvar 1992-ci il tarixdən 01 sentyabr 1993-cü il tarixədək Çıraqlı kənd ibtidai məktəbində kitabxanaçı işlədiyi müddətin və 04.11.1993-cü il təvəllüdlü Güllübəyim adlı uşağına 04.11.1993-cü il tarixdən 30.11.1995-ci il tarixədək, 30.05.1995-ci il təvəllüdlü Vəfa adlı uşağına 01.08.1996-cı il tarixdən 01.07.1997-ci il tarixə kimi qulluq etdiyi dövrün sosial siğorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DSMF-nun Şamaxı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DSMF-nun Şamaxı rayon şöbəsinin ona əlilliyə görə əmək pensiya təyin olunması barədə 30.06.2020 il tarixli **********51 saylı imtinasının əsassız hesab olunması və onun 28 mart 1988-ci ildən 31 dekabr 1981-ci ilə kimi Şamaxı rayonu Sabir adına sovxozda və 02 yanvar 1992-ci ildən 31 dekabr 1993-cü ilə kimi Çıraqlı kənd ibtidai məktəbində işlədiyi müddətin 04 noyabr 1993-cü ildə anadan olmuş Güllübəyim adlı uşağına 04 noyabr 1993-cü il tarixdən 01 sentyabr 1995-ci il tarixə kimi, 30 may 1995-ci il tarixdə doğulmuş Vəfa adlı uşağına 01 avqust 1996-cı ildən 01 iyul 1997-ci il tarixə kimi qulluq etdiyi dövrlərin sığorta stajına daxil edilməklə 21.01.2020-ci il tarixdən ona əlilliyə görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 11 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək, onun 28 mart 1980-ci ildən 02 yanvar 1992-ci il tarixədək Şamaxı rayonu Sabir adına sovxozda, 02 yanvar 1992-ci il tarixdən 01 sentyabr 1993-cü il tarixədək Çıraqlı kənd ibtidai məktəbində kitabxanaçı işlədiyi müddətin və 04.11.1993-cü il təvəllüdlü Güllübəyim adlı uşağına 04.11.1993-cü il tarixdən 30.11.1995-ci il tarixinədək, 30.05.1995-ci il təvəllüdlü Vəfa adlı uşağına 01.08.1996-cı il tarixdən 01.07.1997-ci il tarixinə kimi qulluq etdiyi dövrün sosial siğorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, ona 24 Comment [VA 1]: Anvar yanvar 2020-ci il tarixdən 3-cü dərəcəli əlillik dərəcəi təyin edilmişdir. O, əlilliyə görə əmək pensiyasnını təyin edilməsi üçün sənədlərini DSMF-nin Şamaxı rayon şöbəsinə təqdim etmişdir. Lakin ona imtina cavabı verilmişdir, cavabdeh DSMF-nin Şamaxı rayon şöbəsində ona bildirilmişdir ki, onun 28 mart 1988-ci ildən 31 dekabr 1981-ci ilə kimi Şamaxı rayonu Sabir adına sovxozda və 02 yanvar 1992-ci ildən 31 dekabr 1993-cü ilə kimi Çıraqlı kənd ibtidai məktəbində işləməsi əmək kitabçasında öz əksini tapmadığından və eyni zamanda 04 noyabr 1993-cü ildə anadan olmuş Güllübəyim adlı uşağına 04 noyabr 1993-cü il tarixdən 01 sentyabr 1995-ci il tarixə kimi, 30 may 1995-ci il tarixdə doğulmuş Vəfa adlı uşağına 01 avqust 1996-cı ildən 01 iyul 1997-ci il tarixə kimi qulluq etdiyindən ona əlilliyə görə əmək pensiyası təyin etmək mümkün olmadı. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, xx.xx.1966-cı il təvəllüdlüdür. 26 mart 1980-cı il tarixdən Sabir adına sovxoza fəhlə qəbul olunmuşdur və 02 yanvar 1991-ci il tarixədək orada işləmişdir. Ona məlum olmayan səbəbdən əmək kitabçası yazılmamışdır. Bundan sonra Çıraqlı kənd məktəbində kitabxanaçı vəzifəsində işləmişdir. Uşaqlarına qulluq etməyi ilə bağlı məzuniyyətdə olduğu dövrlərin sığorta stajına daxil edilməməsini də o, əsassız hesab edir. 2006-cı ilin yanvar ayının 1-nə kimi qüvvədə olan Qanuna əsasən uşağa qulluq etməklə bağlı analıq məzuniyyəti müddəti sığorta stajına daxil edilməlidir. Bununla bağlı o, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədi və izah etdi ki, “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Vətəndaş İddiaçı 24.01.2020-ci il tarixdə ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Vətəndaşa pensiya təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı 12 il 7 ay təşkil edir. Qanunvericiliyin digər tələbinə əsasən, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının fərdi hesabının sığorta hissəsində 22800 manat pensiya kapitalı mövcud olmalıdır. İddiaçının işlədiyini iddia etdiyi 1980-1991 və 1991-1995-ci illər əmək kitabçası ilə öz təsdiqini tapmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçının cavabdeh quruma sübut qismində təqdim etdiyi əmək kitabçasındakı qeydlərdən məlum olur ki, vətəndaş 01.09.1995-ci il tarixdən 01.09.2012-ci il tarixədək Çıraqlı kənd orta məktəbində kitabxanaçı vəzifəsində işləmişdir. 2006-cı ildən vətəndaşın əlillik aldığı 24.01.2020-ci il tarixədək 9 il 7 ay sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində 4536 manat pensiya kapitalı olduğu öz təsdiqini tapır. Bu da vətəndaşın əlilliyə görə pensiya hüququnun yaranması üçün zəruri olan tələblərə cavab vermir. İş materiallarına əlavə edilmiş : -AZE ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. - DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən verilən 30.06.2020-ci il tarixli **********511 saylı imtina məktubundan görünür ki, iddiaçının 28 mart 1980-ci ildən 31 dekabr 1991-ci il tarixə kimi rayonun Sabir adına sovxozunda işləməsi 02 yanvar 1992-ci ildən 31 sentyabr 1993-cü il tarixə kimi Çıraqlı kənd ibtidai məktəbində işləməsi əmək kitabçasında öz əksini tapmadığı üçün və eyni zamanda 04 noyabr 1993-cü ildə anadan olmuş Güllübəyim adlı uşağına 04 noyabr 1993-cü il tarixdən 01 sentyabr 1995-ci il tarixə kimi, 30 may 1995-ci ildə anadan olmuş Vəfa adlı uşağına 01 avqust 1996-cı ildən 01 iyul 1997-ci il tarixə kimi qulluq etdiyindən ona əlilliyə görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. - Milli Arxiv İdarəsinin X16 filialının 20 iyun 2020-ci il tarixli 28 saylı arxiv çıxarışından görünür ki, X4 28.03.1980-ci ildə 27 saylı əmrlə M.Ə.Sabir adına sovxoza müvəqqəti fəhlə qəbul edilmiş, 02 yanvar 1991-ci il tarixdə 01 saylı əmrlə işdən azad edilmişdir. - Şamaxı rayon Təhsil Şöbəsi Çıraqlı kənd orta məktəbinin 14.05.2020-ci il tarixli, 5 saylı arayışından görünür ki, X4 02.01.1992-ci il tarixdən 89 saylı əmrlə müvəqqəti olaraq kitabxanaçı vəzifəsinə təyin edilmiş, 103 saylı əmrlə analıq məzuniyyəti yerinə müvəqqəti olaraq məktəbin kitabxanaçısı vəzifəsini icra etmişdir. 26 saylı əmrlə 30.08.1993-cü il tarixdən analıq məzuniyyətinə buraxılmış, 01.09.1993-cü il tarixdə 29 saylı əmrlə Vİİİ sinif bağlandığı üçün kitabxanaçı vəzifəsi ixtisar olunmuşdur. - Milli Arxiv İdarəsinin X16 filialının 20 iyun 2020-ci il tarixli, 28 saylı arxiv arayışından görünür ki, X1 qızı 1991-ci illərdə Şamaxı rayonun M.Ə.Sabir sovxozunda, 1992-1995-ci illərdə Çıraqlı natamam orta məktəbində, 1996-2000-ci illərdə Şamaxı rayonun Sabir qəsəbəsi üzrə icra nümayəndəliyi Çıraqlı orta məktəbində işləmiş, əmək haqqı cədvəllərinə görə 1991-ci ilin yanvar-aprel, iyun-dekabr, 1992-ci il, 1993-cü ilin yanvar-sentyabr, 1995-ci ilin sentyabr-dekabr, 1996-cı ilin yanvar-iyul, 1997-ci ilin iyuldekabr, 1998-2000-ci illərdə əmək haqqı almışdır. - 03.02.1995-ci il tarixli, XVİİİ ЖГ № 358573 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X2 04.11.1993-cü il tarixdə anadan olmuş, ata qrafasında X7, ana qrafasında İddiaçı qeyd edilmişdir. - 16.06.1995-ci il tarixli, XİX ЖГ № 328179 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 30.05.1995-ci il tarixdə anadan olmuş, ata qrafasında X7, ana qrafasında İddiaçı qeyd edilmişdir. -20.11.1996-cı il tarixli, XX ЖГ № 289202 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 19.09.1996-cı il tarixdə anadan olmuş, ata qrafasında X7, ana qrafasında İddiaçı qeyd edilmişdir. - ƏƏSMN TSEK arayışından görünür ki, İddiaçı 24.01.2020-ci il tarixdə üçüncü qrup əlillik dərəcəsi təyin edilmişdir. - Vİ ЖГ № 301007 saylı nikah haqqında şəhadətnamədən görünür ki, 20.08.1992-ci il tarixdə X7 və İddiaçı rəsmi nikaha daxil olmuşlar. - ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 01.09.1995-ci il tarixdə Çıraqlı kənd məktəbinə kitabxanaçı vəzifəsinə təyin edilmiş, 01.09.2012-ci il tarixdə Çıraqlı kənd ümumi orta məktəbin kitabxanaçı vəzifəsindən azad edilmişdir. Məhkəmənin sorğusuna əsasən X12 filialı tərəfindən verilmiş 26.11.2020-ci il tarixli cavab məktubuna əlavə edilmiş əmr kitablarından çıxarışlardan və əmək haqqı cədvəllərindən görünür ki, Salmanova (Qəhrəmanova) Sevda Maxsud qızı 28.03.1980- 02.01.1991-ci illərdə M.Ə.Sabir adına sovxozda işləmiş və əmək haqqı almışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Cavabdeh tərəf etirazında qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan 01.01.1995-ci il tarixdən 01.09.2012-ci il tarixədək Çıraqlı kənd orta məktəbində işlədiyi dövrü onun sosial sığorta stajına daxil edir və beləlikl, iddiaçının 2006-cı ildən əlillik dərəcəsi aldığı 24.01.2020-ci il tarixədək 9 il 7 ay sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində 4536 manat pensiya kapitalı öz təsdiqini tapır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.3.3-cü bəndinə əsasən İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı 12 il 7 ay (53 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 38 yaş x 4 ay = 152 ay : 12 ay = 12 il 7 ay) təşkil edir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı əmək fəaliyyətinə 14 yaşı tamam olmadan başlamışdır. Qanunvericiliyə əsasən əmək müqaviləsi 15 yaşına çatmış şəxslərlə bağlana biləcəyinə görə, iddiaçının 15 yaşı tamam olana kimi işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməməlidir. Yəni iddiaçının xx.xx.1966-cl il təvəllüdlü olması nəzər alındıqda, o, 19.08.1981-ci ildən işlədiyi dövr onun sosial sığorta stajına daxil edilə bilər. Bununla yanaşı məhkəmə qeyd edir ki, onun 19.08.1981-ci il tarixdən 02.01.1992-ci il tarixədək Şamaxı rayonu Sabir adına sovxozda və 02.01.1992-ci il tarixdən 01.09.1993-cü il tarixədək Çıraqlı kənd ibtidai məktəbində kitabxanaçı vəzifəsində işlədiyi müddət və cavabdeh tərəfindən qəbul edilən 9 il 7 ay müddət onun sosial sığorta stajına daxil edilərsə, iddiaçının tələb olunan sosial sığorta stajı tamamlanmış olur. Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində 22800 manat pensiya kapitalı toplanmadığından iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün şərtlər yerinə yetirilməmiş olur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyası o halda, təyin olunur ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan versin. Pensiyanın sığorta hissəsi hesablanarkən ümumi iş stajının hər ili üçün 306 manat «2006-cı ilin yanvarın 1-dək 306 manat pensiya kapitalı hesablanır, Həmin tarixdən sonra 01.07.2017-ci il tarixədək pensiya kapitalı 80% artırılaran sığorta hissəsində qeydə alınır. «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixdən 1 mart 2019-cu il tarixədək qüvvədə olan 6-1-ci maddəsində nəzərdə tutulur ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğinə uyğun olaraq indeksləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyə görə əmək pensiyasının təyin olunması üçün topladığı pensiya kapitalı kifayət etmədiyindən iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar