Məhkəmə qərarları › İş №2-1(118)-213/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-213/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-213/2022 28.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X1 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən babası X4 məxsus olmuş və müsadirə edilmiş tikilinin qaytarılması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən babası X4 məxsus olmuş və müsadirə edilmiş tikilinin qaytarılmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum babası X9 1937-ci ildə “xalq düşməni” adlandırılaraq repressiyalara məruz qalmış və Azərbaycandan sürgün edilmişdir. Həmin vaxt hökümət ona məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən mülkü heç bir əsas olmadan müsadirə edərək dövlət ehtiyaclarına vermişdir. Hazıra kimi həmin mülk dövlət sərəncamındadır və uşaq bağçası kimi istifadə edilir. Lakin iddiaçıda olan məlumata görə hazıfrda yeni uşaq bağçası tikilir və həmin uşaq bağçasına ehtiyac yoxdur. Bununla əlaqədar iddiaçı cavabdehə müraciət edərək həmin mülkün ona qaytarılmasını tələb etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X11 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının tələb etdiyi binanın onun mərhum babasına məxsus olmasını nəsdiq edən hər hansı hüququmüəyyənedici sənəd olmadığından onun iddiası əsassız hesab edilməməlidir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Sumqayıt şəhər Məhkəməsinin qətnamələri ilə İddiaçı mərhum X3 nəvəsi olması və onun qanuni vərəsəsi olması faktı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Corat qəsəbəsində yerləşən uşaq bağçasının yerləşdiyi tikilinin mərhum babasına məxsus olmasını təsdiq edən sübut kimi yalnız qonşuları tərəfindən təsdiq edilmiş və Corat bələdiyyəsi tərəfindən təsdiq edilmiş 03.12.2020-ci il tarixli aktı təqdim etmişdir. Həmin aktın məzmunundan göünür ki, Corat qəsəbə sakinləri X5, X8 oölu və X12 qəsəbəsi 2 saylı uşaq bağçasının Corat qəsəbəsinin keçmiş zəngin bəylərindən olan X4 məxsus olması, binanın 1915-ci ildə onun tərəfindən tikdirilməsi və Sovet hakimiyyəti qurulduğu dövrdə onun əlindən alınıdğını və 1939-cu ildən Corat qəsəbəsi 2 saylı uşaq bağçası kimi fəaliyyət göstərməsini təsdiq edirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildiki, iddiaçı Corat qəsəbəsi, uşaq bağçasının yerləşdiyi binanın mərhum babasına məxsus olmasını iddia etsə də, bunu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən babası X4 məxsus olmuş və müsadirə edilmiş tikilinin qaytarılması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən babası X4 məxsus olmuş və müsadirə edilmiş tikilinin qaytarılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar