Məhkəmə qərarları › İş №2-1(118)-213/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-213/2025

18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-213/2025 18.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X7 Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona 2004-cü ildə təyin olunmuş İİ dərəcəli əliliyin dayandırıldığı tarixdən bərpa edilməsi, aprel 2021-ci ildən aprel 2023-cü ilədək ödənilməyən hər ayı 260 AZN-dən olmaqla 6240 AZN, hər ay 100 AZN-dən reseptlər üzrə alınmış dərmanlara görə ödənilən 2400 AZN, cəmi 8640 AZN, mənəvi ziyana görə 1500 AZN ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Neyrocərrahiyyə xəstəxanasında "L 5-ci fəqərəsinin soldan hissəvi "hemilaminektomiyası", L 5 - S 1 florası disk yırtığının çıxarılması" ilə bağlı əməliyyat olunmuşdur. 2004-cü ildə ona ilk dəfə İİ qrup əlillik təyin olunmuşdur. Hər il 1 il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə əlilliyin müddəti uzadılmışdır. xx.xx.2017-ci ildə "uşaqlıq boruları ilə birlikdə supravaginal amputasiyası, sağ yumurtalığın pazvari rezeksiyası"dan əməliyyat olunmuşdur. Bu müddət ərzində Quba rayon Mərkəzi xəstəxanasında müayinə və müalicə olmuşdur. Son müalicə zamanı rayon xəstəxanası "Covid 19" virusu ilə əlaqədar xəstələr qəbul edilmədiyi üçün xx.xx.2021-ci ildə Xaçmaz rayon Mərkəzi xəstəxanasının nevrologiya şöbəsində 10 günlük stasionar müalicə olunmuşdur. xx.xx.2016-cı ildə TSEKdən keçirilərək "yaşlılarda onurğanın osteoxondrozu sol tərəfli kökcük ağır sindromu" ilə keçirilmiş, növbəti təyinat xx.xx.2021- ci ildə edilmiş, lakin heç bir xəbərdarlıq edilmədən, müayinədən keçirilmədən əlilliyi ləğv edilmişdir. xx.xx.2021-ci ildə "ürək ağrıları ilə yoxlanışda olduğu zaman ürəkdə "Mitraİ qapaqda" İİ dərəcəli çatışmazlıq və yanaşı olaraq qalxanabənzər vəzin düyünlü zobu da aşkar edilmişdir. Bununla əlaqədar müalicələri davam etdirilir. Quba rayon Tibb Ekizpertiza Komissiyasının qəbulunda olmuşdur. Əlilliyinin qiymətləndirilməsi üçün müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə "əlavə müalicəyə ehtiyac olması" yazılaraq imtina edilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək növbəti dəfə Xaçmaz rayon Mərkəzi xəstəxanasının Nevrologiya şöbəsində müalicə olunmuşdur. Bundan sonra bel ağrıları, ayağına, pəncənə vuran ağrılar və ayağında keyitmə olduğu üçün MRT olunmuş və müalicə almışdır. Əlilliyi ilə əlaqədar yenidən müraciət etmiş və xx.xx.2022-ci ildə müraciətinə ətraflı deyil, yalnız bir cümlə ilə "imtina" sözü ilə cavab verilmişdir. Ağrıları kəsilmədiyi və həddən artıq kəskinləşdiyi və dözülməz olduğu üçün yenidən MRT olunmuş və həkimin göstərişi ilə təcili əməliyyat olunmağını, əks təqdirdə şikəst qalacağı bildirilmişdir. xx.xx.2022-ci il tarixdə "Prime Hospital"da "L 4 dekompressiv laminektomiyası, L 4, L 5 disk yırtığının çıxarılması, L 3, L 4, LS-S1 fəqərələrinin transpedikulyar metallofiksiyası" əməliyyatı olmuşdur. İki ay həkimin nəzarəti ilə yataq rejimində müalicə olmuşdur. xx.xx.2022-ci il tarixdə "Onlayn növbə" alaraq Tibbi-Sosial Ekspert Komissiyasında əyani şəkildə olmuş və ərizə ilə müraciət etmişdir. İdarə heyətinin sədr müavini M.Məmmədova "X6 tərəfindən müayinə-müalicə olunacağı və yenidən göndəriş rəsmiləşdirəcəyi təqdirdə əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi" barədə məlumat verməklə kifayətlənmişdir. Ağrıları kəsmədiyi üçün yenidən Quba rayon Mərkəzi xəstəxanasının Nevrologiya şöbəsinə müraciət etmişdir. Müayinə olunduqdan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stasionar müalicə olmuşdur. Həmin müddətdə MRT və xx.xx.2022-ci il tarixdə hər iki ayağın EMQ müayinəsi olunub. Yenidən Quba rayon Ekspertiza Komissiyasına müraciət etmiş və göndərişinə "yalnış və natamam doldurulmuşdur" cavabı ilə tibb müəssisəsinə geri qaytarılmışdır. xx.xx.2023- cü il tarixdə yenə də Təcili yardım maşını ilə əyani şəkildə Dövlət Tibb-Sosial Ekspertiza və Reablitasiya Agentliyində olmuşdur. Müayinə edən həkim "8 implanta əlillik düşmür, əgər 10 implant olsaydı əlillik düşərdi; ürəkdə İİ dərəcəli çatışmazlıqdır, İİİ dərəcə olsaydı düşərdi" demişdir. Təkrarən Quba rayon Ekspertiza Komissiyasına müraciət etmişdir. Məktub vasitəsi ilə iddiaçını regional TSEK-ə yönləndirmişlər. TSEK-də iddiaçını müayinə etmişlər, videogörüntü çəkmişlər və Dövlət- Tibb Ekspertiza və Reablitasiya agentliyinə göndərəcəklərini bildirmişlər. Lakin heçş bir müsbət cavab verilməmişdir. Bu ağır xəstəlikiəri ilə əlaqədar zəruri tibbi sənədləri, 17 mart 2023-cü İl tarixli ərizə ilə nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin sədri cənab Anar Bayramova təqdim etsə də, bu günə qədər müxtəlif bəhanələrlə süründürülür, rəsmi cavab verilmədiyindən 28 mart 2023-cü il tarixli rəsmi ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiə Naziri cənab Sahil Babayevə müraciət etmiş, lakin cavab almamışdır. Qanunla ona İ dərəcəli əlillik qrupu təyin edilməli olduğu halda, qanunun bütün tələbləri kobud şəkildə pozularaq, hazıkı dövrdə xəstəliyi davam etməsinə baxmayaraq əvvəlcədən təyin edilmiş İİ dərəcə əlilliyim altsistemində etibarsız hesab edilməsi ötəri məruzə məktubu ilə həll olunmuşdur. Yəni, əlilliyinin ləğv edilməsinə dair hər hansı bir rəsmi qərar qəbul edilməmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İcraatınızda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Bel ostexondrozu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 -Dorsopatiyalar => M40- M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl...; Diaqnozun mətni: YAŞLİLARDA ONURQANİN OSTEOXONDROZU.SOL TƏRƏFLİ KÖKCÜK AĞİR SİNDROMU; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması hallan” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl...; Diaqnozun mətni: YAŞLİLARDA ONURQANİN OSTEOXONDROZU.SOL TƏRƏFLİ KÖKCÜK AĞİR SİNDROMU; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2,11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması hallan” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Quba rayon Mərkəzi Xəstəxanasının 01,03.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5-fəqərəsinin soldan hissəvi ləminoektomiyası (xx.xx.2003) L5-S1 fəqərəarası disk yırtığının xaric olunması,L4 fəqərəsinin dekompressiv ləminoektomiyası (xx.xx.2022) L4-L5 f.a.d yırtığının çıxarılması L3-L4-L5-S1 fəqərələrinin transpedikulyar metallofiksasiyasmdan sonrakı hal; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə potensialı tükənməyib.Müayinə və müalicəni davam etdirməli” səbəbi ilə imtina verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının xəstəliyi ilə əlaqədar tibbi sənədlərin surəti, cavabdehin imtina məktubu, etiraz ərizəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxs tərəfindən verilmiş T920/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli ekspert rəyi, cavabdehin 3-17-4/3-1-12070/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ xəstəliyinin əmələ gəldiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, əlilliyin təyin edilməsi Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş, inzibati orqanın imtina qərarı ilə onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər, 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İddiaçıya qoyulmuş diaqnozun əlilliyə əsas verib vermədiyini və cavabdehin imtinasının qanuni olub-olmamasının yoxlanılması ilə əlaqədar. Məhkəmə tərəfindən 15.09. 2023-cü il tarixli qərardadla iddiaçının yenidən müayinə edilib yekun qərar qəbul edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertizası və X5-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin T920/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, ““İddiaçı adına Quba rayon Mərkəzi Xəstəxanasının tərtib etdiyi 0244003AAPGY nömrəli Forma 088 göndərişindən görünür ki, o, “G55.1- Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və L.5 fəqərəsinin soldan hissəvi hemilaminektomiyası (2023) L5-S1 fəqərəarası disk yırtığının çıxarılmasından sonrakı hal (M51.1) xroniki diskogen (L5-S1) radikulopatiya; ağırlaşma : G83.1-aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi4 G54.1- bel-oma kələfinin zədələnməsi, dayanıqlı güclü ağrı sindromu və bel nahiyyəsinə kəskin hərəkət məhdudluğu, G95.8onurğa beyinin digər dəqiqləşdirilmiş xəstəlikləri, çanaq orqanları funksiyasının sidik saxlaya bilməməzlik (neyrogen sidik kisəsi) N31.0 tip pozulması, N39.8 – sidik ifrazat sisteminin digər dəqiqləşdirilməmiş xəstəlikləri” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik təyinatı səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin maddələrini tətbiq etmək mümkün olmamışdır”. Məhkəmə qərardadı əsasında iddiaçıya tibb müəssisələri tərəfindən qoyulmuş diqnozlar nəzərə alınmaqla əlillik təyinatı üçün yenidən müayinəyə göndərilmiş, lakin cavabdehin 3-17-4/3-1-12070/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının xəstəlikləri əlillik təyinatına uyğun olmamışdır. Belə olan halda cavabdeh təşkilat iddiaçının tələbinin təmin etməməsində haqlı olmuşdur. Həmçinin iddia tələbindən görünür ki, tələb 3 hissədən ibarətdir. Belə ki, iddiaçının tələbinin 2-3 hissələri onun birinci tələbinin nəticəsindən asılı olduğundan və onun tələbinin birinci hissəsi təmin edilmədiyindən, digər iki tələbin təmin edilməsi mümükün deyildir. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndində “şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması” göndərişin verilməsi üçün əsas hesab edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 08 yanvar tarixli 9 saylı qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 6-cı bəndində qeyd olunmuşdur ki, uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir. Tibbi-sosial ekspert komissiyasının rəyinə görə xəstəni əlil və ya sağlamlıq imkanları məhdudluğunun hesab etmək üçün əsas yoxdursa və onun əmək qabiliyyətinin itirilməsi davam edirsə, bu halda xəstəlik vərəqəsi bu təlimatla müəyyən edilmiş qaydada uzadılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi hallar əsas meyarlar kimi çıxış edir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxs tərəfindən aparılmış yenidən müayinə nəticəsində iddiaçının tibbi sənədlərinə baxış keçirilmiş və iddiaçı əyani müayinə olunmuş, iddiaçıya təyin edilmiş diaqnozun əlillik dərəcəsinin təyininə əsas verməməsi ilə öz təsdiqi tapmışdır. Bundan başqa iddiaçının qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi halların mövcudluğu aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq meyarlarına uyğun gəlmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona 2004-cü ildə təyin olunmuş İİ dərəcəli əliliyin dayandırıldığı tarixdən bərpa edilməsi, aprel 2021-ci ildən aprel 2023-cü ilədək ödənilməyən hər ayı 260 AZN-dən olmaqla 6240 AZN, hər ay 100 AZN-dən reseptlər üzrə alınmış dərmanlara görə ödənilən 2400 AZN, cəmi 8640 AZN, mənəvi ziyana görə 1500 AZN ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar