Məhkəmə qərarları › İş №2-1(118)-2132/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2132/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2132/2022 29.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ona 2009-cu ildən 2016-cı ilə qədər pensiyasının düzgün hesablanaraq 7 il 1 aya görə pensiyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia qaldıraraq “ona 2009-cu ildən 2016-cı ilə qədər pensiyasının düzgün hesablanaraq 7 il 1 aya görə pensiyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dinlənilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq onun tələbi aydınlaşdırılmış və ona hüquqi yardım edilmişdir. Həmin normaya əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı ilk dəfə ona əmək pensiyası təyin olunarkən əmək stajının cavabdeh orqanın səhv hesablaması nəticəsində illərlə az məbləğdə pensiya aldığını, bu halın ona məlum olduğu zaman təkrar müraciət etdikdən sonra pensiyasının məbləğinin çoxaldığını, həmçinin əmək pensiyasının təyin olunduğu vaxtdan almalı olduğu məbləğin yalnız son 3 ilə aid hissəsini ala bildiyini qeyd etdi. Həmçinin əvvəlki 7 il 1 ay müddətində ala bilmədiyi məbləğin ona ödənilməsi məqsədi ilə cavabdehə qarşı iddia qaldırdığını bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. İddiaçı hazırda ona pensiyanın düzgün hesablanması səbəbindən 7 il 1 ay ərzində ödənilməyən pensiya məbləğinin ödənilməsini məhkəmədən xahiş edir. O, cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini qoyaraq, iddiasını həmin orqana yönəltmişdir. Eyni zamanda iddiaçı məhkəməyə müraciət etməzdən öncə pensiyanın düzgün hesablanması ilə bağlı da məhz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Halbuki qanunvericiliklə hazırki cavabdehə pensiya təyinatı ilə bağlı, habelə vətəndaşların sosial sığorta stajının hesablanması ilə bağlı hər hansı bir səlahiyyət verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini səlahiyyəti olmayan inzibati orqana yönəltdiyindən onun iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, əhalinin əmək pensiyaları ilə təmin edilməsi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin müvafiq qurumları tərəfindən həyata keçirilir. İddiaçıya izah olunsun ki, pensiyasının düzgün hesablanması ilə bağlı ilk öncə səlahiyyətli inzibati orqana müraciət etməli, bundan sonra səlahiyyətli inzibati orqan tərəfindən hər hansı hərəkətsizlik edildiyi və ya müraciətinin təmin olunmasından imtina olunduğu təqdirdə, iddia tələbi ilə bağlı aidiyyatı məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar