Məhkəmə qərarları › İş №2-1(118)-2137/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2137/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2137/2024 20.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri “Saray” bağları massivində yerləşən sahəsi 1740 kv.metr olan 2723 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X3 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri “Saray” bağları massivində yerləşən sahəsi 0,25 ha olan 2723 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X3 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, “1740 kv.metr olan 2723 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X3 məxsus olması barədə müvafiq arayışın verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər keçmiş X5 İcraiyyə Komitəsinin ləğv edilmiş Bağ Təsərrüfatı idarəsi ilə bağlanılmış torpaq icarə müqaviləsi əsasında “Saray” bağları massivində yerləşən sahəsi 0,25 ha olan bağ torpaq sahəsi mərhum həyat yoldaşı X2 istifadəsinə verilmişdir. İddiaçının həyat yoldaşı Babayev Xanəhməd oğlu 18 iyul 2022-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşının ölümündən sonra bağ torpaq sahəsi iddiaçının istifadəsində qalmaqda davam etsə də, həmin torpaq sahəsinin mülkiyyət sənədini obyektiv səbəblərdən bugünədək ala bilməmişdir. Halbuki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən sözügedən bağ torpaq sahəsi üzərində mərhum həyat yoldaşı X2 əvəzsiz mülkiyyət hüququ yaranmışdır, sadəcə olaraq həyat yoldaşı sağılığında hüququnun dövlət qeydiyyatından keçirilməsi üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. İddiaçı vərəsə olaraq həyat yoldaşına məxsus olmuş torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirmək məqsədi ilə 1965-ci ildə mərhum həyat yoldaşı X2 istifadəsinə verilmiş və hal-hazırda onun istifadəsində olan sahəsi 0,25 ha təşkil edən 2723 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun ilkin olaraq mərhum həyat yoldaşı X3 məxsus olması barədə müvafiq arayışın verilməsini xahiş etdikdə, cavabdeh iddiaçının müraciətindən əsassız olaraq imtina etmişdir.“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən sözügedən müraciətinə verilmiş 03 noyabr 2023-cü il tarixli, 3-21-3- 31/2-Y- 0013-8/2023 saylı cavab məktubu ilə mərhum həyat yoldaşının qeyd olunan torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatından imtina etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İşin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2-1(118)-2137/2024 nömrəli sərəncamına əsasən (hakim-Leyla Mirzəyeva) İdarəyə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı Sumqayıt şəhəri, Saray bağlar massivi, 2723 ünvanında 0.25 ha torpaq sahəsi üzərində X1nun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının müraciətinə dair sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqdim edilən Bağ təsərrüfatı idarəsi tərəfindən verilmiş 0.25 ha 2723 saylı bağ sahəsinə dair xx.xx.1985-ci il tarixli, 1103 nömrəli icarə müqaviləsində müqavilənin bağlanmasına səbəb olan hüquqi əsas qeyd edilməmiş və idarənin arxiv məlumatlarında həmin əsasla bağlı məlumat aşkar olunmamışdır. Əlavə olaraq bildirirlər ki, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 26 saylı qərarının tələblərinə uyğun olaraq 0.12 ha-ya qədər torpaq sahəsinin ayrılması ilə bağlı məhdudiyyət nəzərə alınmaqla sözügedən torpaq sahəsinin bölgüsü aparılaraq yenidən icarə müqaviləsi bağlanmamışdır. Həmçinin, 1103 nömrəli 2.08.1985-ci il tarixli icarə müqaviləsinin 1987-ci ildə ləğv olunması ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinin **********49 nömrəli, xx.xx.2017-ci il tarixli məktubu idarəyə daxil olmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bildiririk ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. Göründüyü kimi, hazırkı iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: 07 avqust 2023-cü il tarixli, 1866 saylı arayış; Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3343/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi; cavabdeh orqanın iddiaçıya ünvanladığı 03 noyabr 2023-cü il tarixli imtina məktubu və digər sənədlər daxildir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Sumqayıt İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 03 noyabr 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında ərazisində yerləşən, sahəsi 0.25 ha olan, 2723 saylı bağ sahəsi X1 ilə Sumqayıt şəhər XDS İK-nın arasında bağlanan “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” haqqında 02 avqust 1985-ci il tarixli, 1103 saylı müqavilə əsasında onun icarəsinə verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə öldükdən sonra İddiaçı onun vərəsəsi kimi tanınmışdır. İddiaçı qeyd edilən hüquqmüəyyənedici sənədlər əsasında mübahisə predmeti olan bağ sahəsi üzərində mərhum ərinin mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, həmin orqanın 03 noyabr 2023-cü il tarixli bildirişi ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Cavabdeh orqan imtinasının əsası kimi Bağ təsərrüfatı idarəsi tərəfindən verilmiş 0.25ha 2723 saylı bağ sahəsinə dair xx.xx.1985-ci il tarixli, 1103 nömrəli icarə müqaviləsində müqavilənin bağlanmasına səbəb olan hüquqi əsas qeyd edilmədiyini və idarənin arxiv məlumatlarında həmin əsasla bağlı məlumat aşkar olunmadığını; Sumqayıt şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 26 saylı qərarının tələblərinə uyğun olaraq 0.12 ha-ya qədər torpaq sahəsinin ayrılması ilə bağlı məhdudiyyət nəzərə alınmaqla sözügedən torpaq sahəsinin bölgüsü aparılaraq yenidən icarə müqaviləsi bağlanmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırki işdə də iddiaçının əri X1na bağ sahəsi “Bağ sahələrinin uzun müddətli icarəyə verilməsinə dair” 02 avqust 1985-ci il tarixli, 1103 nömrəli müqavilə əsasında verilmişdir. Qeyd olunan sənədlər məhkəmə sorğuları əsasında da məhkəməyə təqdim edilmişdir. İddiaçının ailəsinə münasibətdə torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının mərhum həyat yoldaşı X2 bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətindən imtina etməsini əsaslı hesab etmək olmaz. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktında torpaq sahəsinin təyinatının yaşayış məntəqələri üçün ayrılan torpaq sahələrinə aid olduğu; torpaq sahəsinin faktiki ölçüsünün 0.174 ha olduğu; mübahisə halının olmadığı və yerüstü kommunikasiya xətlərinin keçmədiyi qeyd edilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş Sumayıt bələdiyyəsinin 3656 saylı, xx.xx.2017-ci il tarixli məktubda sözügedən 2723 saylı bağ torpaq sahəsinin 1987-ci ildə Sumqayıt şəhər XDS-nin qərarı ilə 16-cı və 21-ci mikrorayon salınması üçün ləğv edilmiş bağ torpaq sahələrinin sırasında olduğu qeyd edilmişdir. Mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin ünvanı ilə bağlı (21-ci mikrorayon ərazisi olub-olmaması) məhkəmə araşdırması zamanı cavabdeh orqan tərəfindən ətrafda yerləşən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair təqdim edilmiş sənədlərdə ərazi 21-ci mikrorayon ərazisi kimi qeyd edilməmişdir. Məhkəmə cavabdeh orqanın etirazda göstərdiyi dəlilinə münasibətdə bildirir ki, Sumqayıt bələdiyyəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq daxil olmuş 4996 saylı, 06 noyabr 2024-cü il tarixli məktubda, mübahisə predmeti olan bağ sahəsinə dair bağlanmış 1103 nömrəli, xx.xx.1985-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini təsdiq edən sənədlərin Sumqayıt bələdiyyəsində mövcud olmadığı, ləğv edilmiş bağ sahələrinə adi olduğu güman edildiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin bələdiyyəyə ünvanlanmış sorğusu müvafiq məzmunla cavablandırıldığı qeyd edilmişdir. Göründüyü kimi bəllədiyyənin cavabdehə ünvanladığı məktubu güman əsasında tərtib edilmişdir. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri “Saray” bağları massivində yerləşən sahəsi 1740 kv.metr olan 2723 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X3 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Sumqayıt şəhəri “Saray” bağları massivində yerləşən sahəsi 1740 kv.metr olan 2723 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X3 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar