Məhkəmə qərarları › İş №2-1(118)-2138/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2138/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2138/2025 30.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının ləğv edilməsi”nə dair iddiasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının ləğv edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçı hüquqi yardımın edilməsi məqsədilə məhkəmə iclasına dəvət edilmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə qeyd olunan iddia tələbini araşdıraraq hesab edirki, iddia tələbi qeyrimümkün hesab edilməlidir. Belə ki, İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı – onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni zamanda məhkəmə bildirir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə iddiaçı cavabdeh qismində inzibati orqanı qoysa da iddia ərizəsindən görünür ki, həmin orqan tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərardan narazıdır və həmin aktın ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində 07 aprel 2021-ci il tarixli “Tələbin icraya yönəldilməsi haqqında” qərarın qəbul edilməsinə əsas İddiaçı tərəfindən 154.741,62 əsas, 53.869,00 manat faiz, 240,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 208.850,62 manat vergi borcu qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkarın qəbul etdiyi 12 noyabr 2020-ci il tarixli, **********137700 nömrəli, 14 iyun 2019-cu u il tarixli, **********340200 nömrəli, 05 sentyabr 2016-cı il tarixli, **********876800 nömrəli, 21 fevral 2020-ci il tarixli, **********921300 nömrəli, 17 oktyabr 2019-ci il tarixli **********746700 nömrəli, 26 noyabr 2018-ci il tarixli, **********532700 nömrəli, 14 iyun 2019-cu il tarixli, **********336700 nömrəli qərarları olmuşdur. Vergi orqanı tərəfindən tələbin icraya yönəldilməsi yalnız hüquqi qüvvədə olan və ləğv edilməmiş vergi borcu barədə inzibati akt əsasında həyata keçirilmişdir. Qanunvericiliyin tələblərinə görə, belə icra tədbirləri qanunidir və vergi orqanının səlahiyyətləri çərçivəsindədir. Həmin tədbirlərin dayandırılması və ya ləğvi yalnız əsas inzibati aktın (yəni, borcun hesablanmasının) etibarsız hesab olunması və ya ləğvi ilə mümkün ola bilər. Hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi orqanı tərəfindən qəbul edilən “Tələbin icraya yönəldilməsi haqqında qərar” “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş anlamda inzibati akt hesab oluna bilməz. Belə ki, borcun icraya yönəldilməsi haqqında qərar, borcun özünü yaratmır və ya onun məbləğini dəyişdirmir. Başqa sözlə vergi ödəyicisi üçün hüquqi nəticəsi yoxdur. Mövcud hüquqi nəticənin realizəsinə yönəlib. Yəni, borcun əsası bu qərarla yaranmır, əsas borc daha əvvəl, vergi borcunun hesablanması barədə qəbul edilmiş inzibati aktla müəyyən edilib. “Tələbin icraya yönəldilməsi haqqında qərar” icra sənədlərinin icrası prosesinin bir mərhələsidir. Bu qərar, inzibati orqanın sonrakı məcburi icra tədbirlərinin (əmlakın özgəninkiləşdirilməsi, pul vəsaitlərinin silinməsi və s.) görülməsi üçün əsas olan sənəddir. Göründüyü kimi hazırda mübahisələndirilən “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərar inzibati akt kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının ləğv edilməsi”nə dair iddiası mümkün sayılmasın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar