Məhkəmə qərarları › İş №2-1(118)-2139/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2139/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2139/2021 17.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə qarşı “Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin imtinasını əsassız hesab etməklə oğlu X2 Şəhid statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı oğlu, oğlu X2 Şəhid statusunun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 20 oktyabr 2021-ci il tarixli, 1233 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, şəhid və şəhid ailəsi statusunun verilməsi Azarbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-ci il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən həyata keçirilir. Bu qaydanın 1.2.6-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilir. N saylı hərbi hissənin 02.02 2021-ci il tarixli 1024 nomrəli bildirişində 4-cü motoatıcı taborun 11-ci motoatıcı manqasının manqa komandiri, kiçik çavuş X1 23.11.2020-ci il tarixdə əl odlu silahdan atəş açma nəticəsində həlak olması, Füzuli Hərbi Məhkəməsinin 27.07.2021-ci il tarixli 1(97)-33-2021 nomrəli hökmündə isə X4 rayonunun Daşkəsən kəndi ərazisində yerləşən hərbi hissənin yerləşmə mətəqəsində şəxsi heyətlə birlikdə silah təmizləmə zamanı əsgər yoldaşı tərəfindən silahla davranma qaydalarının pozularaq ehtiyasızlıqdan açdığı atəş nəticəsində öldürülməsi göstərilmişdir. Yuxarıda göstərilən qanunvericiliyin tələblərini və mərhum X1 ölümünün bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığını nəzərə alaraq, onun şəhid hesab edilməsi və ailəsinə şəhid ailəsi statusunu təsdiq edən arayışın verilməsi mümkün olmamışdır. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu - 05.11.1993-cü ildə Xudat şəhərində anadan olmuş X3 AR MN-nin N saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi kiçik çavuş rütbəsində çalışmış və 27.09.2020-ci ildə 2-ci Qarabağ Müharibəsi başlanan ilk gündən bir sıra döyüşlərdə-Füzuli,Cəbrayıl,Xocavənd rayonları uğrunda gedən əməliyyatlarda iştirak etmiş, yaralanmış, lakin müalicə olunduqdan sonra yenidən xidmətini davam etdirmişdir. Oğlu 23 noyabr 2020-ci il tarixdə döyüş tapşırığını yerinə yetirən hərbi hissənin tərkibində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Daşkəsən kəndində döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı vəzifəsini icra edərkən hərbi qulluqçu X6 oğlunun silahdan ehtiyatsız davranması üzündən açılan və onun qarın boşluğunu dəlib keçən güllə nəticəsində dünyasını dəyişmiş və Şəhid olmuşdur. Oğlunun döyüşdə xidmətləri ilə bağlı o 3 medalla və fərmanla təltif edilmişdir. Oğlu ailəli olmaqla himayəsində 2 azyaşlı övladı olmuşdur. İddiaçının digər oğlu da hazırda AR MN-nin 052 saylı hrbi hissəsində baş gizir rütbəsində müddətdən artıq xidmət edən hərbi qulluqçudur. İddiaçı oğlunun iş başında, xidməti tapşırığı yerinə yetirməsi nəticəsində ölümü ilə əlaqədar cavabdeh təşkilata müraciət etmiş və ona Şəhid statusunun verilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilatın iddiaçıya ünvanladığı 20.10.2021-ci il tarixli məktubunda bir sıra arqumentlər irəli sürülməklə iddiaçının ərizəsiin təmin olunmasından imtina edilmişdir. İddiaçı həmin imtina ilə razılaşmır və bildirir ki, AR Nazirlər Kabineti tərəfindən 15 yanvar 1994-cü ildə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Qərar qəbul edilmiş və həmin qərarın 1.1-ci bəndində göstərilmişdir ki, Şəhid- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı., suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Göründüyü kimi iddiaçının oğlu döyüş tapşırığını yerinə yetirən hərbi hissənin tərkibində qulluq etmiş və onun aldığı güllə xəsarətindən ölməsi də məhz komandir tərəfindən verilmiş tapşırığın yerinə yetirilməsi anında olmuşdur.Yəni bu hal oğluna Şəhid statusunun verilməsi üçün əsasdır. Lakin cavabdeh təşkilat bu normaya istinad etsə də ona öz istədiyi kimi don geyindirmiş və sonda bu qənaətə gəlmişdir ki, guya bu əsaslarla oğluna şəhid statusunun verilməsi mümkün deyildir. Həmin Qərarın 2-ci maddəsində qeyd edilmişdir ki,bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. İddiaçı hesab edir ki, cavabdehin verdiyi imtina qanunsuz hesab edilməli və oğlum X2 Şəhid statusunun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, iddiaya etirazının olmadığını və müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Belə ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğurunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı Füzuli Hərbi Məhkəməsinin 27.07.2021-ci il tarixli 1(97)-33-2021 nomrəli hökmünə əsasən X4 rayonunun Daşkəsən kəndi ərazisində yerləşən hərbi hissənin yerləşmə mətəqəsində şəxsi heyətlə birlikdə silah təmizləmə zamanı əsgər yoldaşı tərəfindən silahla davranma qaydalarının pozularaq ehtiyasızlıqdan açdığı atəş nəticəsində öldürülməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının oğluna şəhid statusu verilməsi üçün əsaslar mövcud deyil. Ona görədə məhkəmə hesab edir ki, inzibati orqan əsaslı olaraq iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir və qeyd olunanlar nəzərə alınaraq iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar