Məhkəmə qərarları › İş №2-1(118)-214/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-214/2021

19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-214/2021 19.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 2 saylı Regional ərazi filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə İİ qrup əlilliyə görə ona ödənilən pensiyanın xx xxxxxx 2019-cu il tarixdən etibarən, pensiyaya edilən bütün artımlar nəzərə alınmaqla bərpa edilməsi vəzifəsinin tapşırılması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı İİ qrup əlilliyə görə ona ödənilən pensiyanın xx xxxxxx 2019-cu il tarixdən etibarən, pensiyaya edilən bütün artımlar nəzərə alınmaqla bərpa edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin həmin orqanın xx xxxx 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, xx xxxx 1967-ci il tarixdə Qusar rayonun Yuxarı Tahircal kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə başladığı vaxtdan iddiaçı müxtəlif idarə və müəssisələrdə, müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi bütün dövr ərzində o, məcburi dövlət sosial-sığorta ödənişlərini həmişə vaxtlı-vaxtında və qanunla müəyyənləşdirilmiş məbləğdə ödəmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının xx xxxx 2017-ci il tarixli müayinə aktına əsasən iddiaçının sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş və ona ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Həmin xx xxxx 2017-ci il tarixindən də iddiaçının müraciəti əsasında Cavabdeh tərəfindən ona İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçı, İİ qrup əlilliyə görə Cavabdeh vasitəsi ilə xx xxxxxx 2019-cu il tarixədək pensiya almışdır. Lakin Cavabdeh xx xxxxxx 2019-cu il tarixdən iddiaçıya ödənilən İİ qrup əlilliyə pensiyanı kəsmişdir. Cavabdeh iddiaçıya əlilliyə görə ödənilən əmək pensiyasını kəsməsini onunla əsaslandırır ki, “ikinci dərəcəli əlillik müəyyən edilən tarixinədək, yəni xx xxxx 2017-ci il tarixinədək əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə nəzərdə tutulmuş, pensiya təyinatı üçün zəruri olan 11 il 8 ay sığorta stajına qarşı iddiaçının 13 il 4 ay 29 gün sığorta stajına malik olmağına baxmayaraq, həmin sığorta stajının guya "Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə ARAYİŞ”da öz əksini tapmadığı üçün iddiaçının əlilliyə görə pensiya hüququ yoxdur”. İddiaçının, İİ qrup əlilliyə görə pensiya ödənişinin bərpası barədə etdiyi müraciətə Cavabdeh iddiaçıya xx xxxx 2020-ci il tarixli, **********6 saylı məktubla cavab verərək pensiyanı bərpa etməkdən imtina etmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli, **********6 saylı məktubunda özü etiraf edir ki, İİ qrup əlilliyə pensiyanın təyin edilməsi üçün zəruri olan 11 il 8 ay sığorta stajına qarşı iddiaçı 13 il 4 ay 29 gün sığorta stajına malikdir. İddiaçının malik olduğu həmin sığorta stajı xx.xx.2006-cı ilədək olan dövr üçün 6 il 3 ay 29 gün olmaqla əmək kitabçası və xx.xx.2006-cı ildən pensiya təyinatı günədək, yəni xx xxxx 2017-ci il tarixinədək aybaay ödənilən müvafiq sığorta ödənişləri vasitəsi ilə təsdiq olunur. Yuxarıda qeyd etdiyi kimi iddiaçı məcburi dövlət sosial-sığorta ödənişlərini həmişə vaxtlı-vaxtında və qanunla müəyyənləşdirilmiş məbləğdə ödəmişdir. Həmin ödənişləri həyata keçirməyi barədə məlumatların sosial sığorta stajı və pensiya kapitalı barədə ARAYİŞ-da əks etdirilməsi iddiaçının yox, Cavabdeh vəzifəsidir və bu əsasla onun pensiyasının kəsilməsi qanunsuzdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh inzibati orqan Əmək Pensiyaları haqqında Qanunda edilmiş dəyişikliyə uyğun etirazını təqdim etmişdir. Lakin iddiaçının hüququ qanunvericiliyə edilmiş dəyişikliklərdən əvvəl yaranmışdır. Bu səbəbdən də cavabdehin etirazı əsaslı deyil və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx xxxx 2017-ci il tarixindən etibarən 2 şərtə uyğun gəlməsi tələb olunur 5 ildən az olmamaq şərtilə və əmək Qabiliyyətli vas dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaq. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. İddiaçı cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı 13 il 4 ay 29 qün olsa da, (belə ki, qanunla tələb olunan staj 11 il 6 aydır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 3903.8 manat məbləğində olmuşdur. İddiaçının İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajına malik olmasına baxmayaraq, pensiya kapitalı yetərli olmamışdır. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı: 50 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 35 il (əmək qabiliyyətli yaş dövrü) 35 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 140 ay 140 ay : 12 ay = 11 il 6 ay Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçı pensiya hüququnun yaranması üçün tələb olunan ilkin şərtə cavab verir. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı: 140 ay: 192 ay (əlilliyə görə əmək pensiyası üçün gözlənilən pensiya ödənişi müddətinin sayı) = 0.729 0.729 x 144 ay (yaşa görə əmək pensiyası üçün gözlənilən pensiya ödənişi müddətinin sayı) =105 ay 105 ay x 116.27 manat (2017-ci il tarix üçün əmək pensiyasının minimum məbləği) = 12208 manat Tələb olunan pensiya kapitalı 12208 manat təşkil etdiyi halda İddiaçı pensiya kapitalı 3903.8 manat təşkil etdiyi üçün əlilliyə görə əmək pensiyası üçün tələb olunan şərtlərdən birini ödəmədiyi üçün əlilliyə görə əmək pensiyası təyin oluna bilməz. Göründüyü kimi iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya İİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etiraza uyğun izahat vermiş və iddianın rəddd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavabında bildirmişdir ki, iddiaçı Əmək Pensiyaları haqqında Qanuna edilmiş dəyişiklikdən sonra inzibati orqana müraciət etdiyinə görə iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır. İddiaçıya əlillik müəyyən edilən vaxt qüvvədə olan qanunvericilyə əsasən onun pensiya hüququ olmuşdur, lakin pensiya ilə bağlı müraciət edən vaxt qüvvədə olan qanunvericilyə əsasən hüququ olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı İİ qrup əlilliyə görə ona ödənilən pensiyanın xx xxxxxx 2019-cu il tarixdən etibarən, pensiyaya edilən bütün artımlar nəzərə alınmaqla bərpa edilməsini istəyir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx xxxx 2017-ci il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlillik müəyyən edilmiş, iddiaçının 11 avqust tarixli müraciəti əsasında ona hüququnun yarandığı tarixdən, yəni xx xxxx 2017-ci il tarixdən hesablanmaqla xx xxxxxx 2017-ci il tarixli 16 nömrəli qərarla əlilliyə görə pensiya təyin edilmiş, lakin cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixdən iddiaçıya pensiya ödənişi dayandırılmışdır. İddiaçı sonradan pensiyasının bərpası ilə bağlı cavabdeh inzibati orqana müraciət etsədə, tələbi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişiklikdən əvvəl, 2017-ci ilin 23 iyun tarixindən yarandığından cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əsaslı olaraq pensiya təyin edilmişdir. Lakin cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması və pensiyanın bərpa edilməsindən imtinası əsaslı olmamışdır. Belə ki, iddiaçıya ikinci dərəcəli əlillik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx xxxx 2017-ci il tarixli müayinə aktına əsasən müəyyən edilmiş, iddiaçı ona əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2017-ci il tarixdə inzibati orqana müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli Azərbaycan Respublikası Qanunu isə 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Qanunda edilmiş dəyişikliyə qədər isə əvvəlki redaksiyada əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunurdu ki, iddiaçının hüququ 2017-ci ilin 23 iyun tarixindən yarandığından həmin dövrün qanunvericiliyinə əsasən ona pensiya təyin edilməsi əsaslı idi. Cavabdeh inzibati orqan iddiaya etirazında qeyd edir ki, iddiaçı cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı 13 il 4 ay 29 qün olsa da, (belə ki, qanunla tələb olunan staj 11 il 6 aydır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 3903.8 manat məbləğində olmuşdur. İddiaçının İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajına malik olmasına baxmayaraq, pensiya kapitalı yetərli olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olan qanunvericilyə əsasən əlilliyə görə əmək pensiyasının təyin olunması üçün pensiya kapitalı qanunla tələb olunmadığı üçün cavabdeh inzibati orqanın göstərdiyi dəlillər əsaslı hesab edilə bilməz. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadındada qeyd olunur ki, ...... 90. Dəyişikliyin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, yeni tənzimləmə əmək pensiyalarının onu almaq hüququnun yarandığı gündən (Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla) təyin ediləcəyi ilə bağlı mövcud qaydaya toxunmamışdır. Buna görə, pensiyalar yenə də hüququn yarandığı an qüvvədə olan qanunvericilik əsas götürülməklə təyin edilməlidir. Dəyişiklik onunla bağlı olmuşdur ki, artıq əvvəlki qaydadan fərqli olaraq keçmiş dövr üçün təyin edilmiş pensiyalar müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının pensiyasını dayandırması və pensiyanın pərpa edilməsindən imtinası qanunsuzdur, İddiaçı İİ qrup əlilliyə görə ödənilən pensiya xx xxxxxx 2019-cu il tarixdən etibarən, pensiyaya edilən bütün artımlar nəzərə alınmaqla bərpa edilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı İİ qrup əlilliyə görə ödənilən pensiyanın dayandırıldığı tarixdən etibarən, pensiyaya edilən bütün artımlar nəzərə alınmaqla bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 2 saylı Regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı İİ qrup əlilliyə görə ödənilən pensiyanın dayandırıldığı tarixdən etibarən, pensiyaya edilən bütün artımlar nəzərə alınmaqla bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 2 saylı Regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar