Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2140/2023 08.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Əşrad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Siyəzən rayonu Siyəzən bələdiyyəsinə qarşı “Siyəzən bələdiyyəsi tərəfindən ona vurulmuş 19020 (on doqquz min iyirmi) manat məbləğində ziyana görə kompensasiyanın Siyəzən bələdiyyəsi tərəfindən iddiaçıya ödənilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Siyəzən rayonu Siyəzən bələdiyyəsinə qarşı “Siyəzən bələdiyyəsi tərəfindən ona vurulmuş 19020 (on doqquz min iyirmi) manat məbləğində ziyana görə kompensasiyanın Siyəzən bələdiyyəsi tərəfindən iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı həmin normaya uyğun olaraq müvafiq yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, xeyriyyəçilik niyyəti ilə öz vəsaiti hesabına Siyəzən şəhəri, H.Əliyev prospekti 98a ünvanında yerləşən torpaq sahəsi üzərində əhalinin ümumi istifadəsi üçün dayanacaq inşa etdirmişdir. 2015-ci ilə qədər ona məxsus olan bu tikili ümumi istifadədə olmuşdur. Bu zaman ərzində o dayanacağın təmizlənməsi və digər xərclərini çəkmişdir. O, tikilinin altında olan torpaq sahəsinin ona icarəyə verilməsi ilə bağlı dəfələrlə cavabdeh Siyəzən bələdiyyəsinə müraciət etmişdir. Cavabdeh ona torpaq sahəsinin icarəyə verilməsinin mümkünsüz olmasını bildirmişdir, lakin xx.xx.2020-ci il tarixində həmin tikilinin altındakı torpaq sahəsi X1 icarəyə verilmiş və torpaq sahəsi onun icarəsinə verilərkən sənədlərdə üzərindəki tikili qeyd edilməyərək, mübahisəli sahə boş torpaq sahəsi kimi göstərilmişdir. Cavabdehin qeyd edilənn hərəkətləri nəticəsində ona 19020 (on doqquz min iyirmi) manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən cavadehin nümayəndəsi X3 bildirdi ki, iddiaçının tələbi tamamilə əsassızdır. İddiaçı xeyriyyə məqsədilə tikdirdiyini bildirdiyi dayanacağı əsassız olaraq başqa şəxsə satmışdır. Onun qeyd edilən torpaq sahəsinə və tikliyə dair subyektiv hüququ yoxdur. Buna görə də iddiaçının ona zərərin dəyməsi ilə bağlı tələbi tam əsassızdır. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi Siyəzən şəhəri, H.Əliyev prospekti 98a ünvanında yerləşən torpaq sahəsi üzərində tikdirdiyi dayanacağın yerləşdiyi torpaq sahəsinin Siyəzən rayonu Siyəzən bələdiyyəsi tərəfindən X1 icarəyə verilməsi nəticəsində ona dəymiş 19020 (on doqquz min iyirmi) manat məbləğində ziyana görə kompensasiyanın Siyəzən bələdiyyəsi tərəfindən ona ödənilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, hal-hazırdakı işə baxılması zamanı iddiaçının icarəyə verilməsi nəticəsində ona maddi zərərin dəydiyini iddia etdiyi torpaq sahəsinə dair subyektiv hüquqlarının olub olmaması yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, hazırkı şərtlərdə iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı Siyəzən şəhəri, H.Əliyev prospekti 98a ünvanında yerləşən torpaq sahəsi üzərində tikdirdiyi dayanacağın yerləşdiyi torpaq sahəsinin Siyəzən rayonu Siyəzən bələdiyyəsi tərəfindən X1 icarəyə verilməsi nəticəsində ona dəymiş 19020 (on doqquz min iyirmi) manat məbləğində ziyan dəydiyini iddia edir. Lakin iddiaçı həmin torpaq sahəsini aldığını və ya istifadə etdiyini, həmin torpaq sahəsinin mülkiyyət hüququnun ona məxsus olduğunu təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin torpaq sahəsinin xeyriyyə işləri aparılması üçün Siyəzən rayon İcra Hakimiyyəti tərəfindən ona verildiyini iddia edir ki, bununla bağlı sənədləri də məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə iddiaçının həmin torpaq sahəsi üzərində hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı şərtlərdə sözügedən torpaq sahəsinə dair subyektiv hüququ mövcud deyildir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, işə baxan məhkəmə mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını əsaslandırmalı, sonra isə subyektiv hüququ 3 elementin məcmusu kimi qiymətləndirməlidir: öz hərəkətinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hər hansı hüququnun pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olması məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Siyəzən rayonu Siyəzən bələdiyyəsinə qarşı “Siyəzən bələdiyyəsi tərəfindən ona vurulmuş 19020 (on doqquz min iyirmi) manat məbləğində ziyana görə kompensasiyanın Siyəzən bələdiyyəsi tərəfindən iddiaçıya ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2140/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2140/2023
08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver