Məhkəmə qərarları › İş №2-1(118)-2142/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2142/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2142/2021 01.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinin hərəkətini qanunsuz hesab etməklə onun doğum haqqında akt qeydləri kitabında soyadının “Nəbiyev” soyadından “Süleymanov” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, onun doğum haqqında şəhadətnaməsində soyadı Süleymanov olmuş və o bu soyadla uşaq bağçasına getmiş,orta məktəbdə təhsil almış, ona şəxsiyyət vəsiqəsi verilmişdir. O orta təhsilini başa vurduqdan sonra Bakı şəhərində hərbi litseyə qəbul olunmuş və həmin litseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə qəbul olunmuş və 13 iyun 2019-cu ildə bu ali təhsil ocağını bakalavr diplomu ilə bitirmişdir. O hazırda AR MN-nin N saylı hərbi hissəsində leytenant rütbəsində xidmət edir, hərbi qulluqçudur. Onun bütün sənədlərində soyadı «Süleymanov» yazılsa da hazırda ona məlum olmuşdur ki, onun soyadı cavabdeh təşkilatdakı akt qeydləri kitabında atanın soyadı ilə - «Nəbiyev» kimi qeyd edilmişdir. İddiaçı bu barədə məlumat əldə edən kimi cavabdeh təşkilata müraciət edərək soyadının akt qeydləri kitabında «Nəbiyev» soyadından «Süleymanov» soyadına dəyişdirilməsini xahiş etmiş, lakin cavabdeh bunu etməkdən imtina edərək mənə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Belə hesab edir ki, bu imtina əsassızdır, buna görə də cavabdehin hərəkətəri qanunsuz hesab olunmaqla doğum aktlarının qeydiyyatı kitabında soyadının dəyişdirilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır.Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü X2 ilkin doğum haqqında akt qeydi 27.08.1997-ci ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində tək ana kimi qeyd edilmişdir, uşağa valideynlərin birgə nikahı olmadığı üçün uşağa ana soyadı ilə doğum haqqında şəhadətnamə (XX-JQ 297995) 27.08.1997-ci il tarixdə təmin edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 19.11.2007-ci il tarixli 2-287 saylı qətnaməsini əsasən atalıq müəyyən edilərək uşağa Nəbiyev soyadı ilə doğum haqqında yeni şəhadətnamə (AZ-İ 176523) 02.10.2008-ci il tarixdə verilmişdir. Uşağın soyadını “Nəbiyev”dən, “Süleymanzadə”yə dəyişdirilməsi üçün X2 ilk olaraq soyadı yeni doğum haqqında şəhadətnaməsinə (AZ-İ 176523 02.10.2008) əsasən şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır, bundan sonra qeydiyyatı üzrə qeydiyyat şöbəsində soyadını “Nəbiyev”dən, “Süleymanzadə”yə dəyişiklik edə bilər. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 18.08.2021-ci il tarixli, 05/Q-2935/15 nömrəli imtina məktubu, etiraz ərizəsi 27.08.1997-ci il tarixli, XX-JQ 297995 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun öznün soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yaranmış olur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsi hazırkı iddiaya cavab verməli olan orqandır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən qeydiyyatdan keçirilməlidir. Hazırkı iddia tələbinə nəzər saldıqda iddia tələbinin predmeti şəxsin soyadının dəyişdirilməsi, yəni iddiaçıya veriləcək yeni soyadın qeydə alınması və nəticə etibarı ilə iddiaçıya yeni doğum haqqında şəhadətnaməsinin verilməsindən ibarətdir. Başqa sözlə desək soyad barədə qeydin aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə verilən səlahiyyətdir. Hazırkı iddia tələbi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsi soyada dəyişiklik edilməsindən imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı verməkdə haqlı olmuşdur. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, iddiaçı özünün soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 18.08.2021-ci il tarixli, 05/Q-2935/15 nömrəli imtina məktubu ilə soyadının dəyişdirilməsindən imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasından ibarətdir. Belə ki, hazırkı iddia tələbi öhdəliyin icrası ilə bağlı olduğundan və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-ci maddəsinə əsasən öhdsəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia tələbindən məlum olur ki, cavabdeh təşkilatın rəsmi ünvanı Sumqayıt şəhərində yerləşir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia mümkün iddia sayılsa da mahiyyət etibarı ilə əsassızdır və aşağıdakılara əsasən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, atalığı müəyyən olunmadığına görə ana soyadına görə Süleymanov soyadını almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2007-ci il tarixli 2- 287 nömrəli qətnaməsinə əsasən atalıq müəyyən edilərək ona AZ-İ 176523 nömrəli, 02.10.2008-ci il tarixdə Nəbiyev soyadı ilə yeni doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı iddia edir ki, onun soyadının “Nəbiyev” olmasından onun xəbəri olmamışdır. Belə ki, ona “Süleymanov” soyadı yazılmış şəxsiyyət vəsiqəsi, həmin şəxsiyyət vəsiqəsi əsasında ümumvətəndaş pasportu verilmişdir. Cavabdeh təşkilat iddiaçının arqumentina etiraz edərək, bildirmişdir ki, iddiaçı özündə olan köhnə doğum haqqında şəhadətnamənin surətinin qeydiyyat şöbəsinə təhvil vermədən özünə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu əldə etmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, inzibati orqan tərəfindən 02.10.2008-ci ildə iddiaçının soyadının “Nəbiyev” kimi yazılması qanun pozuntusu kimi qəbul edilə bilməz. Nəzərə alınmaldır ki, iddiaçının soyadına dəyişiklik edilməsi üçün əsas Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2007-ci il tarixli 2-287 nömrəli qətnaməsi olmuşdur ki, həmin qətnamənin icrası qeydiyyat şöbəsi tərəfindən icra edilmişdir. İddiaçı tərəfindən soyadının “Nəbiyev” kimi qeyd olunmasından xəbərinin olmamsasına dair gətirdiyi arqumenti məhkəmə əsaslı hesab etmir. Nəzərə alınmalıdır ki, İddiaçı atasının İntizar Nəbiyev olması, yəni atalığının müəyyən edilməsi ilə bağlı məhkəməyə verdiyi iddia ərizəsi özünün təşəbbüsü əsasında verilib və məhkəmə qətnaməsinə əsasən İntizar Nəbiyevin iddiaçının atası olması müəyyən edilərək soyadının atasının soyadına uyğun yazılması qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının bu əsaslarla soyadının dəyişdirilməsi tələbi ilə bağlı gətirdiyi arqument əsassızdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, inzibati orqan tərəfindən qanuni əsas olmadan iddiaçının soyadına dəyişiklik edildiyi tədqirdə iddia tələbi əsaslı olaraq təmin oluna bilərdi. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati orqanın iddiaçının soyadının “Nəbiyev”ə dəyişdirilməsi Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2007-ci il tarixli 2-287 nömrəli qətnaməsinə əsasında həyata keçirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanuni, iddiaçının tələbi isə əsassız olduğundan iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 75, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinin hərəkətini qanunsuz hesab etməklə onun doğum haqqında akt qeydləri kitabında soyadının “Nəbiyev” soyadından “Süleymanov” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar