Məhkəmə qərarları › İş №2-1(118)-2142/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2142/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2142/2023 16.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2021-cio ilin sentyabr ayından ll dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci, xx.xx.2022-ci il tarixli və COOO42459UBB kod nömrəli göndərişlə əlilliyin təyin olunmasından imtinaların qanunsuz hesab edilməsi və 1-ci qrup əlillik müavinətinin bərpa edilməsi vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin öhdəsinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi və 2021-ci ilin sentyabr ayından İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1995-cı il təvəllüdlü İddiaçı E03 Anadangələmə hipotirioz ağır formada (Meksademiz) əqli gerilik xəstəsidir. Xəstəlik Laçında anadan olduğu tarixdən olmaqla, keçən illər ərzində daim müalicələrin aparılmasına baxmayaraq müalicə olunmayan xəstəliklər sırasına daxildir. Bu hal xəstəlik tarixindən çıxarış, epikrezlərlə təsdiq edildiyindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilən xəstəliklərin sırasına daxil olduğundan cavabdeh orqan tərəfindən - 8 yaşından l qrup müddətli əlillik pensiyası təyin edilmişdir. Əlillik pensiyasiının müddətinin bitməsi, növbəti əlillik pensiyamın təyin edilməsi məqsədilə Tibb müəssisəsi tərəfindən sənədləri 3 dəfə (F-88) Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Espertiza və Reabilitasiya Xidmətinə göndərilmişdir. TSEK-nın xx.xx.2021-ci, xx.xx.2022-ci il tarixli və Cooo 42459UBB kod nömrəli göndərişlə əlilliyin təyin olunmasından imtinalar verilmişdir. İmtinalara səbəb kimi “göndərişlərin yanlış və ya natamam doldurulması, dəqiqləşdirilməsi, həkim tərəfindən ağırlaşmaların qeyd edilməməsi” göstərilmişdir. Anadan gəlmə əqli çatışmamazlıq xəstəlin müalicəyə gəlməyən xəstəlik olması səbəbindən imtinaların süründürməclik məqsədi ilə tərtib edilməsi kimi qiymətləndirərək, tamamilə qanunsuz hesab edir və əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması barədə məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2004-cü il tarixi göndərişi əsasında baxılmış və Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E00-E07 - Qalxanabənzər vəzinin xəstəlikləri => E03 - Hipotireozun digər formaları => E03.0 - Diffuz urla gedən anadangəlmə hipotireoz; Diaqnozun mətni: Diffuz urla gedən anadangəlmə hipoterioz; Meyar: 4. 16 yaş tamam olana qədər: => “Digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E00-E07 - Qalxanabənzər vəzinin xəstəlikləri => E03 - Hipotireozun digər formaları => E03.0 - Diffuziya gedən anadangəlmə hipotireoz; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Digər" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. anadangəlmə hipotireoz ağır formalı miksedema; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmalar ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir.Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E00-E07 - Qalxanabənzər vəzinin xəstəlikləri => E03 - Hipotireozun digər formaları => E03.1 - Urla müşayiət olunmayan anadangəlmə hipotireoz; Diaqnozun mətni: Urla müşayiət olunmayan anadangəlmə hipotireoz, urla müşayət olunmayan anadangəlmə hipotireoz ağır formalı miksedema; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göındərişin natamam doldurulması - Səbəb: Ağırlaşmalar ətraflı qeyd edilsin” səbəbi ilə geri qaytarılmışdır.Quba rayon Mərkəzi Xəstəxanasının 11 11.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Urla müşayiət olunmayan anadangəlmə hipotirioz. Ağır forma. Miksidema. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül dərəcələi əqli gerilik; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin İQ əmsalı geyd olunmayıb. Dəqiqləşdirilsin.” səbəbi ilə geri qaytarılmışdır. İş materiallarında olan : - TSEK tərəfindən verilmiş qərarlardan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən 18 yaşı tamam olana kimi, xx.xx.2013cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ll dərəcəli əlillik təyin edilmişdir. - Quba rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0244003AAQDD nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. - TSEK tərəfindən verilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, “göndərişin natamam doldurulması”, “əlavə müalicəyə ehtiyacın olması” və “ağırlaşmaların ətraflı qeyd edilməməsi” səbəbindən İddiaçı əlilliyin təyinindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində əlilliyin müəyyən olunması meyarları göstərilmişdir. Həmin Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkət etmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında”Əsasnamə: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası : 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan electron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya 2004-cü ilin yanvar ayından başlayaraq hər il 1 il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin müddət bitdikdən sonra iddiaçı təkrar müayinələrdən keçirilərək Quba rayon Mərkəzi xəstəxanası tərəfindən Tibbi-sosial Ekspert Komissiyasına dəfələrlə Forma-088 arayışı göndərilmişdir. Həmin arayışda iddiaçının xətəliyinin əsas diaqnozu kimi “Urla müşayiət olunmayana nadangəlmə hipotrioz, ağır forma, miksiderma, vegetative sinir sisteminin somatoform disfunksiyası, qulluq və müalicə tələb edən iddi davranış pozuntusu, yüngül dərəcəli əqli gerilik” göstərilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qeyd olunan diaqnoz əsasında iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı bundan narazı qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iş mateiallarından iddiaçının uzun illərdir əsasən həmin diaqnozla müalicə olunması və xəstəliyin anadangəlmə olması, hər il, o cümlədən sonuncu dəfə 2016-cı ildə ona əsas diaqnozu eyni olmaqla ll dərəcəli əlilliyin təyin edilməsi müəyyən edilir. İddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtinanın əsası kimi aşağıdakılar qeyd olunmuşdur: “Göndəriş natamam doldurulmuşdur, xəstənin İQ əmsalı qeyd olunmamışdır, dəqiqləşdirilsin”. Nəzərə alınmalıdır ki, Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının barəsində “veksler uşaqlar üçün intellekt testi” keçirilmiş və ümumi İB “51 bal” göstərilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (“Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”) iddiaçıya əlillik dərəcəsinin imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin 7.2-ci bəndində “Əqli gerilik” (F70-F73), (Qeydlər - Əqli gerilik zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - anadangəlmə və ya erkən neyronal inkişafla əlaqəli olub əqli geriliyə səbəb olan (genetik xəstəliklər, hamiləlik və doğuş zamanı patologiyalar, infeksiyalar, intoksikasiyalar, prenatal və ya postnatal dövrdə beynin digər zədələnmələri, həmçinin digər səbəblər); - İQ qiymətləndirilməsi əsasında müəyyən edilən intellektual funksiyaların pozulması dərəcəsi; - əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi. Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn, hiperaktivlik, impulsivlik, aqressiya), 7.2.1-ci bəndində iddiaçıda müşahidə olunan yüngül dərəcəli əqli gerilik (İQ 50-69) xəstəliyi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtinanın əsası kimi aşağıdakılar qeyd olunmuşdur “Göndəriş natamam doldurulmuşdur, İQ əmsalı qeyd olunmayıb, dəqiqləşdirilsin”. Lakin məhkəmə araşdırması zamanı, müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya uzun illərdir eyni diaqnozla ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.7-ci bəndinə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.2-ci bəndinə əsasən əsasən ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçıya 10 ildən artıq müddət ərzində fasiləsiz olaraq ll dərəcəli əlillik təyin edildiyindən ona əlillik dərəcəsi müddətsiz təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 2021-ci ilin sentyabr ayından İİ dərəcəli müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar