Məhkəmə qərarları › İş №2-1(118)-2143/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2143/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2143/2021 01.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən üçüncü şəxs Əkbərov Natiq Musa oğlunun adına verilmiş 31 yanvar 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən üçüncü şəxs Əkbərov Natiq Musa oğlunun adına verilmiş 31 yanvar 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-2008-ci illərdə ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, döngə 1 ünvanında yerləşən rəsmi sənəddə 0,03 ha göstərilmiş torpaq sahəsindən 0.015 ha hissəsini 7-8 il bundan əvvəl qonşusu X1. Aralarında yaxın qonşuluq münasibəti olduğu üçün hər hansı rəsmi müqavilə bağlanmamışdır. X2 həmin 0.015 ha torpaq sahəsini Xıdır adlı qohumunun vasitəsilə Əkbərov Natiq Musa oğluna satmışdır. Torpaq sahəsinin satılmasını Xıdır adlı şəxs həyata keçirmişdir. Əkbərov Natiq Musa oğlu torpaq sahəsinə baxaraq almağı razılaşmışdır. Bir müddət keçəndən sonra, X5 iddiaçıya müraciət edərək, Natiq Əkbərovun torpağı sənədləşdirmək istədiyini bildirmiş və onunla notariat kontoruna getməyi xahiş etmişdir. 13.07.2013-cü ildə Əkbərov Natiq Musa oğlu ilə birlikdə Abşeron rayonu 1 saylı notariat kontoruna gedərək evin həyətyanı torpaq sahəsinin 13 iyul 2013-cü il tarixli, 4Ə/- 2906 saylı alqı-satqı müqaviləsini bağlamışlar. Müqavilə bağlanarkən o notariat kontorunun həyətində gözləmiş, sonra onu içəri çağıraraq sənədlərə qol çəkdirmişlər. Latın qrafikalı Azərbaycan əlifbasında oxuyub-yaza bilmədiyi üçün müqaviləni oxumamış, mahiyyətini anlamamışdır. X8 həmin ərazidə fərdi yaşayış evi tikdirmişdir. 2016-cı ilin mart ayının ortalarında ona məxsus torpaq sahəsi ilə Natiq Əkbərova aid torpaq sahəsi arasında ayrıca hasar çəkdirmək istədikdə, Natiq Əkbərov imkan verməmiş, söyərək təhqir etmiş, döyüb xəsarət yetirmiş və ərazinin ona məxsus olduğunu bildirmişdir. 2016-cı ilin may ayında onu məhkəməyə çağırmışlar. Natiq Əkbərov onun etibarından sui- istifadə edərək alqı-satqı müqaviləsində torpaq sahəsini artıq göstərmiş və sonradan məlum olduğu kimi niyyəti də olan torpaq sahəsini ələ keçirmək olmuşdur. İddiaçı alqı-satqı müqaviləsində torpaq sahəsinin ölçüsünün 0,015 ha deyil, 0,02 ha yazıldığını bilməmiş, həmçinin, ona məlum olmuşdur ki, Natiq Əkbərova verilmiş torpağın koordinatlarının bir hissəsi onun evinin qarşısına düşür. Halbuki, o heç vaxt evinin qapısının ağzını başqa şəxsə satılmasına razı ola bilməzdi. 13 iyul 2013-cü il tarixli, 4Ə/-2906 saylı alqı-satqı müqaviləsi nəticəsində Əkbərov Natiq Musa oğlunun hüquqları 31 yanvar 2015-ci il tarixdə dövlət qeydiyyatına alınaraq adına RX ******* saylı reyestrdən çıxarış verilmişdir. Həmin çıxarış qanunsuz olaraq verildiyinə görə ləğv edilməlidir. Belə ki, çıxarış verilən zaman torpaq sahəsinin planı, torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi, yerqurluşu işlərinin aparılmasını torpaq sahəsinə gəlib torpağı görmədən, düzgün ölçülər aparmadan həyata keçirilmiş və yerdə yoxlama aparılmamışdır. Cavabdeh DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən üçüncü şəxs Əkbərov Natiq Musa oğluna qanunsuz çıxarış verilməsindən onun məlumatı olmamışdır. Bu barədə Əkbərov Natiq Musa oğlunun onu məhkəməyə verməsindən sonra məlumatı olmuşdur. Belə ki, 15 aprel 2016-cı il tarixdə Əkbərov Natiq Musa oğlu ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda seriya RX ******* nömrəli, 31.01.2015-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı isə Əkbərov Natiq Musa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 iyul 2013-cü il tarixli, həyətyanı sahənin alqı-satqısına dair müqavilənin və onun əsasında N.M.Əkbərovun adına verilmiş 31 yanvar 2015-ci il tarixli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(013)-161/2017 saylı iş üzrə 29 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli) ilk iddia təmin edilmiş, Əkbərov Natiq Musa oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 48 kv.m. hissəsində qanunsuz inşa edilmiş 1 metr hündürlüyündə, 3,0 x 2,5 metr ölçüdə mişar daşdan pilləkənin onun hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınıb iddiaçının qanuni sahibliyinə verilməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 2052/2017 nömrəli iş üzrə 04 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov, A.Ə. Abbasov, T.Q.Məmmədov) onun apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, tərəflər arasında imzalanmış 13 iyul 2013-cü il tarixli, 4Ə/-2906 saylı alqı-satqı müqaviləsi və Əkbərov Natiq Musa oğlunun adına verilmiş 31 yanvar 2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışın 52 kv.metr torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2052/2017 nömrəli iş üzrə 04 avqust 2017-ci il tarixli qətnaməsindən Əkbərov Natiq Musa oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 8718/2017 saylı iş üzrə 19 dekabr 2017-ci il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev, A.K.Kalbalıyev və V.Ə.İbayev) Əkbərov Natiq Musa oğlunun kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-113/2019 nömrəli iş üzrə 03 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər - S.A.Qafari, F.Ə.Məmmədov, L.M.Məmmədova) ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Çimnaz Musayeva kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6415/2019 saylı iş üzrə 25 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və Ə.G.Nurməmmədov) onun kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, 3,0 x 2,5 metr ölçüdə pilləkənin sökülməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-90/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər - T.O.Quliyev, G. F.Tağızadə, E.G.Rəhimov) onun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən də kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3736/2021 saylı iş üzrə 16 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər G.A.Quliyev, İ.R.Xələfov və Z.Ə. Əliyev) onun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona görə də Sumqayıt İnzibati məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Əkbərov Natiq Musa oğlunun 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ 4Ə/2906 saylı, 13.07.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra Abşeron rayonu, Xırdalan səhəri, Mehdi Hüseynzadə küçəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və 31.01.2015-ci il tarixində **********04-10301 reyestr nömrəli vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən 3-cü şəxs Əkbərov Natiq Musa oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə 3-cü şəxsin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Belə ki, iş materiallarından göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(013)- 161/2017 saylı iş üzrə 29 mart 2017- ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Əkbərov Natiq Musa oğlunun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 48 kv.m hissəsində qanunsuz inşa edilmiş 1 metr hündürlüyündə, 3,0 x 2,5 metr ölçüdə mişar daşdan pilləkənin onun hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınıb iddiaçının qanuni sahibliyinə verilməsi, qət edilmiş, İddiaçı həyatyanı torpaq sahəsinə dair bağlanmış 13 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında Əkbərov Natiq Musa oğluna adına verilmiş 31 yanvar 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın etibarsız hesab edilməsi haqqında qarşılıqlı iddia tələbi rədd edilmişdir. Uzun məhkəmə çəkişmələrindən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3736/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Abşeron rayon Məhkəməsinin 2(013)-161/2017 saylı iş üzrə 29 mart 2017- ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Hal hazırda iddiaçı tərəfindən verilmiş iddia Əkbərov Natiq Musa oğlunun adına torpaq sahəsi ilə əlaqədar verilmiş 31 yanvar 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenum qərarında göstərilmişdirki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan plenum qərarının tələbləri baxımından hazırki iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, Əkbərov Natiq Musa oğlunun adına verilmiş 31 yanvar 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın verilməsi üçün əsas Natiq Əkbərov ilə İddiaçı arasında notarial qaydada torpaq sahəsinə dair bağlanmış 13 iyul 2013-cü il tarixli alqısatqı müqaviləsi olmuşdur. Həmin alqı-satqı müqaviləsinin həqiqiliyinə Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verildiyinə görə Əkbərov Natiq Musa oğlunun adına verilmiş 31 yanvar 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın qeydə alındığı reyestrin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbləri baxımından həqiqiliyi və tamamlığı prezumpsiya qüvvədədir. Bundan başqa o da nəzərə alınmalıdır ki, mübahisə predmeti olan Əkbərov Natiq Musa oğlunun adına verilmiş 31 yanvar 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın həqiqiliyi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə həmin məsələyə yenidən baxılması yolverilməzdir. Məhkəmə hesab edir ki, müvafiq iddiaya yenidən mahiyyəti üzrə baxılması üçün əsas olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən üçüncü şəxs Əkbərov Natiq Musa oğlunun adına verilmiş 31 yanvar 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar