Məhkəmə qərarları › İş №2-1(118)-2144/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2144/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2144/2024 06.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə (Açar sözlər: məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 6 mart 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. AZ-İ seriyalı, 700847 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2005-ci il tarixdə doğulmuşdur. X11 Qədir oğlu, anası X2r. Qeydiyyat Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən aparılmışdır.

2. Azərbaycan Respublikası Nikahın Pozulması haqqında Şəhadətnaməyə əsasən, Quliyev Nicat Qədir oğlu ilə X6 arasında bağlanmış nikah 6 oktyabr 2017-ci il tarixdə pozulmudur.

3. Quliyev Nicat Qədir oğluna məxsus AA seriyalı, 337983 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Dövlətqaçqınkomun 17 iyun 2015-ci il tarixli qərarına əsasən ona məcburi köçkün vəsiqəsi verilmişdir. Vəsiqənin “Hər il qeydiyyatdan keçmək barədə məlumat” hissəsindən görünür ki, sonuncu dəfə 18 mart 2019-cu il tarixdə qeydiyyatdan keçilmişdir.

4. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 13 saylı Mənzil Kommunal Sahəsinin 21 oktyabr 2023-cü il tarixli, 670 nömrəli ailə tərkibi haqqında arayışından müəyyən olunur ki, Quliyev Nicat Qədir oğlu ünvan 1 ünvanda Qubadlı məcburi köçkünü kimi yaşayır. Ailə üzvləri 2005-cı il təvəllüdlü qızı - İddiaçı və 2009-cu il təvəllüdlü oğlu - X12 oğludur.

5. Azərbaycan Respublikası Qubadlı rayon İcra Hakimiyyətinin başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 noyabr 2023-cü il tarixli, 11-17/639 saylı məktubunun məzmunundan görünür ki, Qubadlı şəhər sakini məcburi köçkün İddiaçı aylıq 60 manat olmaqla yemək xərci müavinəti alır.

6. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 13 noyabr 2023-cü il tarixli, 3-36/2-Q-89xx-xx/2023/6585 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı anası X3 qeydiyyatı Balakən rayonu, Qullar kəndində olduğundan ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:

7. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən göndərilən 29 dekabr 2023-cü il tarixli, 3-36/2-4418/2023 saylı məktubun məzmunundan görünür ki, Quliyev Nicat Qədir oğlu Qubadlı rayonundan məcburi köçkündür. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2023-cü illəri əhatə edən elektron məlumat bazasında X4 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi barədə qeyd aşkar edilməmişdir.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən göndərilmiş 7 yanvar 2024-cü il tarixli, 18/2-109/2024 saylı məktubun məzmunundan görünür ki, 10 mart 1983-cü il təvəllüdlü Quliyev Nicat Qədir oğlu 22 sentyabr 2003-cü il tarixdən hazıradək Qubadlı rayonu, Qubadlı şəhərində, 29 aprel 1987-ci il təvəllüdlü X8 25 avqust 2004-cü il tarixdən 5 fevral 2013-cü il tarixədək Balakən rayonu, Qullar kəndində, 5 fevral 2013-cü il tarixdən 27 avqust 2018-ci il tarixədək Qubadlı rayonu, Qubadlı şəhərində, 27 avqust 2018ci il tarixdən hazıradək Balakən rayonu, Qullar kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar.

9. Azərbaycan Respublikası Qubadlı rayon İcra Hakimiyyətinin başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 dekabr 2023-cü il tarixli, 11-10/22 saylı məktubunun məzmunundan görünür ki, Qubadlı şəhər sakini İddiaçı aylıq 60 manat olmaqla yemək xərci müavinəti alır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

10. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olub, 1993-cü ilin avqust ayında erməni təcavüzü nəticəsində iddiaçının X11 Qədir oğlu ailə üzvləri ilə birlikdə məcburi köçkün düşərək, Sumqayıt şəhərində məskunlaşmışlar. Quliyev Nicat Qədir oğlu 2004-cü il tarixdə iddiaçının anası X8 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. X8 29 aprel 1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Nikahları pozulmuşdur. İddiaçı halhazırda məhkəmənin qərarı ilə atasına verilmiş və onunla yaşayır. X1 rayonu Qullar kəndində qeydiyyatdadır və onun məcburi köçkün statusu yoxdur. İddiaçı məcburi köçkünlərə dövlət büdcəsindən verilən aylıq yemək xərci müavinətini alır. Hazırda orta məktəbi bitirib və ödənişli əsaslarla ali məktəbə daxil olmuşdur. Lakin məcburi köçkün vəsiqəsi olmadığına görə, təhsil haqqının ödənilməsindən azad olma barədə güzəştdən yararlana bilmir və təhsil haqqını ödəməyə məcburdur. Əks halda ali təhsilə davam edə bilməyəcək. Məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh orqana ərizə və əlavə edilmiş sənədlər ilə müraciət edilsə də, ona imtina verilmiş və 13 noyabr 2023-cü il tarixli, 3-36/2-Q- 89xx-xx/2023/6585 saylı cavab məktubu ilə X3 qeydiyyatı Balakən rayonu, Qullar kəndində olduğu üçün iddiaçıya məcburi köçkün statusunun verilməsi Komitənin imkanı xaricində olduğunu bildirilmişdir. Buna görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.

12. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 2.2.3, 12.1, 34.1-ci maddələrinə istinad olunmuşdur.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

13. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddiaçının cavabdehə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi”nə dair iddia tələbini əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının “məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilir ki, iddiaçının anası X3 qeydiyyatı Balakən rayonu, Qullar kəndində olduğundan iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Diqqətə çatdırılır ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə’’yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 5 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Cavabdeh tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulanır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin cavabdehin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. İddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər cavabdehin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçının atası məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir. O, Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçının anası X3 qeydiyyatı Balakən rayonu, Qullar kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və o məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçının anasının yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - "Balakən rayonu, Qullar kəndi” olduğundan, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir.

15. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1, 3.1, 3.3-cü bəndlərinə, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə, prosessual hüquqi əsası kimi İPM-in 47.2, 48.2, 68.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır.

c) Tərəflərin iştirakı və izahatları:

16. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

18. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

19. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

21. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

22. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

24. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. ... İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. ...”

“Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. ... İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.”

26. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. ...”

“Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər.”

“Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.”

“Maddə 12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.”

27. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“... 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: ... 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. ...”

28. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“... 1.1. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra -qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. ...”

“... 3.1. Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. ...”

29. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …” “Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …” c) Məhkəmənin mövqeyi

30. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır.

31. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir.

32. Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.

33. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir.

34. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edilməklə iddiaçının valideynlərinin yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmaması səbəbindən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.

35. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir.

36. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir.

37. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.

38. Hazırkı işdə iddiaçıya münasibətdə 1 və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir.

39. Cavabdehin etirazının əsas dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni, cavabdeh bildirir ki, iddiaçının anasının qeydiyyatı Balakən rayonu, Qullar kəndindədi.

40. Məhkəmə bildirir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.

41. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Onların doğum tarixlərində qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, iddiaçı məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir.

42. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

43. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz.

44. Eyni zamanda, məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-652/2022 saylı iş üzrə qəbul etdiyi 19 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu iddiaçı qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.”

45. Göründüyü kimi oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsi sonradan qəbul edildiyindən, həmin Qaydalarin qəbul edildiyi tarixdən əvvəl doğulan vətəndaşlara münasibətdə vəziyyətini ağırlaşdırdığı səbəbi ilə geriyə tətbiqi edilə bilməz.

46. Bundan əlavə, iddiaçının vahid aylıq müavinətinin alması hazırkı mərhələdə müəyyən olunmasaydı belə, bu hal vəziyyəti iddiaçının ziyanına dəyişmir.

47. Bununla bağlı məhkəmə qeyd edir ki, hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Qanunda həmçinin məcburi köçkün statusunun müəyyən edilməsi ilə bağlı cavabdehə belə səlahiyyətin verilməsi barədə institusional göndərici normada nəzərdə tutulmamışdır. Buna baxmayaraq Qaydalar “məcburi köçkün” statusunun verilməsi üçün Qanunla nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunması ilə bağlı konstitusion tələbə uyğun sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli normativ hüquqi aktlar qanuna uyğun olmalı, həmin aktlarda qanunun normalarına zidd olan hüquq normaları nəzərdə tutulmamalıdır. Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ aktlarda qanunla nəzərdə tutulduğundan daha artıq məhdudiyyət müəyyən edilə bilməz.

48. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqan imtinasını əsaslandırdığı “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın qüvvədə olmasına rəğmən, normativ aktların hüquqi qüvvəsi üzrə təsnifatı və iyerarxiyası baxımından qanun istinad olunan qaydaya münasibətdə daha üstün hüquqi qüvvəyə malikdir. Bu mənada həmin Qaydanın mövcudluğu və hüquqi qüvvəsi şəxsin qanunla nəzərdə tutulmuş hüququnun həyata keçirilməsini istisna edə bilməz. Başqa sözlə, “Qaydalar”ın həmin tələbi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna və konstitusion dəyərlərə ziddir.

49. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1856/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Qanunda həmçinin məcburi köçkün statusunun müəyyən edilməsi ilə bağlı cavabdehə belə səlahiyyətin verilməsi barədə institusional göndərici norma da nəzərdə tutulmamışdır. Buna baxmayaraq Qaydalar “məcburi köçkün” statusunun verilməsi üçün Qanunla nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunması ilə bağlı konstitusion tələbə uyğun sayıla bilməz.”

50. Yuxarıda göstərilən məhkəmə qərarından da göründüyü kimi, kassasiya instansiya məhkəməsi hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələbin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmadığına istinad edərək həmin əsasın imtina əsası kimi qanuna zidd olduğunu qiymətləndirmiş, bu səbəbdən də iddia vətəndaşın xeyrinə nəticələnmişdir.

51. Göründüyü kimi istər qüvvədə olan qanunvericilik, istərsə də formalaşmış məhkəmə təcrübəsi məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlı mübahisələrə qiymət verərkən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da nəzərdə tutulmuş “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyətin tətbiqini istisna etmişdir ki, bu da hazırkı vəziyyətdə iddiaçının xeyrinə şərh olunan bir haldır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi həmin hal (yaşayış yeri üzrə qeydiyyatla bağlı) iddia tələbinin təmin edilməsini istisna etmir.

52. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

53. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. xx xxxxxx 2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar