Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2145/2025 15.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı iş üzrə (Açar sözlər: doğum akt qeydində düzəliş edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2391 saylı nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində düzəliş edilərək aktın tərtib edildiyi tarixin “xx.xx.1988”-ci ildən “xx.xx.1990”cı ilə, uşaq bəndində doğum tarixinin “xx.xx.1988”-ci ildən ”xx.xx.1990”-cı ilə dəyişiklik olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2391 saylı nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində düzəliş edilərək aktın tərtib edildiyi tarixin “xx.xx.1988”-ci ildən “xx.xx.1990”-cı ilə, uşaq bəndində doğum tarixinin “xx.xx.1988”-ci ildən ”xx.xx.1990”-cı ilə dəyişiklik olunmasını istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş 2391 saylı, xx.xx.1988-ci il tarixli doğum haqqında akt qeydində səhv olaraq aktın tərtib edildiyi tarix xx.xx.1988-ci il, uşaq bəndində doğum tarixi xx.xx.1988-ci il kimi qeyd edilmişdir. Halbuki digər sənədlərində (hərbi bilet, şəxsiyyət vəsiqəsi, nikah şəhadətnaməsi, doğum haqqında şəhadətnamə) doğum tarixi xx.xx.1990-cı il kimi qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: AO ******* saylı hərbi biletin, 13 may 1990-cı il tarixdə 2391 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamənin, 28 dekabr 2016-cı il tarixdə 8077 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamənin, AZ-İİ 015035 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı doğum tarixi xx.xx.1990-cı il olaraq qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 16 oktyabr 2024-cü il tarixli məktubu ilə İddiaçı doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Elçin Əlinin (Əliyev) Nərmin Sədrəddinova ilə nikahı, Səid və Hüseyn adlı övladlarının doğumu, habelə məktubda göstərildiyi kimi xx.xx.1990-cı il təvəllüdlü deyil, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı doğumu haqqında məlumatlar müəyyən edilmişdir. Bununla bağlı müvafiq akt qeydlərinin kserosurəti təqdim olunur. Araşdırma zamanı müraciətə kserosurəti əlavə edilmiş XV-ЖГ seriyalı 319655 nömrəli doğum haqqında şəhadətnamənin başqa şəxsin adına tərtib edildiyi məlum olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X2 ilə X3 olan xx.xx.1990-cı il təvəllüdlü X1 doğumunun xx.xx.1990-cı ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində qeydə alındığı və bu barədə ona XV-ЖГ seriyalı 319655 nömrəli doğum haqqında şəhadətnamənin verildiyi məlum olmuşdur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı doğum haqqında akt qeydində aktın tərtib edildiyi tarix və doğum tarixinə düzəliş edilməsini istəyir. İddiaçı qeyd edir ki, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş 2391 saylı, xx.xx.1988-ci il tarixli doğum haqqında akt qeydində səhv olaraq aktın tərtib edildiyi tarix xx.xx.1988-ci il, uşaq bəndində doğum tarixi xx.xx.1988-ci il kimi qeyd edilmişdir. Halbuki digər sənədlərində (hərbi bilet, şəxsiyyət vəsiqəsi, nikah şəhadətnaməsi, doğum haqqında şəhadətnamə) doğum tarixi xx.xx.1990-cı il kimi qeyd olunmuşdur. Cavabdeh isə doğum haqqında akt qeydinə düzəliş üçün kifayət qədər əsasın olmaması səbəbilə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: ....vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə Qanunvericiliyin tələbinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar olmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair 9.0 və 9.1-ci bəndinə əsasən ölüm haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə) tərtib edilərkən 1-5.2-ci qrafalarda ölən şəxs haqqında məlumatlar tibbi sənədə, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə məhkəmə qətnaməsinə və şəxsiyyətini təsdiq edən sənədə uyğun olaraq 1-3-cü qrafalarda soyadı, adı, ata adı yazılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Elçin Əlinin (Əliyev) Nərmin Sədrəddinova ilə nikahı, Səid və Hüseyn adlı övladlarının doğumu, habelə məktubda göstərildiyi kimi xx.xx.1990-cı il təvəllüdlü deyil, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı doğumu haqqında məlumatlar müəyyən edilmişdir. XV-ЖГ seriyalı 319655 nömrəli doğum haqqında şəhadətnamənin başqa şəxsin adına tərtib edildiyi məlum olmuşdur. Məhkəmə sorğusu ilə qeyd edilən XV-ЖГ seriyalı 319655 nömrəli doğum haqqında şəhadətnamə ilə xx.xx.1990-cı il təvəllüdlü X1 doğumunun xx.xx.1990-cı ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilən ona məxsus verilmə tarixi xx.xx.1990-ci il olan XV-ЖГ seriyalı 319655 nömrəli doğum haqqında şəhadətnamədəki məlumatların mötəbərliyi məhkəmə araşdırması ilə əldə edilmiş məlumat və sübutlarla təkzib olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 16 oktyabr 2024-cü il tarixli məktubu ilə İddiaçı doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmiş, aparılmış qeyddə hər hansı qaralama və ya düzəliş məhkəmə tərəfindən aşkar edilməmiş, həmçinin doğumun və doğum akt qeydinin tarixi xronoloji ardıcıllığa uyğun olduğu müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün kifayət qədər əsas mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2145/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2145/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver