Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2147/2024 12.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ünvan 1, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, sahəsi 430 kv m olan qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, sahəsi 430 kv m olan qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında 30 noyabr 2020-ci ildə № 015 nömrəli qeyri-yaşayış tikintisinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilədə nəzərdə tutulan ünvan 1 ünvanında yerləşən, sahəsi 430 kv m olan qeyriyaşayış sahəsinin dəyərini ödəmiş, həmin sahə iddiaçının istifadəsinə və sahibliyinə verilmişdir. Hal-hazırda həmin obyektini təmir edərək istifadə edir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti haqqında qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin mənzillərin açıq həracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertfikatı; daşınmaz əmlaka hüquqlaırn dövlət qeydiyyatının aparılması üçün əsasdır. Buna görə də iddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh idarəyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-önin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən qeyri-yaşayış sahəsinin yerləşdiyi coxmənzilli vasavıs binası üzərində "xxxx" MTK-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı və sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyqun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmadığı müəyyən olunmuşdur. Göstərilən səbəblərdən iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan: - icraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış qeyri-yaşayış tikintisi haqqında xx.xx.2020-ci il tarixli 015 saylı müqavilədən görünür ki, icraçı ünvan 1 ünvanında yerləşən, sahəsi 430 kv m olan qeyri-yaşayış sahəsini pay kimi payçıya verməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən, yaşayış binası "xxxx" MMC-yə məxsusdur.Bu binada yerləşən sahəsi 430 kv.metr olan qeyri-yaşayış sahəsini paçı İddiaçı tərəfindən dəyəri 800000 manat ödənilmişdir. MMCyə borcu yoxdur. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən binada **********66-05301-083001 və **********66-06301-083002 reyestr nömrəli qeyri-yaşayış sahələri qeydiyyatdan keçmişdir. Müraciətdə qeyd olunan sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 2 ünvanda "xxxx" MMC-nin mülkiyyət hüququnun tanınıb-tanınmaması ilə bağlı 4 saylı Abşeron Ərazi idarəsində heç bir məlumat aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə hesab edir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlanmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsinin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiq edilməli olduğunu hesab edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının sözügedən qeyri-yaşayş sahəsinin faktiki və hüquqi sahibi olması halı təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); X2 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Məhkəmə hazırki iş üzrə araşdırmanı X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı? Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının qeyri-yaşayış sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X2 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 iyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106). Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyənləşdirilmişdir ki, ünvan 1, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, sahəsi 430 kv m olan qeyri-yaşayış sahəsi İddiaçı sahibliyində və istifadəsindədir. Məhkəmə cavabdehin ikinci dəlili, yəni iddiaçı tərəfindən baxışın keçirilməsinə şərait yaratmamasına münasibətdə qeyd edir ki, cavabdehin həmin dəlili ağlabatan deyildir. Belə ki, iddiaçı özü mülkiyyət hüququnun qeydə alınmasında və baxışın keçirilməsində maraqlıdır və şərait yaratmaması üçün səbəb mövcud deyildir. Digər tərəfdən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binada iddiaçı ilə eyni vəziyyətdə olan digər şəxslərə münasibətdə məhkəmə qərarları əsasında hüquqların ilkin qeydiyyatı həyata keçirilmişdir. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozuntusu hesab edilə bilər. Məhkəmə daşınmaz əmlakın inventarlaşdırmasının və qeydiyyata alınmasının sənədləşdirilməsinin lazımi qaydada aparılmalı olduğu qənaətindədir. Lakin qeyd edilən hərəkətlərin aparılması hüquq sahiblərinin üzərinə ona aid olmayan və həddən artıq yük qoyulması ilə nəticələnməməlidir. Cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: -3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, əks yanaşma iddiaçının X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Azərnbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, ünvan 1, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, sahəsi 430 kv m olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı hüquqların qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, sahəsi 430 kv m olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2147/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2147/2024
12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver