Məhkəmə qərarları › İş №2-1(118)-2149/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2149/2025

25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2149/2025 25.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Mehdiabad bələdiyyəsinin 23 yanvar 2007ci il tarixli, 25/A saylı məktubuna əsasən kommisiya təşkil edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 31 yanvar 2007-ci il tarixli, 82 saylı Rəyi ilə Digah kəndi istiqamətində pay torpaqlarının qurtaracağında yerləşən 0,03 (üç) hektar boş torpaq sahəsinin X1 razılıq verilmişdir. Mehdiabad Bələdiyyəsinin 04 fevral 2007-ci il tarixli iclasının 03 saylı Protokolundan çıxarışa əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 31 yanvar 2007-ci il tarixli, 82 saylı Rəyini nəzərə alaraq Mehdiabad Bələdiyyəsi aşağıdakıları qərar almışdır:

1. Digah kəndi istiqamətində olan qəsəbə əhalisinə paylanmış pay torpaqlarının qurtaracaq hissəsindəki Bələdiyyəyə məxsus 0,03 (üç) ha boş torpaq sahəsi Bakı şəhər sakini X7 fərdi mənzil tikintisi məqəsilə satılsın,

2. Ayrılan torpaq sahəsi hesablanıb Bələdiyyənin hesabına köçürülsün, sahənin cizgisi vətəndaşın hesabına çəkilib təsdiq üçün təqdim edilsin, və s. Torpaqların alqı-satqısına dair 04 fevral 2007-ci il tarixli AKT-a əsasən X10 300 manat məbləğində pul vəsaitini 20 saylı qəbzə əsasən X9 Bankdakı hesabına köçürmüşdür. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin müdiri X19 Kadastr Mərkəzinin rəhbəri Y.B.Əliyevə ünvanlanmış 6997 saylı, 10 sentyabr 2007-ci il tarixli məktubuna əsasən, vətəndaş X3 aldığı torpaq sahəsinə görə “Torpaq sahəsinin planı və ölçüsünün” hazırlanmasına göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin müdirinin 6998 saylı, 10 sentyabr 2007-ci il tarixli rəy ilə vətəndaş X3 aldığı 0,03 ha olmaqla fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsininin qanunamüvafiq olması bildirilmiş və DTXK-nın Abşeron rayon Şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etməmişdir. İddiaçı mərhum əri X3 05 may 2017-ci il tarixdə ölümündən sonra mərhum əri tərəfindən alınmış torpaq sahəsi bu günə kimi onun sahibliyində və istifadəsindədir. İddaçının əri vəfat etdikdən sonra 5 saylı “ASAN xidmət” mərkəzinə müraciət edərək ərindən qalan miras əmlaka dair vərəsəlik işi açdırmışdır. İddiaçı 21 dekabr 2021-ci il tarixli etibarnamə ilə X13 hüquqlarının icrası məqsədilə etibarnamə vermişdir. Həmin etibarnamə əsasında vətəndaş X6 Rayon İcra Hakimiyyətinin Abşeron Rayon Dövlət Arxivinə müraciət edərək Arxiv çıxarışı əldə etmişdir. Həmin arxiv çıxarışına əsasən 0,03 ha boş torpaq sahəsi fərdi mənzil tikintisi məqsədilə Abşeron Rayon Mehdiabad Bələdiyyəsinin Protokoluna əsasən vətəndaş X2. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Mehdiabad Bələdiyyəsi tərəfindən X4 0.03 ha torpaq sahəsinin 04 fevral 2007-ci il tarixdə, 03 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının qanunamüvafiq qaydada (hüquq sahibinin imzası ilə) təsdiq olunmadığı; sözügedən qərarın arxiv arayışının müraciətə əlavə olunmadığı, əlavə olunan arxiv arayışının 04 fevral 2008-ci il tarixli qərara aid olduğu; müraciət üzrə əlavə edilmiş Abşeron Rayon Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada (ləğv edilmiş DT və XK- nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin və müvafiq bələdiyyənin möhürləri ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi; torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrində yerləşdiyi; sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X18 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər:

Mehdiabad Bələdiyyəsinin 04 fevral 2007-ci il tarixli iclasının 03 saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 31 yanvar 2007-ci il tarixli, 82 saylı rəyini nəzərə alaraq Digah kəndi istiqamətində olan qəsəbə əhalisinə paylanmış pay torpaqlarının qurtaracaq hissəsindəki bələdiyyəyə məxsus 0,03 (üç) ha boş torpaq sahəsi X7 fərdi mənzil tikintisi məqsədilə satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 31 yanvar 2007-ci il tarixli rəyində torpaq sahəsinin satılmasına etiraz etmədikləri, 10 sentyabr 2007-ci il tarixli rəyində mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmədikləri qeyd edilmişdir. Torpaq alqı-satqı aktı 2007-ci ildə tərtib edilmiş, DT və XK-nın Abşeron rayon şöbəsində qeydə alınmışdır. Torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbzin surəti, bələdiyyənin yerquruluşu planından çıxarış iş materiallarına əlavə edilmişdir. 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 926№li məktubuna əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X5 vərəsəsi olan İddiaçı ərizəsi əsasında 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisində ondan qalmış miras əmlaka vərəsəlik işi açılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin 06 fevral 2025-ci il tarixli məktubu ilə Mehdiabad Bələdiyyəsinin 04 fevral 2008-ci il tarixli iclasının 03 saylı protokoldan çıxarışın surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 02 noyabr 2024-cü il tarixli məktubu ilə xx.xx.2024-cü il tarixli müayinə aktı məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 10 fevral 2025-ci il tarixli məktubu ilə torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 06 mart 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş tərəfindən naturada tanıdılan torpaq sahəsinin bir hissəsi **********91,**********92 reyestr nömrəli çıxarışlarla vətəndaşların sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür, lakin Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılmışdır. Mülkiyyətçilər tərəfindən müraciət olunmadığı üçün plan ölçü sənədlərinə düzəlişlər olunmamışdır.Dürüstləşmə işlərindən sonra (Necas elektron məlumat bazasına əsasən) vətəndaş tərəfindən naturada tanıdılan torpaq sahəsi ilə digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halları aradan qaldırılmışdır.

Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, aparılan araşdırma zamanı Mehdiabad Bələdiyyəsi tərəfindən X4 0.03 ha torpaq sahəsinin 04 fevral 2007-ci il tarixdə, 03 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının qanunamüvafiq qaydada (hüquq sahibinin imzası ilə) təsdiq olunmadığı; sözügedən qərarın arxiv arayışının müraciətə əlavə olunmadığı, əlavə olunan arxiv arayışının 04 fevral 2008-ci il tarixli qərara aid olduğu; müraciət üzrə əlavə edilmiş Abşeron Rayon Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada (ləğv edilmiş DT və XK- nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin və müvafiq bələdiyyənin möhürləri ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi; torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrində yerləşdiyi; sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubu ilə X5 adına olan 03 saylı xx.xx.2008-ci il tarixli protokoldan çıxarış təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, tarixlər arasında mövcud uyğunsuzluq iddiaçının məsuliyyət sferasına aid olmadığından onun üçün mənfi nəticələr yaratmamalıdır. Belə ki, iddiaçı tərəfindən Mehdiabad bələdiyyəsinin 04 fevral 2007-ci il tarixli iclasının 03 saylı protokolundan çıxarışın və ona əlavə edilmiş sənədlərin əsli məhkəməyə təqdim edilmişdir. Həmçinin, təqdim edilmiş 20№li ödəniş qəbzinin tarixi 25 dekabr 2007-ci il olaraq qeyd edilmişdir. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Bələdiyyə qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin imtinasını əsaslandırdığı hallar - alqı-satqı aktının qanunamüvafiq qaydada (hüquq sahibinin imzası ilə) təsdiq olunmadığı, müraciət üzrə əlavə edilmiş Abşeron Rayon Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada (ləğv edilmiş DT və XK- nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin və müvafiq bələdiyyənin möhürləri ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyini iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Cavabdeh imtinasında torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrində yerləşdiyini qeyd edir. Məhkəmə araşdırması zamanı torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərdən görünür ki, həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları yaşayış məntəqələri torpaqları kimi qeydə alınmışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. Həmçinin təqdim edilmiş xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında torpaq sahəsinin təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Cavabdeh imtinasında sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğunu qeyd edir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş müayinə aktında torpaq sahəsinin sənəd üzrə 0.03 ha, faktiki 0.037 ha olduğu qeyd edilmişdir. İddiaçının tələbi 0.03 ha torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar