Məhkəmə qərarları › İş №2-1(118)-2154/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2154/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2154/2023 06.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı 03 mart 1999-cu il tarixli 24 nömrəli doğum akt qeydində doğum tarixinin dəyişdirilərək xx.xx.1997-ci il kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia “İddiaçı 03 mart 1999-cu il tarixli 24 nömrəli doğum akt qeydində doğum tarixinin dəyişdirilərək xx.xx.1997-ci il kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1997-ci il tarixində Quba rayonu Qaraçay kəndində dünyaya gəlmişdir. Ona aid olan bütün sənədlərdə: şəxsiyyət vəsiqəsində, nikah şəhadətnaməsində doğum tarixi xx.xx.1997-ci il kimi qeyd olunmuşdur. Ancaq doğum haqqında şəhadətnamədə təvəllüdü xx.xx.1999-cu il il kimi qeyd olunmuşdur. 03 mart 1999-cu il tarixli 008372 nömrəli doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1997-ci il deyil, xx.xx.1999-cu il il kimi qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamədə, akt qeydində olan yalnışlığın aradan qaldırılması ilə əlaqədar olaraq Cavabdehnə müraciət etmişdir. Cavabdeh tərəfindən düzəliş edilməsi mümkün olmadığı barədə ona müvafiq məktub verilmişdir. Doğum haqqında akt qeydində düzəlişin edilməsi Cavabdeh tərəfindən mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, iddia tələbinə qanunauyğun olaraq baxılmasını və qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Cavabdeh orqan məhkəməyə ünvanladığı yazılı etirazında məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsinin, AZ-İİ № 032885 saylı, 31 mart 2015-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətlərindən görünür ki, həmin sənədlərdə iddiaçının doğum tarixi “xx.xx.1997-ci il” kimi qeyd edilmişdir. - Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbi tərəfindən verilmiş 51 saylı, 24 iyul 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı 2003-cü il tarixdə Qaraçay qəsəbə tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. - Məhkəməyə sorğu əsasında daxil olmuş Cavabdeh tərəfindən tərtib edilmiş 03 mart 1999-cu il tarixli 24 nömrəli doğum akt qeydindən görünür ki, İddiaçı “xx.xx.1999-cu il il” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubu ilə doğum tarixinə düzəliş edilməsindən imtina edilmişdir.

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Göründüyü kimi, İddiaçı doğum akt qeydində yazılan doğum tarixi ilə şəxsiyyət vəsiqəsi və digər sənədlərində yazılan doğum tarixi eyni olsa da, iddiaçı sənədlərdə doğum tarixinin düzgün göstərilmədiyini iddia edir. İddiaçı doğum haqqında akt qeydində doğum tarixinə düzəliş edilərək “xx.xx.1997-ci il” kimi qeyd edilməsi ilə bağlı yaşayış yeri üzrə qeydiyyat orqanı kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə müraciət etmişdir. Cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş, iddiaçı isə hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi formal olaraq, doğum akt qeydində düzəliş edilməsi (doğum tarixinin düzəldilməsi) olsa da, əslində mahiyyət etibarilə məsələ iddiaçının doğum tarixi ilə bağlı uyğunsuzluğun aradan qaldırılması barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və lğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin müddəanın 1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Müddəanın 2-ci maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Müddəanın 3-cü maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Müddəanın 8-ci maddəsinə görə ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qeyd olunan Müddəanın 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Müddəanın 12-ci maddəsinə əsasən Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə icraatı zamanı Cavabdeh tərəfindən iddiaçının doğum tarixinə düzəliş edilməsinə, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində və digər sənədlərdə doğum tarixi “xx.xx.1999-cu il” kimi qeyd olunsa da, iddiaçı oğum tarixinin düzgün qeyd edilmədiyini iddia etdiyi üçün məhkəmə araşdırma aparmış və nəticədə təqdim edilən sübutlar tədqiq edilmişdir. Beləki, araşdırma zamanı müəyyən edilmişdir ki, Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbi tərəfindən verilmiş 51 saylı, 24 iyul 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı 2003-cü il tarixdə Qaraçay qəsəbə tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. Eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Quba Rayon Mərkəzi Xəstəxanasının Qaraçay kənd Tibb Məntəqəsinin tərtib etdiyi müayinə kitabçasından müəyyən edilir ki, kitabça İddiaçı adına xx.xx.1997-ci ildə açılmış, kitabçada İddiaçı evdə doğulduğu, ananın ikinci övladı olduğu, 1997-ci il tarixindən peyvəndləmə və digər müayinələr barədə qeydlər aparılmışdır. Məhkəmə aparılmış araşdırma nəticəsində iddiaçının doğum tarixinin doğum akt qeydi və digər sənədlərində düzgün qeyd edilmədiyini müəyən etmişdir. Bu isə iddiaçıya hazırda bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı 03 mart 1999-cu il tarixli 24 nömrəli doğum akt qeydində doğum tarixinin dəyişdirilərək “xx.xx.1997-ci il” kimi qeyd olunması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 03 mart 1999-cu il tarixli 24 nömrəli doğum akt qeydində doğum tarixinin dəyişdirilərək “xx.xx.1997-ci il” kimi qeyd olunması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar