Məhkəmə qərarları › İş №2-1(118)-2156/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2156/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2156/2025 18.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın barəsində qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarının və xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması və iddiaçıya İ dərəcəli əlillik təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1961-ci il tarixdə anadan olmuşdur. xx.xx.2017-ci il tarixdə ona xəstəliyi ilə əlaqədar olaraq İ dərəcə əlillik verilmişdir. Bir müddət sonra onun əlillik dərəcəsi İİ qrup müəyyən olunmuşdur. daha sonra əlillik dərəcəsi yenidən İ dərəcə müəyyən olunmuş, sonda yenidən İİ dərəcə müəyyən olunmuşdur. İddiaçıya İ dərəcə əlillik verilərəkən ona insulindən asılı şəkərli diabet. Böyrək zədələnməsi ilə sağ tərəfli nefroektomiya. (1987) böyrək transplantasiyası əməliyyatından sonra vəziyyət (xx.xx.2017) diaqnozu qoyulmuşdur. İddiaçı İİ dərəcə əlilliklə razı olmadığı üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavab məktubunda bildirilmişdir ki, Sizə ümumi xəstəlik səbəbindən xx.xx.2020-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı hesab edir ki, ona ümumi xəstəlik səbəbindən xx.xx.2020-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar ləğv olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmiş, iddia ərizəsinə dəqiqləşmə verərək cavabdeh inzibati orqanın həm xx.xx.2020-ci il tarixli, həm də xx.xx.2024-cü il tarixli qərarlarını mübahisələndirdiyini bildirmişdir. Cavabdeh etirazında qeyd edir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza yə X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 20 (iyirmi) nəfər nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli- xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 18 (on səkkiz) nəfərinin və digər tarixə dəvət edilib lakin müayinədə iştirak etməmiş daha 3 (üç) nəfər vətəndaşın əyani müayinəsini həyata keçirmiş, 2 (iki) nəfər vətəndaş isə müayinəyə gələmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, ümumilikdə 23 (iyirmi üç) nəfər barəsində aşağıdakıları müəyyən etmişdir. Sumqayıt şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı dair Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin 0531003AAH8G nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.2 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Q-3616/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı yüksək arterial təzyiq, ürək nahiyyəsində, ayaqlarında ağrıların olmasından, bulanıq görmədən, ağızda quruluqdan şikayətlənmiş, 1987-ci ildə birtərəfli nefrektomiya əməliyyatı, 2004-cü ildə miokard infarktı keçirdiyini, 2005-ci ildə ürək əməliyyatı, 2017-ci ildə böyrək transplantasiya əməliyyatı keçirdiyi (donoru gəlini olduğunu) bildirmiş, müayinə və müalicə sənədlərini təqdim etmişdir. Təqdim edilmiş sənədlər arasında X4 xx.xx.2006-xx.xx.2006-cı il tarixli 096591/0432 nömrəli çıxarışında diaqnoz “Ürəyin işemik xəstəliyi. Qeyri-stabil stenokardiya” kimi qeyd edilmiş və xx.xx.2006-cı ildə “Koronar şuntlama x 3 (LİMA-LAD); Ao-Omx (VSG); Ao-RCA (VSG)” əməliyyatı icra olunduğuna aid sənəd təqdim etmiş, X5 xx.xx.2017-xx.xx.2017-ci il tarixli 6046/1688 nömrəli çıxarışında diaqnoz “Son mərhələ böyrək çatışmazlığı. Böyrək transplantasiya Resipiyenti “ kimi, əməliyyat “Canlı donorlu böyrək əməliyyatı” kimi qeyd edilmişdir. Unikal Klinikada xx.xx.2022-ci il tarixində aşağı ətraf arteriyalarının dopler müayinəsinin nəticəsi “Periferik damar xəstəliyi. Periferik arteriyalarda kobud aterosklerotik dəyişikliklər. Periferik arteriyalarda diabetik angiopatiya “şəklində göstərilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi solğun olmuş, döş qəfəsinin ön səthində və qarmın sağ yan tərəfində əməliyyat çapığ izlənilmiş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları karlaşmış eşidilmiş, AT 170/100 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 75 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmişdir. DTSERA-da xx.xx.2024-cü il tarixli oftalmoloq müayinə nəticəsi həkim-oftalmoloq müayinəsinin nəticəsi: VİS QD=0,7 (onda yeddi) korreksiya etmir, VİS QS=0,8 (onda səkkiz) korreksiya etmir kimi qeyd edilmiş, diaqnoz "QU başlanğıc katarakta. ” kimi göstərilmiş, uroloji USM nəticəsi “Transplantasiya olunmuş böyrək. Saqtərəfli nefroektomiya. Sol böyrəyin büzüşməsi, kistalar” kimi qeyd olunmuş, qanın biokimyəvi analizlərindən qanda kreatinin miqdarı-114 mkmol/l, aşağı ətraf arteriyaların dopplerografiyasının nəticəsi “Magistral arteriyaların aterosklerozu. Hər iki arxa tibial arteriya - grade 2 (iki) angiopatiya” şəklində göstərilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, obyektiv, instrumental və laborator müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2020-ci il tarixli 2.4.2 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılsın. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, iddia ərizəsinin dəqiqləşdirilməsinə münasibətdə müddətin ötürüldüyünü, iddianın mümkünsüz hesab edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli qərarının və xx.xx.2024-cü il tarixli qərarının ləğv olunmasıni istəsə də qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bundan əlavə işin hallarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli Qərarı ilə xx.xx.2020-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı ona 1-ci dərəcəli əlilliyin təyin edilməsini istəyir. Bu halda məhkəmə hesab edir ki, iddiaçı ona 1-ci dərəcə əlilliyin təyin edilməsinə əsas verən diaqnozun mövcudluğunu sübut edən “Forma 88” arayışı ilə yenidən cavabdeh orqana müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasına əsasən: 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Bundan sonra isə iddiaçı cavabdeh inzibati orqanın qərar və hərəkətlərindən narazı qalarsa qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müvafiq iddia ilə müraciət edə bilər. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilən hüquq müdafiə imkanlarından istifadə etmək hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar