Məhkəmə qərarları › İş №2-1(118)-216/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-216/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-216/2021 17.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X8, X6, X7 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 5 saylı Ərazi İdarəsinə qarşı “cavabdeh vəzifəli şəxslərin hüquqa zidd hərəkətlərinin (hərəkətsizliyinin) aradan qaldırılması, 01.07.2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və Dövlət Aktı ilə Şahadətnamədəki koordinatların arasındakı ziddiyyətlərin araşdırılıb 1.95 ha torpaq sahənin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 18 noyabr tarixli, 15 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair JN0020 kod 30319028 nömrəli Dövlət aktına əsasən 1.95 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.95 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. Keçən müddət ərzində onlar mülkiyyət hüququ ilə istifadələrində olan torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehasal etməklə istifadə etmişlər. 2019-cu ildə torpaq sahəsilə qonşu Maraqlı şəxs qanunsuz həmin torpaq sahəsini zəbt edərək meyvə tingləri əkmişdir. İddiaçılar mülkiyyətlərində olan torpaq sahəsində cavabdehin qanunsuz hərəkətinə etiraz edərək torpaq sahəsindən çıxmasını tələb etmişlər. Buna baxmayaraq cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxmaqdan imtina etmiş və həmin torpaq sahəsini satın aldığını bildirmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və həmin mülkiyyətdə olan pay torpaq sahəsinin sərhədləri müəyyən edilməklə onlara Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarış, yerində baxış keçirilməklə mərz nişanlarına əsasən AN 286780 nömrəli torpaq sahəsinin plan və ölçüsü ilə müəyyən olunmuşdur. Məhkəməyə müraciət etmiş və hər üç məhkəmə instansiya tərəfindən qəbul edilən hüquqi normativ aktlara əsasən iddiaçıların iddia tələbi təmin edilməmişdir, yəni zəbt müəyyən edilməmişdir. Məhkəmələr qərarları qəbul edərkən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi” MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin əvvəlcədən razılaşdırılmış rəyinə əsaslanmışdır. Qeyd olunan tarixdən istifadə edilən torpaq sahəsində qonşu tərəfindən meyvə tingləri əkilməsi səbəbindən torpaq sahəsinin təhkim aktı ilə yerində tanıdılması barədə cavabdeh orqana müraciətlər etmiş və həmçinin rəyi verən orqana da müraciət etmişlər. Onların müraciətinə AR ƏMDK yanında DƏK və ÜRX tərəfindən verilən 20 aprel 2020-ci il tarixli cavabda yeni iddia qaldırdığınız təqdirdə məhkəmə tərəfindən qəbul olunacaq qərarın icrası ilə bağlı müvafiq tədbirin görüləcəyi bildirilir. Cavabdeh orqana edilən müraciətlər isə qanuna müvafiq baxılmamışdır. Bundan sonra təkrar müraciət etmək məcburiyyətində qalmışlar. Bu dəfə mülkiyyətdə olan torpaq shəsi ilə bağlı əraziyə baxış keçirildiyi ölçmə işlərinin aparılması ilə mütəxəssis rəyini Quba rayon Məhkəməsinə və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi səbəbilə torpaq sahəsinin naturada tanıdılmasından qanunsuz imtina edilmişdir. Belə ki Dövlət Aktında torpaq sahəsinin koordinatları ilə Çıxarışda (torpaq sahəsinin plan və ölçüsündə) fərqlidir. Bundan başqa onlara göstərilən koordinatlarda torpağı kənd təsərrüfatı məhsulları üçün yararlı hala saldıqdan sonra cavabdeh orqan onları "sürüşdürüb" başqa torpaq sahəsini göstərir ki, sonda sürüşüb torpaqsız qalmışlar. Növbəti dəfə də sürüşməmək üçün cavabdeh orqan konkret Dövlət Aktı ilə onlara məxsus 1.95 ha torpaq sahəsini təhkim aktı ilə tanıtmalıdır. Bundan başqa rəyə əsasən heç bir ölçü işləri aparılmamış və mübahisəli torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Hətta belə olduğu halda da cavabdeh orqan onlara mülkiyyətdə olan torpağı kənd təsərrüfatı məhsullarını istifadəsi üçün naturada təhkim aktına əsasən tanıtmağa borcludur. Bundan başqa torpaq sahəsinə baxış keçirilərkən mütəxəssiz Dövlət Aktı ilə Çıxarışın arasında ziddiyyətlər olmasını bildirərək ölçmə işləri aparmadan şifahi iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin sürüşüb dərəyə düşdüyünü bildirmişdir ki həmin dərə kənd təsərrüfatı məhsulları üçün istifadəyə yarasızdır. Hazırda iki ildir ki, mülkiyyətlərində olan torpaq sahəsindən naturada tanıdılmasından istifadə edə bilmirlər. Ona görə məhkəməyə müraciət etməli olmuşlar. İddiaçı2 (eyni zamanda digər iddiaçıların nümayəndəsi) məhkəmə prosesində iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh vəzifəli şəxslərin hüquqa zidd hərəkətlərinin (hərəkətsizliyinin) aradan qaldırılması, 01.07.2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və Dövlət Aktı ilə Şahadətnamədəki koordinatların arasındakı ziddiyyətlərin araşdırılıb 1.95 ha torpaq sahənin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulmasını xahiş etmiş və bildirmişdir ki, məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2020-ci il tarixli rais müavini Elşad Məmmədovun məktubundan müəyyən olunur ki 18 noyabr 1998-ci il tarixli 15 nömrəli qərarı ilə bizə ayrılmış 1.95 ha torpaq sahəsinə dair verilmiş JN-0020 (kod 3031928) nömrəli "Torpağın mülkiyyət hüququna dair Dövlət Akr"ında göstərilən koordinatlarla cavabdeh orqanın - Xidmətin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş A 286760 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki koordinatlar arasında ziddiyyət yoxdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 04.08.2020-ci il tarixli 2-1(118)-1134/2020 saylı məktuba baxılmışdır. Belə ki, vətəndaş İddiaçı2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba rayonu, Qaraçay kəndi ərazisində yerləşən özünün və ailə üzvlərinizin ümumbirgə mülkiyyətində olan 0,727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən torpaq sahəsinin tanıdılmasına köməklik göstərilməsi ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə 01.07.2020-ci il tarixli **********14 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Müraciətinizlə bağlı bildiririk ki, torpaq sahəsi ilə bağlı yaranmış mübahisə ilə əlaqədar olaraq Quba Rayon Məhkəməsinin müraciəti əsasında İddiaçı2 cavabdeh Maraqlı şəxs qarşı “mülkiyyətdə olan və zəbt edilən torpaq sahəsindən çıxarılma və əkilmiş meyvə tinglərinin cavabdehin hesabına çıxarılması və torpaq sahəsi üzərində mülkiyyət, sərəncam və istifadə hüquqlarının bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli əraziyə baxış keçirilərək ölçmə işləri aparılmış və müvafiq araşdırma aparılaraq mütəxəssis rəyi Quba rayon Məhkəməsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmişdir. Müraciətinizdə qeyd etdiyiniz torpaq sahəsi ilə bağlı mübahisə olduğu üçün torpaq sahəsinin naturada tanıdılması mümkün olmamışdır.” Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan məhkəmə iclasında təmsil edilməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış, torpaq sahəsinin planı və ölçüsü, daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/9799 nömrəli arayış, torpağa mülkiyyət hüququna dair JN-0020 nömrəli Dövlət Aktı, Quba Rayon Məhkəməsinin 2(057)-223/2019 saylı, 08.05.2019-cu il tarixli qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2890/2019 nömrəli, 02.08.2019cu il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)/2019 saylı 02.12.2019-cu il tarixli Qərarı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki, iddia tələbi üzrə iddiaçıların mülkiyyətindən Quba rayonunun Qaraçay kəndində ümumi sahəsi 1,95 ha olan 0.727 ha və 1.2189 ha torpaq sahələri var. Həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyesterində 205 nomrəli reyester kitabının 75 və 76 nömrəli vərəqində 03.07.2018-ci ildə qeydiyyat alınmışdırlar. Torpaq sahələrinə dair mülkiyyət hüquqları DƏDRX-nin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınarkən həmin idarə tərəfindən torpaq sahələrinə A 286780 və A 286779 saylı plan və ölçü tərib olunmuşdur. Hazır ki, iddia tələbi üzrə iddiaçılar cavabdeh təşkilata ərizə ilə müraciət edərək, həmin torpaq sahələrinin yerinin naturada tanıdılmasını tələb edirlər. Belə ki, həmin torpaq sahələrinin yerinin dəqiq məlum olmaması ucbatından hazır ki, iddia tələbi üzrə iddiaçılardan İddiaçı2 Quba rayon Məhkəməsində Maraqlı şəxs qarşı torpaq sahəsindən çıxarılması tələbi ilə bağlı iddia qaldırmış, lakin həmin iddia tələbi üzrə mübahisə edilən torpaq sahəsinin İddiaçı2 aidiyyatının olmaması səbəbindən iddiası rədd edilmişdir. Gələcəkdə bu kimi halların yol verməməsi, həmçinin mülkiyyətlərində olan torpaq sahələrinin üzərində maneəsiz qanuni hərəkətlərin yerinə yetirilməsi məqsədi ilə iddiaçılar birgə mülkiyyətlərində olan ümumi sahəsi 1.95 ha torpaq sahələrinin yerinin naturada müəyyən edilməsini tələb edirlər, lakin cavabdeh təşkilat artıq həllini tapmış Quba rayon Məhkəməsində olan iddia tələbinin olmasını bəhanə gətirərək, iddiaçıların müraciətləri yerinə yetirməkdən imtina edir. Məhkəmə qeyd olunan iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnaməsinin 3-cü bəndinə əsasən DƏKÜRX-nin vəzifələri aşağıdakılardan ibarətdir: 3.0.9) mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq; 3.0.11) torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini təmin etmək; 3.0.12) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, dövlət mülkiyyətində olmuş və özəlləşdirilmiş yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək məqsədi ilə yerquruluşu işləri aparmaq; 3.0.22) bələdiyyə ərazilərinin sərhədinin (hüdudunun) qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) arasındakı məsafələri və onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər qovluğunu hazırlamaq; 3.0.24) bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3-cü bəndinə əsasən DƏDRXnin vəzifələri aşağıdakılardan ibarətdir: 3.0.23) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 3.0.29) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; 3.0.31) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerquluşu işləri hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mövcuddur. Hər iki Xidmət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında fəaliyyət göstərir və hər iki Xidmətin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı təstiq edilmiş Əsasnamələri var. Qeyd olunan Əsanamələrdə Xidmətlərin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri öz əksini tapmışdır. Xidmətlərin vəzifələrində oxşarlıqların olmasına baxmayaraq, hər iki Xidmət vəzifə səlahiyyətlərindən irəli gələn funksiyaları həyata keçirir. Belə ki, Xidmətlərin torpaq sahələrində mərzçəkmə işlərinin, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi üçün yerquruluşu işləri aparılmaq kimi vəzifələri var. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (DƏKÜRX) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) fərqli vəzifələrindən biridə DƏKÜRX-nin Əsasnaməsinin 3.0.22-ci bəndində qeyd olunan vəzifəsinin olmasıdır. Belə ki, DƏKÜRX-nin Əsasnaməsinin 3.0.22-ci bəndinə əsasən bələdiyyə ərazilərinin sərhədinin (hüdudunun) qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) arasındakı məsafələri və onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər qovluğunu hazırlamaq Xidmətin vəzifəsi kimi göstərilmişdir. Məhkəmə tərəfindən Xidmətlərin Əsasnamələrində olan vəzifələrin oxşar və fərqli cəhətlərinin müəyyən edilməsində məqsədi, hazır ki, iddia tələbi üzrə mübahisə predmeti olan 1,95 ha torpaq sahəsinin yerinin naturada müəyyən edilməsi öhdəliyinin lazımi qurumun üzərinə qoyulmasının təmin edilməsindən ibarətir. Göründüyü kimi ayrılmış torpaq sahələrinin yerlərinin naturada göstərilməsi kimi vəzifənin olması Xidmətlərin Əsasnamələrində birbaşa deyil, dolayı yolla göstərilmişdir. Belə ki, qeyd olunan Əsanamələrdə Xidmətlərin üzərinə qoyulmuş vəzifələr onun deməyə əsas verir ki, yerquluşu, mərzçəkmə və digər texniki işlərin aparılması kimi hərəkətlərin edilməsi torpaq sahələri dövlət reyesterində qeydiyyata alınanadək həyata keçirilir. Xüsusəndə DƏKÜRX-nın vəzifələrində fiziki şəxslər arasında deyil, bələdiyyə əraziləri torpaqlarının sərhədinin qonşularının döngə nöqtələrinin müəyyən edilməsi öhdəliyi var. Nəzərə alınmalıdır ki, qeyd olunan torpaq sahələri Quba rayon X4 18 noyabr 1998ci il tarixli 15 nömrəli Qərarı əsasında ayrılmış və vətəndaşların şəxsi mülkiyyətinə verilmişdir. Göründüyu kimi həmin torpaq sahələri iddiaçıların mülkiyyətinə verildiyi vaxt bələdiyyə institutu hələ təsis edilməmişdir. Bundan belə nəticəyə gəlmək olar ki, qeyd olunan torpaq sahələri bələdiyyə ərazisində yerləşmir. Eyni zamanda oda nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti öz xidməti vəzifəsinə görə tərtib etdiyi torpaq sahəsinin plan və ölçüsünün dəqiqliyinə məsuliyyət daşıyır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Qanunun 23.1-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göründüyü kimi qeyd olunan hərəkətlər cavabdeh təşkilatın özü tərəfindən edilə bildiyi tədqirdə cavabdeh təşkilat tərəfindən imtina üçün bəhanə gətirilir. Halbu ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görədə məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahələrinin plan və ölçü sənədləri Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən veridiyi üçün tələb olunan öhdəlikdə onun üzərinə qoyulmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, X5, X2, X3 və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayonunun Qaraçay kəndində yerləşən ümumi sahəsi 1,95 ha olan (DƏDRX-nin verdiyi çıxarışlar, plan və ölçü sənədi əsasındaqeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: 03.07.2018-ci il, sahəsi 0.727 ha olan və qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:03.07.2018-ci il, sahəsi 1.2189 ha olan torpaq sahələri) torpaq sahəsinin yerinin naturada təhkim aktı ilə tanıdılması vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar